Məhkəmə qərarları › İş №3(001)-6959/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6959/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6959/2024 27.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Şəki rayonunun Köbər Zəyzid kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Köbər Zəyzid kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində göstərilən inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 26 dekabr 2024-cü il tarixdə, saat 12:30 radələrində Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasında səs-küy salaraq iş rejimini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs K.Q.Hüseyzadə izahatında göstərdi ki, 26 dekabr 2024-cü il tarixdə, saat 12:30 radələrində bir nəfər şəxs Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasına daxil olaraq orada səs-küy salmış, aqressiv hərəkətlər etmiş, polis əməkdaşları onu sakitliyə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmamış, onların qanuni iş rejimini pozmuşdur. Nəticədə polis əməkdaşları tərəfindən raport tərtib edilmiş və o, həmin raport əsasında hazırki protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf edərək, peşmanlıq hissi keçiridiyini bildirib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşıdır. 26 dekabr 2024-cü il tarixdə, saat 12:30 radələrində vətəndaş Şəxs DYPŞ-nin inzibati binasına daxil olmuş, orada DYP xidmətindən narazı olduğunu, “onların haqqında müvafiq tədbir görülməlidir” deyərək səs-küy salmış, aqressiv davranmış, polisin qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs dəfələrlə polis əməkdaşları tərəfindən sakitliyə dəvət edilmiş, Şöbəyə gəlmə səbəbini və hansı nəqliyyat vasitəsini idarə etdiyini soruşduqda, həmin şəxs daha da aqressivləşərək polisin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X1 şahid Vüqar İbadovun ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində bir nəfər şəxs DYPŞ-nin inzibati binasına daxil olaraq DYP-nin xidmətindən narazı olduğunu, “onların haqqında müvafiq tədbir görülməlidir” deyərək yüksək səslə Şöbənin normal iş fəaliyyətinə maneçilik törətmişdir. Həmin şəxs dəfələrlə sakitliyə dəvət edilmiş, Şöbəyə gəlmə səbəbini və hansı nəqliyyat vasitəsini idarə etməsi soruşularkən, o, daha da aqressivləşərək polisin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs xx.xx.2003-cü il təvəllüdlü Şəxsdur. - 26 dekabr 2024-cü il tarixli, AZA 019099 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 26 dekabr 2024-cü il tarixdə, saat 13:50-də inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan məsuliyyət yaranır. Lakin, İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər bu maddə ilə məsuliyyət yaradır. İşin faktiki halları ilə Şəxs Binəqədi RPİ-nin DYPŞ-də ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri öz təsqidini tapdığından, o, həmin maddənin sanksiyası həddində inzibati xəta üzrə məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır. Şəxs əməlini səmimi etiraf etməsi və peşmanlıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 4 gün müddətində inzibati həbs edilməli, tutulmasının əvvəli 26 dekabr 2024-cü il tarixdən, saat 13:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 04 (dörd) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 dekabr 2024-cü il tarixdən, saat 13:50-dən hesablansın. Onun barəsində həmin Məcəllənin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta üzrə icraata xitam verilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar