Məhkəmə qərarları › İş №3(001)-7194/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7194/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7194/2025 21.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru X4, X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, “X8 xx.xx.2025-ci il tarixində Bakı şəhər Azadlıq pr. 181 ünvanında təxminən saat 14:00 radələrində şəxsi avtomobilinin içərisində yuxulamışdır. Bu zaman mülki formada bir şəxs ona yaxınlaşaraq ona demişdir ki, o, polis kapitanıdır və bu ərazisinin əməliyyatçısıdır. Həmiş şəxsin adı Elgün Dünyamalıyev idi. Həmin şəxs ona tütün məlumatını yerə atmasını bildirmişdir. O buna etiraz edərək tütün məmulatını yerə atmadığını, avtomobilin içərisində yatdığını bildirmişdir. Onun dayandığı yer Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının düz qaşısı olmuş, orada təhsil alan tələbələr tənəffüs zamanı çıxaraq həmin yerdə siqaret çəkirlər. Həmin o yerdə tütün məmulatları çox idi. Onun avtomobilinin yaxınlığında, ümumilikdə hər tərəfdə çoxlu sayda tütün məmulatları var idi. Həmin mülki formada olan polisə bildirməyinə baxmayaraq onu şərləyərək protokol tərtib etmək üçün polis sahə inspektoru X6 həmin yerə çağırmış və onu mülki avtomobillə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə aparmışlar. Bu barədə protokol tərtib edərək onu hədələyərək dərhal ödəməyini tələb etmişlər, yoxsa 2 sutka saxlanılacağını demişlər. Nəticədə məcbur qalaraq cəriməni ödəmişdir. Şöbədə yazdığı izahatında da tütün məmulatını yerə atmadığını bildirmişdir. Adını çəkdiyi polis əməkdaşları heç bir sübut olmadan onun barəsində haqsız yerə protokol tərtib etmişlər. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir.” Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, siqaret çəkmədiyi, avtomobilin içərisində yatdığı zaman ona mülki formada bir nəfər polis əməkdaşı yaxınlaşaraq yerdə olan siqaret kötüklərinin onun tərəfindən atılmasını bildirmişlər. Lakin o razılaşmadığı halda həmin polis əməkdaşı sahə inspektoru olan X6 çağırmış və onu bölməyə aparmışlar. Bölmədə ona təzyiq edilərək dərhal cəriməni ödəmədiyi təqdirdə 48 saat saxlanılacağını bildirmişlər. Oda həmin təzyiqlərdən qurtulmaq üçün məcbur qalaraq cəriməni ödəmişdir. Halbuki, onun anası onkoloji xəstədir və həmin pul onun anasının dərman pulu idi. Bölmədə olan zaman ondan izahat alınarkən də izahatında yerə siqarət atmadığını, ümumiyyətlə həmin yerdə siqarət çəkmədiyini bildirmişdir. Ondan məcburi qaydada əsasız olaraq yazılmış cərimənin ödənilməsi tələb edildiyi üçün məcbur olaraq həmin cəriməni elə həmin gün ödəmiş, onu buraxdıqları günün səhərisi gün prokuroluğua da müraciət etmiş, prokuroluqdan da ona məhkəməyə müraciət etmək hüququnun olması barədə cavab verilmişdir. Hadisə günü həmin yerdə bütün ətrafda siqarət kötüklərinin olmasını təsdiq edən videogörüntü qeydə almışdır. Həmin götürnütləri də hazırda məhkəməyə təqdim edir. Odur ki, məhkəmədən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru X9 bildirmişdir ki, şöbənin digər əməkdaşı Elgün Dünyamaliyevin şəxsin tütün məmulatını yerə atmasını müəyyən etmiş və o, sahə inspektoru olaraq əraziyə çağırılmışdır. Gəldiyi zaman şikayətçi avtomobilin içərisində olmuş və avtomobilinin qapısının ətarfında siqaret kötükləri olmuş, o soruşduğu zaman Fuad Baxşəliyev ona siqaretin tərəfindən çəkildiyini bildirmişdir. Dərhal elektron şəkildə inzibati xəta haqqında protokol tərtib etmiş və şəxslə birlikdə protokolun təsdiq edilməsi üçün bölməyə gəlmişlər. Fuad Baxşəliyev hətta ilk başda ona “protokolumu yaz gedim” demişdir. O, bölməyə getməyin zəruri olduğunu bildirmişdir. X3 barəsində inzibatəi xəta haqqında protokol tərtib edilərkən alınmış izahatının və eyni zamanda onun həmin inzibati xətanı törətməsini təsdiq edən sübutları (foto və ya videogörüntüləri) məhkəməyə təqdim edib-edə bilməyəcəyi barədə verilmiş suallara cavab olaraq X5 izahatını alıb-almamasını dəqiq xatırlamadığını, onun siqarət çəkməsini və çəkdiyi siqareti ətrafa atmasını bilavasitə özünün aşkar etmədiyini, ona digər polis əməkdaşları tərəfindən məlumat verildiyini, lakin hansı əməkdaşın ona məlumat verdiyini hazırda xatırlamadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-nin 212.4-cü maddəsini törətməkdə təqsirli bilinib, 300 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş qeydiyyat haqqında arayışdan görünür ki, X8 ona təyin edilmiş 300 manat məbləğində inzibati cəriməni xx.xx.2025-ci il tarixdə elektron qaydada ödəmişdir. Məhkəmə iclası zamanı şikayət vermiş şəxsin təqdim etdiyi video-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, X5 barəsində protokol tərtib edildiyi yerin ətrafında çoxsaylı siqarət kötükləri mövcuddur. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X5 İXM-nin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məkhəmə iclası zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2025-ci il tarixdə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə inzibati cərimə edilmiş, lakin sonuncu həmin qərardan məhkəməyə şikayət verərək qəbul edilmiş qərarın qanunsuz olmasını, istinad edilən əməlin onun tərəfindən törədilməməsini bildirmişdir. Məhkəmə iclasına protokol tərtib etmiş sahə inspektoru dəvət edilmiş, lakin sahə inspektorunun göstərdiyi xüsusatlarda X5 həmin əməli törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən protokol tərtib etmiş şəxs sahə inspektoru məhkəmə iclasına dəvət edilmiş, lakin inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutları sahə inspektoru məhkəməyə təqdim edə bilməmiş, verilmiş suallara cavab olaraq da törədilməsi qeyd edilən inzibati xətanı da bilavasitə özünün deyil, digər polis əməkdaşlarının aşkar edilməsini bildirsə də, həmin polis əməkdaşlarının kimliyi barədə heçnə xatırlamadığını qeyd etmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə X5 İXM-nin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə iş materiallarını tədqiq edən zaman müəyyən etmişdir ki, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar eyni tarixdə, yəni 24 sentyabr 2025-ci il tarixdə, saat 14:52-də qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş qeydiyyat haqqında arayışdan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında ona təyin olunmuş 300 manat məbləğində cəriməni elektron ödəmə sistemi vasitəsilə ödəmişdir. Göründüyü kimi X8 cərimə edildiyi xx.xx.2025-ci il tarixdə də cəriməni ödəmişdir ki, bu hal məhkəmədə əsaslı şübhə doğurmuşdur. X2 1 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə hazırki şikayət ərizəsini məhkəməyə təqdim etmişdir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda X5 İXM-in 212.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmir, buna görə də, o inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X5 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qərar qanuni qüvvəyə mindikdən sonra onun tərəfindən xx.xx.20255-ci il tarixdə ödənilmiş 300 manat vəsait dövlət büdcəsindən X7 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X8 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra X8 tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş 300 manat vəsait dövlət büdcəsindən ona geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar