Məhkəmə qərarları › İş №3(001)-694/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-694/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-694/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Quba rayon DYP-nin 12.02.2022-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Quba rayon DYP-nin 12.02.2022-ci il tarixli, İXP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyin ** KJ *** dövlət nömrə qeydiyyatlı, MERCEDES BENZ markalı maşınla ailəsi ilə birgə, həyat yoldaşını X3 və oğlum X7 ilə birlikdə 12.02.2022-ci il tarixində istirahət məqsədi ilə Quba rayonuna səfərə getmişdilər.12.02.2022-ci il tarixində Quba rayonunda Şah Dağ istirahət Qış Parkından istirahətdən qayıdan zaman 99YP962 Dövlət Qeydiyyat nişanlı avtomobil ona maşını saxlamağını əmr edti. Özünü təqdim etməyən polis əməkdaşı idarə etdiyi avtomobilin sənədlərini istəmişdir.O öz növbəsində nəqliyyat vasitəsinin lazım olan sənədlərini polis əməkdaşına təqdim etmişdir.Sənədlərin qaydasında olduğunu görən əməkdaş nə üçün avtomobildə maskadan (fərdi qoruyucu vasitəsindən) istifadə etmədiklərini bildirərək onu cərimə edəcəyini bildirmişdir.O isə avtomobildə yalnız öz ailə üzvlərinin olduğunu kənar şəxslərin olmadığını bildirdir.Hal-Hazırda, belə bir qaydanın olamdığı barədə öz etirazını bildirsə də, polis əməkdaşı bizdə belədir ( rəis tapşırıb kənar maşın gördünüz yazın) deyə ona cərimə yazacağını bildirmişdir. O, polis əməkdaşına hansı qərar əsasında cəriməni yazdığını, həmin qərarın artıq ləğv edildiyini maskanın yalnız qapalı məkanlarda və yad insanların əhatəsində olan zaman istifadə olduğunu bildirsə də, polis əməkdaşı «rəis bizə belə tapşırıq verib» deyə bildirdi. Polis əməkdaşının dediyindən belə çıxır ki, o, evdə də ailə üzvlərində bir yerdə olanda maskadan istifadə etməlidir.Görünür, Qanunun keşiyində duran dövlət polis əmədaşının nə tutduğu vəzifəsinin səlahiyyətindən nə Qanundan nə də ki, Nazirlər Kabinetinin qərarından xəbəri yoxdur.Yalnız və yalnız rəisin tapşırıqların rəhbər tutur.Daha sonra Polis əməkdaşı rəisin tapşırıqlarını rəhbər tutaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 12.02.2022-ci il tarixdə elektron qərar çıxarılmışdır.O, hesab edir ki, sözügedən qərar qanunsuz, əsassız və qeyri-obyektiv olduğundan ləğv edilməlidir.O, yuxarıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir.Buna görə də, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Şikayətçi və Quba rayon DYP-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, şikayətçi və İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon DYP-nin 12.02.2022-ci il tarixli, İXP ******* saylı qərarına əsasən məlum olur ki, 12.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə karantin rejimlərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tərkibi olmamışdır.Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabr ayının 19-da imzaladığı qərara əsasən həmin tarixdən Azərbaycan Respublikasında açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi müəyyən olunmuşdur.Lakin məhkəmə hesab edir ki, bu halda müəyyən istisnalar vardır.Məsələn: tək halda və açıq havada müvəqqəti olaraq (yemək yeyərkən, ağız suyun ifraz edərkən, siqaret çəkdiyi zaman, ailə üzvləri ilə avtomobildə olan zaman və sair kimi hallarda) maskanı bir qədər aşağı salmaq istisnalıq təşkil edir. Belə olan halda, avtomobildə olan şəxslər bir ailənin üzvləri olduğuna görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə cərimələnməsi barədə Quba rayon DYP tərəfindən tərtib olunmuş İXP ******* saylı, 12.02.2022-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Quba rayon DYP tərəfindən X10 barəsində qəbul edilmiş 12.02.2022-ci il tarixli, İXP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar