Məhkəmə qərarları › İş №3(001)-7187/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7187/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7187/2025 24.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində avtopatrulda xidmətdə olarkən yol patrul xidməti əməkdaşları **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla işarəsi vermişlər. Sürücü saxla əmrinə tabesizlik görsədərək qaçmağa başlamışdır. Həmin avtomobili hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmisi oğlu X8 idarə etmiş, yol patrul xidməti əməkdaşları X7 müşahidə etmişlər, həmin şəxs yaşadığı ünvana qədər nəqliyyat vasitəsini saxlamamış, yalnız yaşadığı evin qarşısında avtomobili saxlamışdır. Həmin vaxt X2 olması müəyyən edilmişdir. Bundan sonra X5 həkim müayinəsindən keçməyi tələb edilsə də, sürücü etiraz edərək polislərlə mübahisə etmişdir. Mübahisə zamanı sürücünün əmisi oğlu olan Şəxs yaşadığı evdən çıxıb polisin qanuni fəaliyyətinə müdaxilə etməyə çalışmış, ondan qeyd olunan hərəkətləri dayandırmaq tələb edilsə də, sonuncu polisin qanuni tələbinə tabe olmamışdır. YPX əməkdaşları tərəfindən X10 Alayının naryadını köməyə çağırmışlar və sözügedən şəxslər 7-ci Polis Bölməsinə gətirilmişdir. Tərtib olunmuş raportlar onun icraatına daxil olmuş və tərəfindən araşdırılma aparılmış, nəticədə Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, yaşadığı ünvanda futbola baxdığı zaman küçədən səs gəldiyini eşitmiş, məhləyə çıxdıqda isə əmisi oğlu X6 Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıldığını görmüş və həmin əməkdaşlara X6 veteran olduğunu bildirməklə sonuncunun buraxılmasını xahiş etmişdir. O, heç bir nalayiq ifadə işlətməmiş, nə də əl-qol hərəkətləri etməmişdir. O, həmin zaman içkili olmuş və sadəcə əmisi oğlunun polislər tərəfindən aparılmamasını istədiyi üçün hadisəyə müdaxilə etmişdir. O, başa düşür ki, əmisioğlu qanunpozuntusuna yol verib və bununla bağlı tədbir görülməlidir. Hətta polislər gəldikdən sonra özü də bölməyə getmək istəyində olmuşdur. Ancaq çağırılmış çevik polis əməkdaşları gəldikdə, YPX əməkdaşları onun da aparılacağını bildirmişlər. Bundan sonra o, bölməyə aparılmasına etiraz etmişdir. Çünki onun avtopatrula əyləşdirilməsinə heç bir zərurət yox idi, onsuz özü də əmisi oğlunun arxasınca bölməyə gedirdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X9 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 00:00-01:00 radələrində **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla işarəsi vermişlər, lakin sürücü tələbə tabe olmayaraq yaşadığı ünvana qədər avtomobili saxlamamış, yalnız yaşadığı ünvana çatdıqda avtomobili saxlamışdır. Həmin yerə qədər onlar məsafədən sürücünü müşahidə etmişlər. Yaşadığı ünvana çatdıqda avtomobilin sürücüsü düşüb, qaçmağa cəhd etmiş, lakin o, dərhal patrul avtomobilindən enib gedərək həmin sürücünü qucaqlayaraq saxlamışdır. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maykada çölə çıxaraq onun gödəkçəsindən tutub dartaraq qanuni fəaliyyətlərinə müdaxilə etməyə çalışmış, əmisi oğlunun veteran olduğunu bildirib, məhləyə nə əsasla gəlmələrini soruşaraq aqressiv şəkildə danışmışdır. Bütün münaqişəni yaradan elə əslində Şəxs olmuş, avtomobilin sürücüsü əvvəlcə tabe olmuşdu. Şəxs hay-küy salaraq bütün küçə camaatını oraya toplamışdır. Qeyd olunan hərəkətlərinə görə X13nın əməkdaşları hadisə yerinə gəldikdə Şəxs da bölməyə təmin olunmalı olduğunu bildirmişlər, bundan sonra şəxs daha da aqressivləşmiş, hətta avtopatrul olan “Doblo” markalı nəqliyyat vasitəsinə təpik vurmuşdur. Bütün həyətin camaatı Şəxs sakitləşdirməyə çalışsa da, bacara bilməmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs nalayiq ifadə işlətməmiş, lakin ümumi tabesizlik etmiş, fəaliyyətlərinə müdaxilə etməmək barədə onların tələbinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:25-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:31də müayinədən keçmiş və sonuncuda “orta dərəcə” alkoqol sərxoşluğu müəyyən edilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilməklə müəyyən edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü Nərmin Abbaslı, xx.xx.2011-ci il tarixli Heydər Abbaslı, xx.xx.2018-cu il tarixli Tuncay Abbaslı adlı 3 övladı var. Məhkəməyə təqdim edilmiş video-görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, polis əməkdaşları Şəxs avtomobilə əyləşərək bölməyə getməyi tələb edilsə də, Şəxs müqavimət göstərməklə nəqliyyat vasitəsinə əyləşməkdən imtina etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokol İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə əsaslı olsa da, həmin Məcəllənin 510-cu maddəsi ilə olan hissədə isə əsassızdır. Məhkəmə ilk növbədə Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qeyd edir ki, həmin maddəyə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətlərinə yol verilməmiş, sonuncu polis əməkdaşları tərəfindən əmisi oğlunun saxlanılmasına etiraz etmişdir. Hadisənin şahidi olmuş YPX əməkdaşı da Şəxs hər hansı nalayiq ifadə işlətməməsini, sadəcə tabesizlik göstərməsini bildirmişdir. Belə olan halda, Şəxs əməlində qeyd olunan maddə ilə inzibati xəta tərkibi istisna olunur. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına və tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. Bu fakt həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün, həm də şahidin izahatı, iş materiallarında olan video-görüntülər, raportlar ilə öz təsdiqini tapır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə avtomobili idarə etmiş əmisi oğlunun YPX əməkdaşları tərəfindən saxlanılması zamanı sonuncular arasında baş vermiş mübahisəni eşidərək evdən həyətə çıxmış, öz xidməti vəzifələrini həyata keçirən polis əməkdaşlarına əmisi oğlunun veteran olmasını bildirməklə aparılmamasını istəmiş, müdaxilə etməməyi barədə polis əməkdaşları tərəfindən ona yönələn tələbə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, hadisə yerinə gələn X13 tərəfindən isə bölməyə aparıldığı zaman daha sərt şəkildə etiraz etmiş, patrul avtomobilinə əyləşdirilən zaman ciddi müqavimət göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, “Polis haqqında” Azərbyacan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. YPX əməkdaşları öz xidməti fəaliyyətləri çərçivəsində qanuni şəkildə sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsi nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırmaqla zəruri prosessual hərəkətləri həyata keçirməyə çalışmışlar. Belə olan halda, Şəxs YPX əməkdaşlarının fəaliyyətinə müdaxiləsi yolverilməzdir və sözügedən hərəkətləri dayandırmaq barədə həmin şəxsə yönələn tələb qanuni olmuşdur. Buna baxmayaraq, Şəxs həmin tələbə məhəl qoymamışdır. Bundan başqa Şəxs göstərilən inzibati xətanı törətməsi səbəbindən polis bölməsinə aparılması zərurəti yaranmış, lakin yenə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polisin qanuni tələbinə tabe olmayaraq nəqliyyat vasitəsinə əyləşməkdən sərt şəkildə müqavimət göstərməklə imtina etmişdir. Odur ki, məhkəmə göstərilən hərəkətləri ilə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs himayəsində 4 yetkinlik yaşına çatmayan övladının olmasını məhkəmə sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunması mümkün hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Şəxs 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 31.4-1ci maddəsi nəzərə alınmaqla inzibati cərimə edilməli, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48, 48-51, 61, 73, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar