Məhkəmə qərarları › İş №3(001)-7186/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7186/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7186/2025 24.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şəxs protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3967/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 saxlanması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11559/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 103 manat məbləğində alimentin miqdarı artırılmış, cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Bundan sonra həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(001)-232/2025 saylı qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3967/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclunun 2473 manat məbləğində aliment borcu yaranmışdır. İcra şöbəsində borclunun izahatı alınmış, borcu ödəməsi təklif edilmiş, hazırda işləmədiyini, maddi imkanı olmadığından borcu birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Elektron icra Sistemində borclunun adına daşınar və daşınmaz əmlak, əmək müqaviləsi, pensiya və digər ödənişlər aşkar edilməmişdir. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İcra məmuru A.Ə.Əhmədov verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkarın bank kartında həqiqətən də müəyyən problemlər olmuş, yeni kart məlumatlarını borclunun şəxsən özünə təqdim etmək imkanı olmadığına görə onun ailə üzvünə - anasına təqdim etmişdir. Hazırda borclu tərəfindən 996 manat aliment ödənişi edilmişdir. Qalıq borc məbləği 1477 manat təşkil edir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 3967/2018 saylı icra vərəqəsinə əsasən hər ay 154 manat məbləğində alimenti heç bir gecikmə olmadan tələbkara ödəmiş, hər hansı problem yaratmamışdır. Həmin məhkəmənin 2025-ci ildə qəbul etdiyi indeksasiya ilə bağlı qərardan sonra alimentin məbləği birdən-birə 339 manata yüksəldi. Bundan sonra o, artıq həmin məbləği ödəməkdə çətinlik çəkməyə başladı. Həmin qərardaddan şikayət versə də, yuxarı instansiya məhkəməsi həmin qərardadı dəyişdirmədən qüvvədə saxladı. Daha sonra ona izah edildi ki, əgər o, maddi vəziyyəti ilə əlaqədar alimenti ödəyə bilmirsə alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət edə bilər. O da bununla bağlı Şəki Rayon Məhkəməsinə iddia ilə bağlı müraciət etdi, lakin iddiası təmin edilmədi və həmin qətnamə də yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanıldı. O, heç vaxt aliment ödəməkdən yayınmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmənin aliment məbləğinin indeksasiyası ilə bağlı qərarından sonra o, hər ay 154 manat məbləğində alimenti ödəmək istəsə də, tələbkarın bank kartında problem olmuş, ödənişi həyata keçirə bilməmişdir. Yeni kartla bağlı isə ona hər hansı məlumat verilməmişdir. Buna baxmayaraq o, həmin ödəməli olduğu məbləği bu günə qədər saxlamışdır. İcra məmuru tələbkarın yeni bank kart məlumatlarını təqdim etdiyi an o tələbkara 996 manat ödəniş etmişdir. O, aliment ödənişindən yayınmır, alimentlə bağlı qalıq borcunu da qısa müddət ərzində ödəyəcəkdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3967/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 saxlanması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11559/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 103 manat məbləğində alimentin miqdarı artırılmış, cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3967/2018 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3967/2018 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-232/2025 saylı qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3967/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. Müxtəlif bank təşkilatlarının Binəqədi rayon icra şöbəsinə ünvanladığı məktublardan görünür ki, Şəxs adına hər hansı bank hesabı aşkar edilməmişdir. Şəxs Binəqədi rayon icra şöbəsində verdiyi izahatında işsiz olmadığından aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Borclu tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, tələbkara 996 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmənin qənaətinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xətanın törətməsi tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyət yalnız icra sənədindəki tələbin icra məmurunun müəyyən etdiyi müddətdə üzrsüz səbəbdən yerinə yetirilmədiyi hallarda yaranır. Hazırki halda isə borclu Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-3967/2018 saylı icra sənədini məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(001)-232/2025 saylı qərardadı qəbul edilənədək davamlı və müntəzəm şəkildə icra etmiş, tərəflər arasında bununla bağlı hər hansı mübahisə olmamışdır. Məhkəmənin həmin qərarından sonra ödənilməli alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. Borclu da bu qərardadla razılaşmamış və həmin qərardadı mübahisələndirmiş, daha sonra isə alimentin azaldılması ilə bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Göründüyü kimi, borclu tərəfindən xx.xx.2018-ci il tarixli icra sənədi üzrə öhdəliklər fasiləsiz icra edilib, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş yeni məbləğ isə borclu tərəfindən qanuni mübahisələndirmə predmetinə çevrildiyindən, üzrsüz səbəbdən icra edilməmədən söhbət gedə bilməz. Sual yarana bilər ki, borclu məhkəmənin alimentin indeksasiyası ilə bağlı qərarını mübahisələndirdiyi dövrdə ən azı müəyyən edilmiş 154 manatlıq ödənişləri həyata keçirə bilərdi. Lakin məhkəmədə təsdiq olunmuşdur ki, borclu ödənişləri həyata keçirmək niyyətində olmuş, lakin tələbkarın bank kartında yaranmış problem səbəbindən bu mümkün olmamışdır. Yeni kartın məlumatları isə ona vaxtında şəxsən təqdim edilmədiyindən ödənişlərin köçürülməsi mümkün olmamışdır. Borclu bu müddət ərzində məbləği başqa məqsədlərə istifadə etməmiş, əksinə həmin pulu saxlamış və icra məmuru tərəfindən yeni rekvizitlər təqdim edilən andaca 996 manat birdəfəlik ödəniş etmişdir. Bu hal onun aliment öhdəliklərindən yayınmadığını, əksinə icra etmək niyyətini qoruduğunu göstərir. Borclu həmçinin qalan borcun da qısa müddətdə ödəniləcəyini bəyan etmişdir. Beləliklə, İXM-in 528.1-ci maddəsinin tətbiqi üçün tələb olunan ən vacib hüquqi tərkib – xüsusilə qəsd və üzrsüzlük elementləridir ki, hazırki işdə də bu halların heç biri öz təsdiqini tapmamışdır. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 3967/2018 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar