Məhkəmə qərarları › İş №3(001)-7197/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7197/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7197/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1, Hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Şəxs, AZ1052, Bakı şəhəri, Binəqədi rayonu,Əliyar Əliyev küçəsi, ev 108, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-54824/2025 saylı məktub göndərilərək, 7 iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilsə də, poçtun izlənilməsinə baxış zamanı məktubun çatdığını, xx.xx.2025-ci il tarixinədək sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 protokolu müdafiə etdi və əlavə olaraq bildirdi ki, Şəxs MMC idarəyə xx.xx.2025-ci il tarixli məktubu xx.xx.2025-ci il tarixdə, yəni 7 iş günü müddəti keçdikdən sonra təqdim etmişdir. Bu da şikayət edən vətəndaşın müraciətinin vaxtında araşdırılmasına ciddi əngəl yaratmışdır. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, protokolda sənədlərin tam təqdim edilməməsi qeyd olunsa da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin məktubunda qeyd olunan sənədlər tam şəkildə Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 0635 nömrəli məktuba əlavə edilərək göndərilmişdir. Ona görə də hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 X3 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli, **********.113194 nömrəli müraciətindən görünür ki, o, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulması ilə bağlı şikayət etmişdir. Şikayətində xx.xx.2022-ci il tarixdən sözügedən MMC-də əmək müqaviləsində qeyd edilən iş saatlarından artıq əmək fəaliyyətinə cəlb olunduğunu, lakin əlavə iş saatlarına görə ödəniş edilmədiyini, may ayı üzrə əmək haqqının az ödənildiyini bildirmiş və qeyd etdiyi halların araşdırılmasını xahiş etmişdir. SS929307565AZ nömrəli poçt göndərişinin izlənilməsi barədə çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-54824/2025 saylı məktub xx.xx.2025-ci il tarixdə sonuncuya çatdırılmışdır. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 0635 nömrəli məktubdan görünür ki, X2 xx.xx.2022-ci il tarixində Şəxs MMC-nin Qaradağ bölgə direktorluğunda satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə mağazanın müdir müavini, xx.xx.2025-ci il tarixdə isə baş satıcı vəzifəsinə keçirilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Eyni zamanda bildirilmişdir ki, Elvin Hüseynzadə əmək funksiyasına aid olmayan işlərdə çalışmamış və əmək haqqı qanunvericiliyə uyğun çalışdığı müddətə görə hesablanıb ödənilmiş, bu barədə təsdiqedici sənədlər 12 vərəqdə məktuba əlavə olunmuşdur. Qeyd olunan məktub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış məktub MMC tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, sonuncu tərəfindən xx.xx.2025-ci il tarixdə cavab məktubu tərtib olunmuş, xx.xx.2025-ci il tarixdə isə cavab məktubu X3 Xidmətinə çatdırılmışdır. Məhkəmə qeyd edir ki, Şəxs MMC-nin mövqeyi hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Belə ki, hərçənd məktub xx.xx.2025-ci il tarixində tərtib olunmuş olsa da, onun X3 Xidmətinə yalnız xx.xx.2025-ci il tarixdə, yəni müəyyən edilmiş 7 iş günü bitdikdən xeyli sonra təqdim edilməsi qanunvericiliyin məqsədinə ziddir. Qanunverici tərəfindən 7 iş günü kimi konkret müddətin müəyyən edilməsinin əsas məqsədi formal sənəd dövriyyəsini deyil, əmək hüquqlarının operativ müdafiəsini təmin etməkdir. Bu müddət işəgötürənə tələb olunan məlumatların hazırlanması və təqdim olunması üçün obyektiv və yetərli zaman verir, eyni zamanda işçinin pozulmuş hüququnun bərpa prosesini gecikmədən başlatmağa imkan yaradır. Əgər hər bir işəgötürən cavabı istədiyi qədər gecikdirməklə bu müddəti formallığa çevirsə, nəzarət mexanizmi öz mahiyyətini itirər, hüquqların müdafiəsi isə vaxt etibarilə mənasızlaşar. Bu baxımdan, məktubun xx.xx.2025-ci il tarixində tərtib olunması, lakin yalnız xx.xx.2025-ci il tarixində təqdim edilməsi qanunvericinin nəzərdə tutduğu “vaxtında təqdimetmə” şərtinin açıq pozulmasıdır. Beləliklə də, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxsnə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar