Məhkəmə qərarları › İş №3(001)-6960/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6960/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6960/2024 27.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Məmmədov Əli İlham oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4749/2023 nömrəli icra sənədinə əsasən Şəxs borc müqaviləsi üzrə 2100 manat əsas borc, dövlət rüsumuna görə 41 manat manat olmaqla cəmi 2141 manat pulun X3 ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi üzrə müəyyən edilmiş borc məbləği tam şəkildə ödənilməmiş, şəxs həmin borcu tam şəkildə tələbkara ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs çağırışlara gəlmədiyindən barəsində axtarış verilmiş və lakin sonuncu daha sonra könüllü gəldiyi üçün axtarışa xitam verilmişdir. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə olan borc vaxtında ödənilmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasına gələrkən müəyyən edilmişdir ki, borc üzrə 200 manat məbləğində pul əvvəlcədən, protokol təritb edilən gün isə yenidən 200 manat məbləğində ödəniş olmuşdur. Odur ki, icra məmuru yekun qərar qəbul edilərkən, məhkəmədən bu halların da nəzərə alınmağını xahiş etmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işi üzrə müəyyən edilmiş borcu ödəməkdən yayınmamışdır. O bu borcu toy xərcləri üçün almış, borc verənin istəyi ilə notarial qaydada borc müqaviləsi bağlanaraq təsdiqlənmişdir. Toydan bir gün sonra qayınanası tərəfindən toyda hədiyyə qismində yığılan pullarla borcun bir hissəsi, qalan hissəsi isə maaşından tutularaq ödənilmişdir. Səhvi ondan ibarət olmuşdur ki, borcu ödədiyi zaman ödənişə dair sənəd tələb etməmişdir. Buna baxmayaraq borclu ondan yenidən pulu tələb etmiş, o da məcbur qalaraq hər dəfə 200 manat olmaqla cəmi 400 manat pul ödəmişdir. Hal-hazırda işsiz olduğunu yaş yarımlıq övladının gözlərinin görmədiyini onun müalicəsi üçün ciddi maliyyə sıxıntısını çəkdiyini bildirərək, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4749/2023 nömrəli icra sənədindən görünür ki, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən borc müqaviləsi üzrə 2100 manat əsas borc, dövlət rüsumuna görə 41 manat manat olmaqla cəmi 2141 manat pulun X3 ödənilməsi qət edilmişdir.ödənilməsi nəzərdə tutulmüşdür.

5. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4749/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

6. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, . Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4749/2023 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.

7. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Şəxs barəsində barəsində axtarış elan edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, 297413/2023-1 nömrəli məktubdan görünür k, zərurət aradan qalxdığı üçün axtarışa xitam verilməsi xahiş edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

9. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

10. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

11. Məhkəmə iclasında Şəxs barəsində olan icra sənədi üzrə tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halı müəyyən edilməmişdir. Belə ki, Şəxs məhkəmədə barəsində olan icra işindən məlumatlı olmamış. İcra məmuru tərəfindən ona rəsmi qaydada hər hansı bir sənəd təqdim edilməmişdir.

12. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Belə ki, Şəxs məhkəmədə barəsində olan icra işindən heç bir məlumatının olmadığını, icra orqanına belə çağırılmadığını, illərdir Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh keçəsi ev 1 A, mənzil 21 yaşadığını, evinə heç bir bildiriş gəlmədiyini, barəsində olan icra işindən məlumatı oldmadığunu bildirmişdir. Bundan başqa Şəxs borcu toy xərcləri üçün aldığını, toydan bir gün sonra qayınanası tərəfindən toyda hədiyyə qismində yığılan pullarla borcun bir hissəsinin, qalan hissənin isə maaşından tutularaq ödənildiyini bildirmişdir. Buna baxmayaraq borclunun ondan yenidən pul tələb etdiyini, o da məcbur qalaraq hər dəfə 200 manat olmaqla cəmi 400 manat pul ödədiyini bildirmişdir.

13. Göründüyü kimi, icra məmuru tərəfindən “İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərar” və “Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildiriş”in borcluya göndərilməsi və borclunun alması barədə göstərdiyi sübutlar şəxsin izahatı ilə təkzib olunur və şəxsin barəsində olan icra sənədindən məlumatının olmadığını göstərir.

14. Həmçinin qeyd edilməlidir ki, İcra Haqqında Qanunun tələblərinə görə, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

15. Digər tərəfdən qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

16. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun.

17. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

18. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

19. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

20. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

21. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

22. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

23. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar