Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7177/2025 15.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 28 avqust 2025-ci il tarixli, EQ 30262203 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş 28 avqust 2025-ci il tarixli, EQ 30262203 nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. İXM-nin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. A.F.Axundov həmin qərardan şikayət verərək, qərarın ləğv olunmasını, təyin olunan cərimənin silinməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi “Toyota Aqua” markalı, **-DQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 27 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə hərəkətdə olarkən barəsində elektron qaydada protokol və qərar qəbul edilmiş, qərarda göstərilmişdir ki, güyə o, həmin vaxt 1.1, 1.3 və 1.11 xətlərinin tələblərini pozaraq əks istiqamətli yola çıxmışdır. Halbuki, həmin vaxt yolda tıxac olmuş, üfüqi nişanlanma xətti görünməz vəziyyətdə olmuş, yolun başlanğıcında isə bu barədə yol nişanı quraşdırılmamışdır. Həmin vaxt o, özü ilə eyni istiqamətdə hərəkətdə olan avtomobillərin arxasıyca getmiş, buna görə də, həmin yolun əks istiqamətli yol olduğunu anlamaq mümkün olmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs A.F.Axundov şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş qurum məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Hazırki halda iş materiallarında olan, inzibati xətanı qeydə almış fotoşəkillərdən X1 yol nişanlarının tələblərini pozduğunu, beləliklə də İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsini müəyyənləşdirmək mümkün olmadığından, eyni zamanda, inzibati xəta hadisəsi ilə bağlı əlavə sübutların təqdim olunması üçün Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ilə müraciət olunsa da, məhkəməyə heç bir əlavə sübutun təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, hazırki şikayət qismən təmin edilməli, haqqında şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta hadisəsi üzrə toplanmış materiallar inzibati xəta hadisəsinin yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Məsələ ilə bağlı məhkəmə İXM-nin aşağıdakı maddələrini qeyd etməyi zəruri hesab edir: 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 28 avqust 2025-ci il tarixli, EQ 30262203 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərardan şikayəti qismən təmin edilsin, həmin qərar ləğv edilərək, iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-7177/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7177/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver