Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7192/2025 21.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Ştq, Binəqədi şossesi, ev 5, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 54.999 (əlli dörd min doqquz yüz doxsan doqquz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 54.999 (əlli dörd min doqquz yüz doxsan doqquz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli ərizədə qısa idxal bəyannaməsinin olduğu qeyd edilsə də, cari tarixə sistemdə belə bir sənədin olduğu müəyyən edilmir. Qısa idxal bəyannaməsi mövcud olsa belə, bu, müvafiq malların ölkəyə idxal edildiyi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan sənəddir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iclasınadək qısa idxal bəyannaməsi təqdim edildiyi halda, yəni 2 il müddət keçdikdən sonra müvafiq mallar ölkəyə idxal olunarsa malların barəsində inzibati icraat aparılan şəxsin təqsirinin olubolmaması səbəbindən gecikmə ilə ölkəyə idxal edilməsi məsələsinə hüquqi qiymətin verilməsini məhkəmənin mülahizəsinə buraxır, işə baxılıb yekun qərar qəbul edilənədək müvafiq malların idxalını təsdiq edən yük gömrük bəyannaməsi təqdim edilməzsə, inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə yenidən məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, **********5623 sorğu nömrəli yük gömrük bəyannaməsi inzibati xəta üzrə ödənişin həyata keçirildiyi 22/15 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə ilə eynilik təşkil etsə də, bəyannamə üzrə idxal olunan mallar qanunla müəyyən edilmiş 2 illik müddətdən xeyli müddət - 42 gün keçdikdən ölkə ərazisinə daxil olub. Belə ki, xx.xx.2023-cü il tarixli ödənişə görə müvafiq mallar ən geci xx.xx.2025-ci il tarixində ölkə ərazisinə daxil olmalı idi. Bununla yanaşı, həmin bəyannamə nəzərə alınsa belə, bu hal "xxxx" MMC-ni inzibati məsuliyyətdən tam azad etmir. Belə ki, bəyannamə dəyəri olan 40958.40 ABŞ dolları ödəniş məbləği olan 54999.00 ABŞ dollarından çıxıldıqda 14040.60 ABŞ dolları bəyan olunmamış məbləğ qalır. Qeyd olunanları nəzərə alaraq, **********5623 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə ölkəyə müvafiq malların gec daxil olmasının "xxxx" MMC-nin təqsiri ucbatından baş verdiyi məhkəmə tərəfindən müəyyən edildiyi halda, həmin hüquqi şəxsin barəsində 54999.00 ABŞ dolları ödənişə görə inzibati tənbeh tətbiq edilməsini xahiş edir, adıçəkilən malların ölkəyə gec daxil olmasının "xxxx" MMC-nin təqsiri ucbatından baş verdiyi müəyyən edilməzsə, həmin bəyannamənin nəzərə alınması və "xxxx" MMC-nin barəsində yalnız 14040.60 ABŞ dolları ödənişə aid hissədə inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir və inzibati xəta haqqında işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, qabaqcadan 54999 ABŞ dolları məbləğində ödəniş aparılmaqla alınmış mallar ölkəyə qısa müddət ərzində tam idxal ediləcəkdir. Belə ki, artıq həmin ödənişdən 40.958,4 ABŞ dolları məbləği həddində mallar ökləyə idxal olunmuş və bu da **********5623 nömrəli gömrük bəyannaməsi ilə tam şəkildə təsdiq olunmuşdur. Mərkəzi bankın nümayəndəsinin vurğuladığı 42 gün gecikmə isə qarşı tərəfin səhlənkarlığı ucbatından olmuşdur. Belə ki, qarşı tərəf malları göndərməkdən imtina etməklə yanaşı ödəniş vəsaitini də geri qaytarmaq istəmirdi. Malların gec gəlməsi onların fəaliyyətinə də ciddi şəkildə ziyan vurmuşdur. Ona görə də bu hal şirkət olaraq onların marağında ola bilməzdi. Nəhayət, çoxsaylı danışıqlardan sonra gecikmə olsa da, mallar ölkəyə idxal edilmişdir. Qalan məbləğ – 14.040,6 ABŞ dolları (54.999-40958,4) məbləğinin qarşılığında isə idxal olunan mallar artıq sərhəddədir. Bu halın nəzərə alınmasını və inzibati xəta haqqında işin icraatına İXM-in 53.1.1-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Satıcı “Aventus Tekstil. Gıda və İnşaat Limited Şirketi” və Alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 22-15 nömrəli müqavilədən görünür ki, satıcı razılaşmada göstərilən məhsulları satmağı, alıcı isə dəyərini ödəyib qəbul etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs "xxxx" MMC 54.999 (əlli dörd min doqquz yüz doxsan doqquz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən 54999 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən həmin bankda olan müvafiq hesabdan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 54999 ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. xx.xx.2025-ci il tarixli **********5623 sorğu nömrəli yük gömrük bəyannaməsindən görünür ki, “Aventus Tekstil. Gıda və İnşaat Limited Şirketi” tərəfindən "xxxx" MMC-yə göndərilmiş malların ümumi dəyəri 40958,4 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi X3 28 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İşin qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, müqavilə üzrə ümumi dəyəri 54999 ABŞ dolları olan malların 40958,4 ABŞ dolları məbləğindəki hissəsi gecikmə ilə olsa da nəticə etibari ilə ölkəyə daxil olmuşdur. Lakin qalan 14.040,6 ABŞ dolları qarşılığında malların hazırda sərhəddə olması barədə hüquqi şəxs tərəfindən iddia irəli sürülsə də, bu barədə hər hansı rəsmi təsdiqləyici sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə həmin iddianı sübuta yetirilməmiş sayı, yəni malların faktiki mövcudluğu barədə etibarlı sübutlar təqdim edilmədiyindən məsələni MMC-nin xeyrinə qiymətləndirmir. Belə olan halda 14.040,6 ABŞ dolları (54.999-40958,4) vəsait hesabına alınan malların ölkəyə idxal ediləcəyi ilə bağlı əsaslı hər hansı sübut təqdim olunmağından bu hal hüquqi şəxsin məsuliyyətə cəlb edilməsini aradan qaldırmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həcmində - 2808,12 ABŞ dolları məbləğində (məzənnə üzrə 4.773,8 AZN) cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7192/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7192/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver