Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7205/2025 26.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Laçın rayonunun Tiğik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonunun Tiğik kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində göstərilən inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 tərəfindən tərtib edilmiş 26 sentyabr 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 26 sentyabr 2025-ci il tarixdə, saat 11:45 radələrində idarə etdiyi avtomobillə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yükdaşıma qaydalarını pozduğuna və avtomobili nasaz olduğuna görə saxlanılıb duracağa təmin olunan zaman polisin qanuni tələblərinə riayət etməmiş, nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs A.İ.Zeynalov çıxışında göstərdi ki, 26 sentyabr 2025-ci il tarixdə, saat 11:45 radələrində X2 yol patrul xidməti əməkdaşları yükdaşıma qaydalarını pozmaqla və nasaz olan “VAZ-2106” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, sürücüdən sənədləri tələb etsələr də, sürücü, yəni Şəxs heç bir sənəd təqdim etməmiş, əksinə uca səslə nalayiq ifadələr səsləndirməyə başlamışdır. Buna görə də, hadisə yerinə Post-Patrul Xidməti bölüyü əməkdaşları çağırılmış, Şəxs 40-cı Bölməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, həmin tarixdə yol polisi əməkdaşı onu saxlamış, avtomobilinin üzərində əlavə yük olması əsası ilə avtomobilin duracağa aparılacağını demişdir. O isə etiraz edərək, səbəbin bildirilməsini tələb etmişdir. Həmin vaxt söyüş söyməmiş, tabesizlik göstərməmişdir. Lakin əraziyə əlavə polislər çağırılmış və o, Bölməyə aparılmışdır. Məhkəmədən göstəirlənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti bölüyünun yol patrul xidməti inspektoru, polis baş serjantı X1 ifadəsində göstərdi ki, 26 sentyabr 2025-ci il tarixdə, saat 11:45 radələrində Şəxs idarə etdiyi avtomobili yüklənmədə qanun pozuntusuna yol verilməsi əsası ilə saxlamış, avtomobilin nasaz olduğunu müəyyən edib onun duracağa aparılmasını bildirdikdə, Şəxs söyüşlər söyməyə başlamış, avtomobili təhvil verməsi ilə bağlı tələblərinə tabe olmamışdır. Buna görə də, əraziyə Post Patrul Xidməti Bölüyü əməkdaşları cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş 26 sentyabr 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:40 radələrində radiorabitə vasitəsilə bildirilmişdir ki, X6 Xidmətinə köməklik lazımdır. Biz də həminy erə yaxınlaşdır. 687 saylı ypx inspektorları bizə bildirdi ki, “VAZ 2106” markalı nəqliyyat vasitəsini saxlamışlq, sürücü tabe olmur, bizə nalayiq ifadələr işlədir. Biz də həmin vətəndaşa yaxınlaşaraq özümüzü təqdim etərək həmin vətəndaşa qanunları izah etdikdən sonra onu PB-yə dəvət etdik... - 26 sentyabr 2025-ci il tarixli, AZA 13535 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 26 sentyabr 2025-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs əməllərində İXM-nin göstərilən maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, iş materiallarında olan raport və şahid ifadəsi ilə öz təsdiqini tapır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə İXM-nin 34.3 və 31.4-1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün müəyyən edilmiş cərimə cəzasının maksimum həddi 200 manat olduğundan, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq, hesab edir ki, Şəxs 150 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-7205/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7205/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver