Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7213/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərəm oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2025-ci il tarixində etibarnamə əsasında idarə etdiyi X1 məxsus “BMW X5” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu, Abay Kunanbayev küçəsində gecə saat 01:15 radələrində maşını yolun kənarında olan park yerində parklanma edib saxlamış və maşının pəncərələrini qaldıran zaman qarşıdan gələn **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti maşınla DYP-nin əməkdaşı ona yaxınlaşaraq içkili olub olmadığını yoxlamışdır. Lakin xx.xx.2025-ci il tarixdə “SMS Radar.az” vasitəsi ilə gələn bildirişdən xx.xx.2025-ci il tarixdə 327.3 (müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi) maddəsi ilə barəsində İXP ******* saylı protokol tərtib edilmiş və sistemə bunu 9 gün sonra yükləmişlər. Lakin belə bir hadisənin olmamışdır. 23 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında İXP ******* saylı protokola əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 100 manat 4 bal cərimə tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, gecə saat 01:30 radələrində yol patrul xidməti əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxt o, avtomobili keçmiş “Azərbaycan Beynəlxalq Universitet”in yaxınlığında yol kənarında park edilmiş vəziyyətdə saxlamış, hərəkətdə olmamışdır. YPX inspektorları odan spirtli içki qəbul edib etmədiyini soruşmuş, o, spirtli içki içmədiyini demişdir. O, spirtli içki içib-içməməsinin müəyyən edilməsi üçün həkim müayinəsindən keçmək istədiyini demiş, YPX inspektorları bundan imtina etmiş, həmin vaxt aralarında mübahisə yaranmışdır. Bundan sonra o, YPX əməkdaşı ilə avtomobilə əyləşib Nərimanov rayonu ərazisində olan duracağa getmiş, protokola onları istədiyi formada izahat yazacağını demişdir. Avtomobili duracağa qoyulduqdan sonra o, özü müayinədən keçib sənəd almışdır. xx.xx.2025-ci il tarixə qədər maşın qanunsuz şəkildə, buraxılış vərəqəsi ola-ola, cərimə meydançasında saxlanılmışdır. xx.xx.2025-ci ildə maşının buraxılması ilə bağlı gpstəriş verilmiş, həmin tarixdə də sistemə xx.xx.2025-ci il tarixlə bağlı 100 manat cərimə vurulmuşdur. Onun spirtli içki içərək nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı protokol məhkəməyə göndərilmiş, lakin geri qaytarılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, park vəziyyətində olan avtomobilin şüşələrini qaldıran zaman YPX inspektorları ona yaxınlaşmışdır. Həmin vaxt o, sərxoş vəziyyətdə olmamış, buna görə də həkim müayinəsindən keçirilməsini tələb etmişdir. YPX inspektorları ona protokolu bildirdikləri formada yazmasını dedikləri üçün o, içkili olduğunu yazmış, hətta bir dəfə əsəbiləşib protokolu cırmışdır. O, ümumiyyətlə spirtli içkilərdən istifadə etmir. YPX inspektorları onu həkim müayinəsinə aparmadan içkili olması ilə bağlı protokol tərtib etdiklərinə o, qaçmağa cəhd göstərmiş, lakin saxlanılmışdır. Onun barəsində İXM-in 327.3-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Ona görə də, məhkəmədən barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X5 izahatında bildirmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, sürücü Naib İsmayılov təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX inspektoru tərəfindən saxla işarəsi verimişdir. YPX inspektoru sürücüyə yaxınlaşdıqda spirtli içki qoxusu hiss edib, sürücü özü də spirtli içki içdiyini etiraf etmişdir, alkotester vasitəsilə müayinə olunmuşdur. Naib İsmayılov barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən avtomobildən düşüb qaçmışdır. Həmin vaxt YPX inspektorları onun arxasınca qaçıb, saxlamışlar. Naib İsmayılovun YPX inspektorlarından qaçması ilə bağlı raport tərtib edilmiş, inzibati araşdırma aparılmışdır. Naib İsmayılovun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi ilə bağlı protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. X6 YPX inspektorlarından qaçması ilə bağlı İXM-in 327.3 maddəsi ilə protokol tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X3 şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan YPX Alayının inspektorları raportla müraciət edərək bildirmişlər ki, həmin tarixdə Binəqədi rayonu, Abay Kunanbayev küçəsində xidmətə olarkən “BMW” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəməri taxmadan nəqliyyat vasitəsini idarə etdiyini və parkalanma yerinə yaxınlaşdığını görmüşlər. Onlar sürücüyə yaxınlaşdıqdan sonra kəskin spirtli içki qoxusunun gəldiyini hiss edib, alkotester müayinəsindən keçirmişlər. Sürücünün sərxoş vəziyyətdə olması müəyyən edilmiş, protokola və müayinə aktına imza atması bildirildikdə avtomobildən düşüb qaçmış, onlar sürücünün arxasınca qaçıb saxlmışlar. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “BMW” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinin pozulması faktı ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 01:15-də “BMW X5” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 01:15-də “BMW X5” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirməyərək İXM-in 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 327.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 01:15-də “BMW X5” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində saxladıqdan sonra Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan YPX Alayının inspektorları sonuncuya yaxınlaşmış, sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilən vaxt sonuncu qaçmağa cəhd göstərmişdir. Qeyd edilənlər Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan YPX Alayının inspektorları tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli raportla, məhkəmədə verilmiş izahatlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi X4 tərəfindən İXMin 327.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi əməli törədilmədiyi, əməlində həmin inzibati xəta tərkibi olmadığı halda Naib İsmayılovun barəsində Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 100 manat məbləğində cərimə edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-7213/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7213/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver