Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7218/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, İcra sənədləri üzrə tələbkarlar X5 və X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də qurğu operatoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 29 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs 5 ədəd icra sənədi üzrə borcunu ödəməkdən yayınmış, ümumi borcu 700000 manat təşkil edir. Belə ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 25 fevral 2017-ci il tarixli, 7E-4537 reyestr nömrəli icra qeydində (bundan sonra “Birinci icra sənədi”) Şəxs cəmi 5697,5 manat pulun X2 xeyrinə tutulması göstərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(007)-450/2017 saylı icra vərəqəsinə (bundan sonra “İkinci icra sənədi”) əsasən, Şəxs 225000 ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə) və 30 manat dövlət rüsumunun X1 xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(007)-3230/2017 saylı icra vərəqəsinə (bundan sonra “Üçüncü icra sənədi”) əsasən Şəxs 140000 ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə) və 30 manat dövlət rüsumunun X5 xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(007)- 2869/2019 saylı icra vərəqəsinə (bundan sonra “Dördüncü icra sənədi”) əsasən, Şəxs 25035,1 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun X6 xeyrinə tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(007)- 1072/2023 saylı icra vərəqəsinə (bundan sonra “Beşinci icra sənədi”) əsasən, Şəxs 60000 manat pul vəsainin və 270 manat dövlət rüsumunun X4 xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə iclasında icra məmuru X7 çıxışında göstərdi ki, həmin icra sənədləri 2025-ci ilin sentyabr ayında aidiyyəti üzrə Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, 25 sentyabr 2025-ci il tarixdə ümumi icraatda birləşdirilmiş, borclunun adına avtomobil, daşınmaz əmlak, habelə bank hesablarında pul vəsaitinin olub-olmamasına dair sorğular verilmiş, borclunun "xxxx" MMC-də qurğu operatoru işlədiyi, aylıq əmək haqqının 400 manat olduğu müəyyən edilmişdir. 29 senyabr 2025-ci il tarixdə İcra Şöbəsində verdiyi izahatında borclu tələbkarlara ödənilməsi nəzərdə tutulan məbləğləri birdəfəyə ödəmək imkanının olmadığını bildirmiş, borcun əmək haqqında yönəldilməsini xahiş etmişdir. 700000 manatın 400 manat əmək haqqının bir hissəsindən tutulmaqla ödənilməsi ağılasığmaz olduğundan, borclu barəsində hazırki protokol tərtib edilmişdir. Protokolu müdafiə edir, borclu barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, o, bocunu qəbul edir, lakin borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Buna görə də, protokolla razı deyildir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxışında göstərdi ki, icra sənədləri Binəqədi rayon İcra Şöbəsinə göndərildikdən sonra sorğu verilməkdən başqa heç bir icra hərəkəti aparılmışdır. Belə olan halda, hazırki protokolun tərtib olunması üçün əsas yoxdur. Sonda Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 izahatında göstərdi ki, borclu 7 ildir ki, borcunu vermir, hətta ona hədə-qorxu da gəlmişdir. Borclunun hərəkətlsizliyi nəticəsində o, öz evini satmış, hazırda kirayədə yaşamağa məcbur olmuşdur. Hazırda borclunda pulunu tələb edir. Məhkəmə iclasında tələbkar X8 izahatında göstərdi ki, indiyədək ona cəmi 400 manat pul ödənilmişdir. Hazırda pulunun tam olaraq ödənilməsini tələb edir. İş materiallarından görünür ki, Birinci icra sənədi üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən 20 iyun 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixli “tələbin könüllü icrasına dair” bildirişlə birlikdə borcluya göndərilmişdir. İkinci icra sənədi üzrə Nizami rayon İcra Şöbəsində 12 iyul 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 13 dekabr 2023-cü il tarixdə icra işi aidiyyəti üzrə Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, 19 dekabr 2023-cü il tarixdə həmin İcra şöbəsində icraata qəbul edilmişdir. Üçüncü icra sənədi üzrə Nizami rayon İcra Şöbəsində 06 oktyabr 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 13 dekabr 2023-cü il tarixdə icra işi aidiyyəti üzrə Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, 19 dekabr 2023-cü il tarixdə həmin İcra şöbəsində icraata qəbul edilmiş, 11 sentyabr 2025-ci il tarixli qərarla aidiyyəti üzrə Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Dördüncü icra sənədi üzrə Nizami rayon İcra Şöbəsində 26 dekabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Beşinci icra sənədi üzrə Nizami rayon İcra Şöbəsində 21 avqust 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 13 dekabr 2023-cü il tarixdə icra işi aidiyyəti üzrə Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, 19 dekabr 2023-cü il tarixdə həmin İcra şöbəsində icraata qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 3(010)- 2211/2025 saylı qərarına əsasən, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 20 gün müddətə inzibati qaydada həbs edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 8(010)- 495/2025 saylı qərardadına əsasən, Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun 25 sentyabr 2025-ci il tarixli qərar ilə hər 5 icra sənədi bir icraatda birləşdirilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs "xxxx" MMC-də qurğu operatoru işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. İcra məmuru tərəfindən 24 sentyabr 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə, DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə sorğu ilə müraciət edilərək, borclunun mülkiyyətində müvafiq olaraq avtomobil, daşınmaz əmlak və ya bank saxlancı əmlakını olub-olmaması barədə məlumat tələb olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Sözügedən Qanunun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İş materaillarından görünür ki, borclu Şəxs barəsində olan 5 icra sənədi Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun 25 sentyabr 2025-ci il tarixli qərar ilə bir icraatda birləşdirilmiş, xx.xx.2025-ci il tarixdə borclunun gəlirlərinin və əmlak vəziyyətinin müəyyən edilməsi üçün müvafiq sorğular verilmiş, xx.xx.2025-ci il tarixdə isə sorğulara cavab alınmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan və borclunun məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, Şəxs "xxxx" MMC-də qurğu operatoru işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi hazırki halda icra sənədləri 2025-ci ilin avqust-sentyabr ayları ərzində Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuş, 25 sentyabr 2025-ci il tarixdə bir icraatda birləşdirilmiş, bundan sonra icra məmuru tərəfindən məcburi icra tədbirləri olaraq müvafiq qurumlara sorğu ilə müraciət edilsə də, həmin sorğulara cavab alınmamış, bununla da tələbin yönəldilə biləcəyi əmlakın olub-olmaması dəqiqləşdirilməmiş, ümumiyyətlə bu sorğuların verilməsindən başqa hər hansı icra tədbirinin aparılmasına dair sübuta iş materiallarında rast gəlinməmişdir. İş materialları ilə borclunun icra məmurunun çağırışlarından yayınması ilə bağlı hallar da müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 29 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-7218/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7218/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver