Məhkəmə qərarları › İş №3(001)-6964/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6964/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6964/2024 28.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in DYPŞ-in Yol patrul xidməti inspektoru polis leytenantı X7, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 329.3, 333-1.1 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci Polis Bölməsindən və Binəqədi RPİ-in DYPŞ tərəfindən tərtib olunmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələri ilə 27 dekabr 2024-cü il tarixli İXP seriyalı № ******* saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə 28 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün xx.xx.2024-cü ildə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələri ilə Binəqədi RPİ-in DYPŞ tərəfindən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrilə Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən tərtib edilmiş 28 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola eyni vaxtda bir icraatda baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Sözügedən inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü ildə Bakı şəhəri Binəqədi rayonunda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq istehlak etmiş, xx.xx.2024-cü ilə keçən gecə saat 01:05-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla “Tofas Şahin minik” markalı 90KB569 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə - qurudulmuş marixuanadan istifadə edib sərxoş vəziyyətdə idarə etmiş, dayandırıldıqdan sonra ictimai qaydanın mühafizəsi vəzifəsini yerinə yetirmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymamış, uzun müddət qəsdən tabesizlik göstərmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 329.3, 333-1.1 və 535.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə Binəqədi rayonunda narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. xx.xx.2024-cü ilə keçən gecə saat 01:05-də “Tofas Şahin minik” markalı 90KB569 dövlət qeydiyyat nişanlı avtomobili qurudulmuş marixuanadan istifadə edib sərxoş vəziyyətdə idarə etmişdir. Yol patrul xidməti tərəfindən dayandırıldıqdan sonra polis əməkdaşlarının tələblərinə tabe olmuş, tabesizlik göstərməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in DYPŞ-in Yol patrul xidməti inspektoru polis leytenantı X10 bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsinin nasaz vəziyyətdə idarə etdiyi üçün 27 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində ona “saxla” işarəsi verilmiş, o, avtomobili saxlamışdır. Ona yaxınlaşıb özünü təqdim etdikdən sonra sürücünün ağzından kəskin spesifik iy gəldiyini hiss edib onun narkotik vasitə qəbul etməsindən şübhələnmişdir. Sürücüyə həkim müayinəsinə gedəcəklərini bildirmiş, lakin sürücü o, qapıları bağlayaraq avtomobildən düşməyəciyini demişdir. Uzun müddət tabesizlik göstərmiş, nəqliyyat vasitəsindən enməmişdir. Daha sonra isə avtomobildən düşüb, müxtəlif üsullarla həkimə getməkdən yayınmağa çalışmışdır. Dəfələrlə onu intizama dəvət etsələr də, nəticəsi olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X9 protokolun məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Binəqədi RPİ-in DYPŞ-in Yol patrul xidməti inspektoru polis serjantı X1 RPİ-in DYPŞ-in Yol patrul xidməti inspektoru polis leytenantı X7 izahatına uyğun izahat vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X2 dair xx.xx.2024-cü il tarixli 8009 nömrəli rəydən görünür ki, müayinə zamanı Şəxs götürülmüş sidik nümunəsində marixuana (THC+) aşkar edilmişdir. Rəyə əsasən Şəxs Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 1/1367 nömrəli Aktdan görünür ki, yoxlama zamanı Şəxs götürülmüş sidik nümunəsində marixuana aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 23:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 333-1.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokollar, raportlar, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin və şahidin izahatları və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in həmin maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh təyin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə, Ambulator X2 dair xx.xx.2024-cü il tarixli 8009 rəyi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətlərinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması səlahiyyətli orqanın səlahiyyətinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsi Binəqədi RPİ-in DYPŞ tərəfindən həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 23:40-dan hesablansın. İnzibati qaydada həbs edilmiş Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar