Məhkəmə qərarları › İş №3(001)-6963/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6963/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6963/2024 28.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 28 dekabr 2024-cü ildə saat 01:55-də Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Xəqani” petrolun yaxınlığında orta dərəcəli sərxoş vəziyyətdə yüksək səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, daha sonra ona yaxınlaşıb intizama dəvət edən X9 Alayının patrul bölüyünün polis nəfərləri X1 və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X6 tərəfindən 28 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək protokolun məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 28 dekabr 2024-cü ilə keçən gecə dostları ilə yeyib-içmiş, spirtli içki qəbul etmişdir. Restorandan çıxdıqdan sonra sərxoş vəziyyətdə olduğundan “Xəqani” petrolun yaxınlığında yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə ərazidə xidmət aparan X9 Alayının polis nəfərləri ona yaxınlaşaraq intizama dəvət etmişlər. Sərxoş vəziyyətdə olduğundan polislərin tələblərinə məhəl qoymamışdır. Aralarında mübahisə yaranmışdır. Əməlindən peşmandır. İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, ölkə başçısı tərəfindən bir neçə medalla təltif olunmasını nəzərə alıb ona həbslə bağlı olmayan tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 Alayının patrul bölüyünün polis nəfəri X3 izahatında göstərmişdir ki, Şəxs 28 dekabr 2024-cü ildə saat 01:55-də Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Xəqani” petrolun yaxınlığında orta dərəcəli sərxoş vəziyyətdə yüksək səslə nalayiq ifadələr işlətdiyi üçün ona yaxınlaşmışlar. Onu intizama dəvət etsələrdə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 Alayının patrul bölüyünün polis nəfəri X5 şahid T.Q.Garayevin izahatında uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X9 Alayının patrul bölüyünün polis nəfərləri X3 və X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs 28 dekabr 2024-cü ildə saat 01:55-də Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Xəqani” petrolun yaxınlığında orta dərəcəli sərxoş vəziyyətdə yüksək səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, daha sonra ona yaxınlaşıb intizama dəvət edən X9 Alayının patrul bölüyünün polis nəfərləri X1 və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs ilk dəfə bu xarakterli inzibati xəta törətməsini, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, müharibədə iştirakına görə bir neçə medalla təltif olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları və İXM-in 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ona inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmayan həddə cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə görə fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması inzibati qaydada tutma hesab olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 150 (yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar