Məhkəmə qərarları › İş №3(001)-70/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-70/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-70/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X7 iştirakı ilə X7 Binəqədi rayon X17 Şöbəsinin polis leytenantı X11 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli, TP ******* saylı “inzibait tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon X17 Şöbəsinin polis leytenantı X11 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli, TP ******* saylı “inzibait tənbeh vermə haqqında” qərara əsasən, X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. O.A.Nuriyev həmin qərardan şikayət verərək, qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, 06 sentyabr 2024-cü il tarixdə, saat 16:15 radələrində O.A.Nuriyev idarə etdiyi “Mercedes Benz C240” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Mehdiabad istiqaməti ilə hərəkətdə olub yolun sola dönməyə icazə verilən yerindən sola dönərkən, arxadan onunla eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun əks hərəkət istiqamətinə çıxaraq onun avtomobilini sol tərəfdən ötmək istədikdə sonuncunun avtomobilinin sol tərəfindən toqquşmuşdur. Hadisənin baş verməsinə səbəbin “BMW” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını yolun əks hərəkət istiqamətinə çıxmaqla etməsi olduğu halda, Binəqədi rayon X17 Şöbəsinin polis leytenantı X11 hadisəni düzgün qiymətləndirməyərək, inzibati xətanın O.A.Nuriyev tərəfindən törədilməsi nəticəsinə gəlmiş və hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Həmin qərar O.A.Nuriyevə təqdim edildikdən sonra o, çoxsaylı şikayətlər etmiş, nəticədə şikayətinin araşdırılması Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Kamandar Ələsgərova həvalə edilmişdir. Təhqiqatçı hadisə yerinə baxış keçirmiş, kamera görüntülərini əldə etmiş, yol nəqliyyat hadisəsinin sxemini tərtib etmiş və 09 oktyabr 2024-cü il tarixdə qəbul etdiyi qərarla inzibati xətanın “BMW” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilməsi nəticəsinə gəlmişdir. Buna görə də, O.A.Nuriyev barəsində qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli, TP ******* saylı “inzibait tənbeh vermə haqqında” qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs O.A.Nuriyev şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, ilk öncə məhkəmə onu qeyd edir ki, 06 sentyabr 2024-cü il tarixdə baş vermiş, yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, “BMW” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 əməlində İXM-nin 327.1-ci maddəsinin tərkib hissəsi yarandığı üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-yə verilməsi qərara alınmışdır. Lakin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 6(001)-213/2024 saylı qərarına əsasən, Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmişdir. Məhkəmənin 18 dekabr 2024-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülmədən, yəni yol-nəqliyyat hadisəsinin digər iştirakçısının izahatı alınmadan, habelə Binəqədi rayon DYPŞ-nin polis leytenantı X11 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında qərar” və hər iki şəxsin inzibati xəta üzrə araşdırma zamanı verdikləri ifadələr nəzərə alınmadan sözügedən 09 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmiş, qərarda X5 əməlində İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi göstərişi verilmişdir. Halbuki, təhqiqatçı tərəfindən bu qərar qəbul edilərkən artıq Binəqədi rayon DYPŞnin polis leytenantı X11 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında qərar” mövcud olmuş və həmin qərar inzibati orqan və ya məhkəmə tərəfindən ləğv edilməmişdir. Göründüyü kimi, X3 rayon DYPŞ-nin polis leytenantı X11 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli, TP ******* saylı qərarı mübahisələndirərək, özünün təqsirli olmadığını iddia etdiyi halda, yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan X2 RPİ-nin TŞnin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı mübahisələndirərək, təhqiqatçı tərəfindən araşdırma aparılmasında iştirakının təmin edilməməsini, bu səbəbdən də hadisələrlə birtərəfli yanaşıldığını iddia etmişdir. Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 Orxan Alqayıd oğlunun şikayəti əsasında araşdırma zamanı hadisə yerinə baxış keçirmiş, yol kənarına quraşdırılmış video müşahidə kamerasının görüntüsünü maddi sübut kimi götürərək, “BMW” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobillə yolun əks istiqaməti ilə hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsinin baş verdiyi nəticəsinə gəlsə də, həmin avtomobilin sürücüsünü təhqiqat araşdırmasına cəlb etmədiyindən və Binəqədi rayon DYPŞ-nin polis leytenantı X11 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli, TP ******* saylı qərarın qüvvədə olduğunu nəzərə almadığından onun tərəfindən qəbul edilmiş 09 oktyabr 2024-cü il tarixli qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli şəxsin müəyyənləşdirilməsində ziddiyyətli mövqe olduğundan, hazırki şikayət qismən təmin edilməli, haqqında şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta hadisəsi üzrə toplanmış materiallar inzibati xəta hadisəsinin yenidən araşdırılaraq, təqsirli şəxsin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə göndərilməlidir. Məsələ ilə bağlı məhkəmə İXM-nin aşağıdakı maddələrini qeyd etməyi zəruri hesab edir: 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X7 Binəqədi rayon X17 Şöbəsinin polis leytenantı X11 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli, TP ******* saylı “inzibait tənbeh vermə haqqında” qərardan verdiyi şikayət qismən təmin edilərək, həmin qərar ləğv edilsin. Bu qərar 06 sentyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində “Mercedes Benz C240” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı və “BMW 320İ” minik markalı, **- DA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar