Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7179/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Şəxs, AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Ştq, Sahil qəsəbəsi, ev 11, mənzil 2, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən Şəxs fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələr normadan artıq olmuşdur. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus, Qoşqar küçəsi sakini Saleh Məmmədovun yaşadığı evin yaxınlığında yerləşən beton zavodun tozunun narahatlıq yaratması barədə Nazirliyin 168 çağrı mərkəzinə və mailto:info@eco.gov.azElektron ünvan elektron poçt ünvanına daxil olmuş şikayəti Nazirliyin X6 Monitorinq İdarəsinin mütəxəssisləri ilə birgə tərəflərindən yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar vətəndaşın yaşadığı evin yaxınlığında yəni Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən Şəxsnə məxsus beton zavodunda atmosfer havasına atılan toz hissəciklərinin miqdarını təyin etmək məqsədilə müvafiq ölçmə - monitorinq işləri həyata keçirilmişdir. Monitorinq nəticələrinə görə atmosferə atılan toz hissəciklərinin miqdarı PM 2.5-33.8 mkq/m3 (norma:25 mkq/m3), PM 10-171.1 mkq/m3 (norma:50 mkq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normadan artıq olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs təsisçisi X3 yazılı izahat verərək, qeyd olunan ünvanda beton zavodu işlətdiyini, istehsal zamanı əmələ gələn tozun qarşısının alınması məqsədilə qurğunun quraşdırılacağını bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpus ünvanında 3 zavod fəaliyyət göstərir, zavodlardan yalnız Şəxs MMC-də yoxlama aparılmışdır. Tozun miqdarının həcminin ölçülməsi texniki vasitə ilə zavodun ətrafında aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, onlar protokolla razı deyillər. İlk növədə qeyd edilməlidir ki, vətəndaşın şikayəti əsasında xx.xx.2025-ci il tarixdə xəta aşkar edilsə də, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bununla da, Azərbaycan Respublikası İXM-in 101-ci maddəsində nəzərdə tutulmuş tələb pozulmuşdur. Bundan başqa, yoxlama sahibkarlıq sahəsində aparılmalı, müvafiq məlumat reyestrində qeydə alınmalı idi. Lakin bununla bağlı heç bir çıxarış və ya reyestr mövcud deyildir. Həmçinin, tozun miqdarını ölçən xüsusi texniki vasitənin inzibati xətanın aşkar edilməsində onun göstəricisi, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar iş materiallarında aşkar edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, mübahisəli ərazidə 3 zavod fəaliyyət göstərir, digər zavodlarda da monitorinq aparılmadan ətrafa atılan zərərli maddələrin miqdarının normadan artıq olması yalnız Şəxs MMC-nin fəaliyyətindən qaynaqlandığı müəyyən oluna bilməzdi. Burdan belə qənaətə gəlmək olar ki, iş üzrə inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, nümayəndənləri dinləyib, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Saleh Nurməmmədov tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli qaynar xəttinə edilmiş müraciətdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus, Qoşqar küçəsi ərazisində beton zavodu var, toz-torpaq sakinləri narahat edir. Bununla bağlı tədbir görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsi və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Fətəli Eyyubov, Natiq Rəsulov və Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən Şəxs ətraf ərazisində saat 20:10-dan 20:40-dək ekoloji monitorinq keçirilmişdir. Aeroqual səyyar cihaz vasitəsilə toz çirklənməsi ölçüldü. Ölçmənin nəticələrinə görə həmin ərazidə toz PM 2.5-33.8 mkq/m3 (norma:25 mkq/m3), PM 10-171.1 mkq/m3 (norma:50 mkq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Əraziyə vizual baxış zamanı toz çirklənməsi müşahidə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Nümayəndə və Murad Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus, Qoşqar küçəsi sakini Saleh Məmmədovun yaşadığı evin yaxınlığında yerləşən beton zavodun tozunun narahatlıq yaratması barədə Nazirliyin 168 çağrı mərkəzinə və mailto:info@eco.gov.azElektron ünvan elektron poçt ünvanına daxil olmuş şikayəti Nazirliyin X6 Monitorinq İdarəsinin mütəxəssisləri ilə birgə tərəflərindən yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar vətəndaşın yaşadığı evin yaxınlığında yəni Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən Şəxsnə məxsus beton zavodunda atmosfer havasına atılan toz hissəciklərinin miqdarını təyin etmək məqsədilə müvafiq ölçmə - monitorinq işləri həyata keçirilmişdir. Monitorinq nəticələrinə görə atmosferə atılan toz hissəciklərinin miqdarı PM 2.5-33.8 mkq/m3 (norma:25 mkq/m3), PM 10-171.1 mkq/m3 (norma:50 mkq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normadan artıq olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs təsisçisi X3 yazılı izahat verərək, qeyd olunan ünvanda beton zavodu işlətdiyini, istehsal zamanı əmələ gələn tozun qarşısının alınması məqsədilə qurğunun quraşdırılacağını bildirmişdir. X1 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatdan görünür ki, beton zavodu 2 ildən artıqdır ki, həmin ərazidə fəaliyyət göstərir. X2 evi beton zavoda yaxın yerləşdiyindən istehsalat zamanı əmələ gələn toz normadan artıq olmuşdur. Qeyd olunanların nəzərə alınmasını, istehsal zamanı əmələ gələn tozun qarşısının alınması məqsədilə qurğunun quraşdırılacağını bildirmişdir. KS0001705/25 nömrəli Kalibrlənmə sertifikatından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsinin istifadə etdiyi ölçmə vasitəsi olan toz və qaz detektorunun tipi “Aeroqual Ranger” olmaqla kalibrləmə tarixi xx.xx.2025-ci ildir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4.1-ci maddəsinə əsasən Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. 4.2. Yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2. sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3. yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; 4.2.4. sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi; 4.2.5. yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu; 4.2.6. eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması; 4.2.7. yoxlamanın təşkili və aparılması barədə normativ hüquqi aktların və digər məlumatların sahibkar üçün açıqlığı; 4.2.8. yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 4.2.9. qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.10. yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi; 4.2.11. yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı; 4.2.12. yoxlamalar sahəsində risklərin idarə olunması sisteminin və yoxlama suallarının siyahısının tətbiqi; 4.2.13. yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi; 4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi; 4.2.15. yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sahibkarlıq subyektlərində aparılan istənilən yoxlama, o cümlədən monitorinq xarakterli tədbir, yoxlamaların Vahid Məlumat Reyestrində dövlət qeydiyyatına alınmalıdır. Qanunun 3.1-ci maddəsində açıq şəkildə göstərilir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparıla bilər, 3.2-ci maddəsinə görə isə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamalar hüquqi nəticə doğurmur və belə yoxlamaların nəticələri əsasında heç bir məsuliyyət tədbiri tətbiq edilə bilməz. Bu tələbin məqsədi sahibkarların qanuni maraqlarının qorunması, yoxlamaların şəffaf və hesabatlı qaydada aparılması, eyni zamanda dövlət nəzarət orqanlarının fəaliyyətinə nəzarətin təmin edilməsidir. Reyestrdə qeydiyyatın aparılmaması yoxlamanın qanuniliyini şübhə altına alır və həmin yoxlamadan əldə edilən nəticələri etibarsız sübut statusuna salır. Hazırkı iş üzrə materiallardan göründüyü kimi, Şəxs MMC barəsində aparılan monitorinq tədbiri barədə Vahid Məlumat Reyestrinə hər hansı müraciət və ya çıxarış təqdim edilməmiş, bununla da, yoxlamanın qanuni əsasları təsdiqlənməmişdir. İkincisi, məhkəmə iclasında müəyyən olundu ki, inzibati protokolda göstərilən monitorinq ölçmələri Şəxs MMC-nin istehsal ərazisində deyil, müəssisənin çölündə yaşayış massivinə yaxın kənar ərazidə aparılmışdır. Halbuki, həmin ərazidə fəaliyyət göstərən üç istehsal müəssisəsi mövcuddur. Bu halda, atmosfer havasında toz hissəciklərinin normadan artıq olmasının mənbəyinin konkret olaraq Şəxs MMC-yə məxsus istehsal fəaliyyəti ilə bağlı olması sübuta yetirilməmişdir. Ətraf mühitə atılan zərərli maddələrin faktiki qaynağını müəyyənləşdirmək üçün məkan dəqiqliyi, yəni ölçmələrin birbaşa müəssisənin emissiya mənbəyində və ya istehsal qurğusunun yaxınlığında aparılması zəruridir. Lakin təqdim edilən monitorinq materiallarında ölçmələrin aparıldığı dəqiq nöqtə, koordinat və məsafə göstərilməmiş, yaxınlıqdakı digər zavodların emissiya səviyyələri müqayisə olunmamış, habelə havadakı tozun tərkib analizi (məsələn, sement tozu və ya başqa mənşəli toz olub-olmaması) aparılmamışdır. Beləliklə, ətraf mühitə atılan maddələrin məhz Şəxs MMC-nin fəaliyyəti ilə əlaqəli olduğu hüquqi baxımdan müəyyən edilməmişdir. Üçüncüsü, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, yalnız müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitə hesab olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə isə, bu xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda və qərarda qeyd edilməlidir. Hazırkı işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Monitorinq İdarəsi tərəfindən atmosfer havasında tozun miqdarını ölçmək üçün “Aeroqual Ranger” tipli toz və qaz detektorundan istifadə edildiyi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş KS0001705/25 nömrəli Kalibrlənmə sertifikatından görünür ki, həmin cihazın kalibrləmə (metroloji yoxlama) tarixi xx.xx.2025-ci ildir. Halbuki, inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə qeydə alınmış və ölçmə işləri də həmin tarixdə aparılmışdır. Bu isə o deməkdir ki, ölçmə aparılan zaman cihaz hələ kalibrlənməmiş, yəni metroloji sınaqdan keçməmişdir. Nəticə etibarilə, belə bir cihazın göstəriciləri İXM-in 81.1 və 81.3-cü maddələrinin tələblərinə cavab vermir və xüsusi texniki vasitə statusuna malik deyil. Belə olan halda, həmin vasitə ilə aparılmış ölçmələrin nəticələri etibarlı sübut kimi qiymətləndirilə bilməz və inzibati məsuliyyətin əsaslandırılmasında istifadə oluna bilməz. Dördüncüsü, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə isə, yalnız işin hallarının və ya şəxsiyyətin müəyyən edilməsi üçün əlavə aydınlaşdırma tələb olunduğu hallarda bu müddət inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək uzadıla bilər. Hazırkı iş üzrə materiallardan görünür ki, Şəxs MMC-nin fəaliyyəti ilə bağlı monitorinq xx.xx.2025-ci il tarixdə aparılmış, lakin inzibati xəta haqqında protokol yalnız xx.xx.2025-ci il tarixdə, yəni 14 gün sonra tərtib edilmişdir. İş materiallarında bu gecikmənin səbəblərini əsaslandıran heç bir sənəd, akt və ya izahat yoxdur. Nə müəssisə haqqında əlavə məlumatların aydınlaşdırılması, nə də başqa inzibati araşdırmanın aparılması faktı sübut olunmamışdır. Belə olan halda, protokolun bu qədər gec tərtib edilməsi İXM-in 101.1 və 101.2-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu pozuntu yalnız prosessual xarakter daşımır, həm də inzibati məsuliyyətin hüquqi əsası olan sübutetmə ardıcıllığını pozur. Nəhayət məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan tərəfindən hüquqi şəxs barəsində AR İXM-in 233.1-ci maddəsi ilə protokol tərtib edilsə də, inzibati məsuliyyətin tətbiqi üçün təkcə atmosferə atılan zərərli maddələrin miqdarının ölçülməsi kifayət deyil, inzibati orqan həm də sübut etməlidir ki, həmin miqdar mövcud qanunvericiliklə müəyyən edilmiş yol verilə bilən normativləri aşmışdır. Bunun üçün inzibati orqan tərəfindən konkret normativ əsas, yəni hansı qayda, standart və ya normativ-hüquqi aktla bu həddin müəyyən edildiyini göstərməli olsa da, buna əməl edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən iş üzrə inzibati xəta hadisəsinin tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7179/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7179/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver