Məhkəmə qərarları › İş №3(001)-6965/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6965/2024

29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6965/2024 29.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş-leytenantı X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X13 tərəfindən Şəxs barəsində İXM-in 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X13 izahatında göstərdi ki, 26 dekabr 2024-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ əməkdaşları tərəfindən **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil konstruksiya nasazlığı əsası ilə saxlanılmış, avtomobilin sürücüsü X2 qəribə qoxu gəldiyi aşkar edildiyindən, o, polis bölməsinə dəvət edilmiş, bu zaman avtomobildə olan sərnişinlər, o cümlədən Şəxs yol patrul xidməti əməkdaşlarına etiraz edərək, X5 aparılmasına mane olmağa çalışmışlar. Buna görə polis əməkdaşları tərəfindən hadisə yerinə X14 Alayının patrul bölüyünün əməkdaşları çağrılmış, avtomobildəki hər üç şəxs 5-ci Polis Bölməsinə gətirilmiş, orada müəyyən edilmişdir ki, Şəxs həm də narkotik vasitə qəbul etmişdir. Bu fakt həm onun özünün etirafedici ifadəsi, həm də ekspert rəyi ilə öz təsdiqini tapdığından, tərəfindən hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan gün deyil, təxminən 15 gün əvvəl narkotik vasitə istifadə etmişdir. Lakin saxlanılan gün polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Sonda Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin DYPŞ-nin Yol- Patrul Xidməti inspektoru X3 ifadəsində göstərdi ki, 26 dekabr 2024-cü il tarixdə gecə saatlarında **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən onun işıqlarının yanmadığını görmüş, bu səbəblə avtomobili saxlatmışlar. X1 yaxınlaşan zaman sürücüdən qəribə pis qoxu gəldiyi aşkarlanmış, onun narkotik vasitənin təsiri altında olması şübhəsi yarandığından, sürücü Polis bölməsinə dəvət edilmişdir. Bu zaman həm sürücü, həm də avtomobildəki iki nəfər sərnişin, o cümlədən Şəxs avtomobildən düşərək onlara mane olmağa çalışmış, müqavimət göstərmişlər. Buna görə də, ərazirə patrul xidməti əməkdaşları çağırılmış və hər 3 şəxs 5-ci Polis Bölməsinə aparılmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 dekabr 2024-cü il tarixli, Binəqədi RPİ-nin DYPŞ-nin YPX əməkdaşları tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, “xx.xx.2024-cü il tarixdə inzibati ərazidə xidmət aparakən **-KB-*** d.q.n.-lı n.v.-nə işıq cihazından istifadə qaydasını pozduğuna görə tərəfimizdən “saxla” işarəsi verildi. Sürücüyə yaxınlaşıb özümü təqdim etdim. Sürücünün sənədləri yoxlanılan zaman X2 qəribə iy gəldiyini və özünü qeyri-adekvat apardığını müşahidə etdik. Sürücüyə sükan arxasını tərk etməsini bildirdikdə o, qapıları bağlayaraq “düşmürəm, nə deyirsən, eşidirəm” deyə bildirdi. Ona həkim müayinəsinə getmək üçün patrul maşınına əyləşməsini xahiş etdik. Sürücü bir müddət tabesizlik göstərdikdən sonra köməyə Çevik naryadı çağırdıq və sərnişinlər Şəxs, X8 dəfələrlə tabe olmağı və polisin qanuni tələbinə əməl etmələrini bildirsək də, onlar öz qanunazidd əməllərinə davam edirdilər. Köməyə gələn çevik naryadlarının vasitəsilə 5-ci PB-nə təhvil verdik...” - 26 dekabr 2024-cü il tarixli, X14 Alayının 2-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, “xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində xidmət apararkən YPX əməkdaşlarına köməyə yaxınlaşıb 3 nəfər vətəndaşın YPX əməkdaşlarına tabesizik etdiyini gördük, həmin vətəndaşlara yaxınlaşıb özümüzü təqdim etdik, vətəndaşları nizam-intizama dəvət etdik, vətəndaşlardan 2 nəfəri YPX əməkdaşlarına tabe oldular, 1 nəfər vətəndaş bizə tabesizlik etdiyinə görə 5-ci Polis Bölməsinə gətirdik, bölmədə məlum oldu ki, həmin şəxs Şəxsdur.” - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X11- Narkoloji Tibbi yoxlamanın 28 dekabr 2024-cü il tarixli, 8010 nömrəli rəyində göstərilmişdir ki, tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olundu. - 26 dekabr 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 26 dekabr 2024-cü il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuş və 28 dekabr 2024-cü il tarixdə saat 16:40-da azad edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını, şahid ifadəsini dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in həmin maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadəsi, tibbi rəy ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, onun barəsində daha ciddi xəta olan İXM-nin 206-cı maddəsi ilə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli qərarın qəbul edildiyi vaxtdan, yəni 29 dekabr 2024-cü il tarixdən saat 16:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 29 dekabr 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar