Məhkəmə qərarları › İş №3(001)-7199/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7199/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7199/2025 25.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6632/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. İcra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixdə icra sənədi Füzuli rayon İcra və Probasiya Şöbəsindən aidiyyəti üzrə Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu Şəxs ölkədən getmək hüququnun icra sənədi icra edilənədək məhdudlaşdırılması barədə məhkəməyə təqdimatla müraciət olunmuşdur. Borclunun hazırda 4350 (dörd min üç yüz əlli) manat məbləğində aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar X5 aliment ödənişlər olunan kartı bir neçə dəfə dəyişdiyindən və kart hesabına dair bankdan çıxarışı təqdim etmədiyindən, cavabdeh isə öz növbəsində etdiyi ödənişlərə dair bütün qəbzləri icra orqanına təqdim etmədiyindən yığılmış borcun məbləğini dəqiq müəyyən etmək mümkün olmamış, yalnız borclu tərəfindən təqdim edilmiş bəzi qəbzlər əsasında aliment borcu hesablanaraq inzibati xəta haqqında protokola qeyd aparılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, müəyyən gecikmələr olsa da, hər ay aliment ödənişi edir, sonuncu dəfə 15 sentyabr 2025-ci il tarixdə 300 manat məbləğində ödəniş etmişdir. Borcu olduğu təqdirdə ödəniş etməyə hazırdır. Qeyd olunan borc məbləğinin nəyə əsasən müəyyənləşdirildiyi də ona məlum deyil. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahat verərərək bildirmişdir ki, borclu yalnız son 1 ildir ki, aylıq 300 manat məbləğində aliment ödənişi edir. Lakin daha əvvəllər ona yalnız xırda məbləğlərdə ödəniş etmişdir. Borclu, yalnız o icra məmuruna müraciət etdikdə aliment öhdəliyini icra edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6632/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. xx.xx.2021-ci il tarixli Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan olunmuşdur. xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Binəqədi rayon Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-974/2025 nömrəli qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6632/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Şəxs hər ay hər uşaq üçün tutulan 175 manat sabit pul məbləğində tutulan alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmuşdur. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, borclu Şəxs tərəfindən tələbkara cəmi 1200 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6632/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməli olsa da, Şəxs icra vərəqəsi üzrə ödənişləri etməkdən yayınmış və aliment öhdəliklərini dərhal və tam həcmdə etməli olduğu halda, yalnız son dövrlərdə aliment öhdəliyini icra etmiş, əvvəllər yığılmış aliment borcunu ödəməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar