Məhkəmə qərarları › İş №3(001)-7225/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7225/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7225/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X22 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X3, Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X9 nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17, AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, X8 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, şəxslə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixli mülki-hüquqi müqavilə bağlanılmışdır. X1 Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X5 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 vətəndaş Ülviyyə Şeydayeva ilə görünüş üçün mülki hüquqi (podrat) müqaviləsi bağlamaqla, faktiki olaraq sonuncunu konkret olaraq PİOD operatoru vəzifəsinə qəbul etməklə, ona aylıq əmək haqqı ödəməklə onunla faktiki əmək münasibətlərinə daxil olmuşdur. Bu da qeyd edilməlidir ki, eyni müəssisədə Ülviyyə Şeydayeva ilə eyni vəzifədə işləyən digər işçilərlə əmək müqaviləsi bağlandığı halda, yalnız sonuncu ilə mülki hüquqi müqavilə bağlanmışdır. Əmək Müfəttişliyi hesab edir ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsi faktiki olaraq fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmiş, beləliklə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən müəssisə barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola etiraz edirlər. Çünki, müəssisənin balansında olan dəzgahlara texniki qulluğa ehtiyac olması səbəbi ilə müəssisə ilə fiziki şəxs X13 arasında xx.xx.2025-ci il tarixli “Mülki hüquqi (podrat) müqaviləsi” imzalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində müəssisə ilə Ülviyyə Şeydayeva arasında sifarişçi-icraçı münasibətləri qurulmuşdur və həmin Müqavilə əsasında Ülviyyə Şeydayeva tərəfindən dəzgahlara texniki qulluq göstərilmişdir. Ülviyyə Şeydayeva tərəfindən texniki qulluq göstərilən dəzgahlara texniki qulluğun göstərilməsinə olan ehtiyacın aradan qalxması səbəbi ilə Ülviyyə Şeydayeva tərəfindən göstərilən xidmətlərə xitam verilməsinə ehtiyac olmuş və Mülki Müqavilənin 9.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixində həmin müqaviləyə xitam verilmişdir. Belə ki, sözügedən müqavilənin ona xitam verilməsi qaydasının müəyyən edildiyi bəndə əsasən işin dayandırılmasına ehtiyac olduqda tərəflər iki həftə qabaq biri digərinə məlumat verməlidir. Müqavilənin qüvvədə olduğu müddət ərzində müəssisə ilə Ülviyyə Şeydayeva arasında heç bir halda işçi-işəgötürən münasibətləri mövcud olmamış, tərəflər arasında mülki hüquq subyektlərinin bərabərliyi prinsipi əsasında qurulan sifarişçi-icraçı münasibətlər mövcud olmuşdur. Ülviyyə Şeydayeva yalnız texniki qulluq işlərinin icra ediləcəyi əraziyə sərbəst daxil olaraq mülki müqavilə üzrə öhdəliklərini icra edə bilməsi məqsədi ilə giriş-çıxış kartı ilə təmin edilmişdir. X19 ilə Ülviyyə Şeydayeva arasında qurulmuş mülki hüquq münasibətlərini yanlış olaraq işəgötürən və işçi arasında qurulan münasibətlərin xarakteri şəklində qəbul etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qənaətinə gələrək müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektləri bərabərdir, onların iradə sərbəstliyi eləcə də müqavilə azadlığı vardır. Ülviyyə Şeydayeva ilə Müəssisə arasında bağlanmış mülki müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, bu mülki müqavilə bağlanan gündən yaranmış münasibətlər, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada və prinsiplərlə tənzimlənir. Bu baxımdan da müəssisə ilə Ülviyyə Şeydayeva arasında bağlanmış mülki müqavilə Mülki Məcəllənin yuxarıda qeyd olunan prinsiplərinə uyğun qaydada mülki hüquq subyektləri bərabərliyi, onların iradə sərbəstliyi, həmçinin müqavilə azadlığı prinsipləri əsasında bağlanmışdır. Müqavilənin 1.3-cü bəndindən də aydın olur ki, tərəflər arasındakı münasibətlər əmək qanunvericiliyi ilə deyil, məhz Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada və prinsiplərlə tənzimlənmişdir. Beləliklə, əmək müqaviləsinin bağlanmasına hər hansı əsas olmamışdır. Belə olan halda da Əmək Müfəttişliyi tərəfindən müəssisə ilə Ülviyyə Şeydayeva arasında bağlanmış xx.xx.2025-ci il tarixli, mülki-hüquqi (podrat) müqaviləsinin mülki xarakterinin nəzərə alınmaması və işin hallarının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olaraq tövsif etməsi hüquqi, qanuni və əsaslı deyildir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, o, işlədiyi zavodda (AR Müdafiə Sənayesi Nazirliyi Aqreqat İB) xx.xx.2025-ci il tarixdə istehsalatda başına bədbəxt hadisə gəlmişdir. Belə ki, o, martın 11-indən işə başlasa da, lakin adında əmək müqaviləsi, fərdi şəxsi hesab mövcud deyil. Qeyd etdiyi zavodda PİOD operatoru (dəzgah operatoru) işləyirdi. O, həmçinin əmək haqqı və zavoda giriş-çıxış kartları ilə təmin olunmuşdur. Yəni kənardan tam olaraq işçi kimi görünsə də, lakin mygov portalına daxil olarkən müəyyən etmişdir ki, portalda onunla bağlanmış heç bir əmək müqaviləsi mövcud deyil. Başına bədbəxt hadisə gəldikdə, əli dönən dəzgahda qalmış, baş barmağı sınmış, əli isə əzilmişdir. Hadisə zamanı birbaşa özü şəxsən 3 saylı Sabunçu Xəstəxanasında əlini gipsə qoydurmuşdur. Hadisə ilə bağlı zavod daxili heç kəsə məlumat verilməmişdir. Yaxınları bu hadisəyə səssiz qalmayaraq sex rəisi ilə danışmış, sonuncu da xərclərin təmin olunacağını bildirmişdir. Bu hadisədən SƏTƏM-in xəbəri yox idi. Öz təkidləri ilə sex rəisi onu öz yanında köməkçi kimi yerləşdirmiş, bir müddət sonra isə ondan heç bir ərizə almadan işdən çıxarmışlar. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu müəssisədə 2-ci dərəcə PİOD operatoru vəzifəsinə qəbul edilmişdir. Elektron Portaldan çıxarışdan görünür ki, Ülviyyə Şeydayevanın müraciəti əsasında araşdırılma zamanı X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə bildirmişdir ki, o, vətəndaş Ülviyyə Şeydayevanı tanıyır, eyni müəssisədə işləyirlər. Onlar növbə ilə işləyirlər, bədbəxt hadisə onun növbəsində baş verməmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 ilə X14 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu müəssisədə baş mühəndis vəzifəsinə qəbul edilmişdir. Elektron Portaldan çıxarışdan görünür ki, Ülviyyə Şeydayevanın müraciəti əsasında araşdırılma zamanı X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə bildirmişdir ki, o, vətəndaş Ülviyyə Şeydayevanı tanıyır, eyni müəssisədə işləyiblər. Ülviyyə Şeydayevanın hansı vəzifədə işlədiyini bilmir. “X25” X26 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş X2 Təcili Tibb yardım şöbəsinə xx.xx.2025-ci il tarixdə saat 19:15-də “sağ əl darağın sesamoid sümüyün apofizioliz” diaqnozu ilə ambulator müraciət etmişdir. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 (işəgötürən) ilə X13 (işçi) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Mülki-hüquqi (Podrat) müqaviləsindən görünür ki, işçi X4 / Artilleriya və tank topları üçün döyüş sursatlarının gövdələrinin istehsalı sahəsində PİOD operatoru vəzifəsinə qəbul edilmişdir. Müqavilənin müddəti xx.xx.2025ci il tarixinə qədərdir. İşçi aşağıdakı əmək funksiyalarını icrasını öhdəsinə götürür: a) əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma qaydalarına riayət etmək və vəzifə təlimatına uyğun funksiyaları icra etmək; b) işəgötürənin göstərişi ilə bəzi hallarda və vaxtaşırı olaraq qanunvericiliyə uyğun olaraq işçi öz vəzifəsinə aid olan əlavə və digər işlər də görəcək və ya başqa işçini əvəz edəcək. İşçiyə hər ay vaxtamuzd qaydada taarif maaşı təyin edilir. İşçiyə 678,12 manat məbləğdə əmək haqqı ödənilir. İşçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri şənbə və bazar günləridir. Müqavilənin 6-cı bəndinə əsasən hər iki tərəf qarşılıqlı olaraq vurulan ziyana görə maddi məsuliyyət daşıyır. Müqavilənin 9.1-ci bəndinə əsasən işin dayandırılmasına ehtiyac olduqda tərəflər iki həftə qabaq biri digərini xəbərdar etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X9 etirazı ilə razılaşmır və qeyd edir ki, təqdim edilmiş “Mülki-hüquqi (podrat) müqavilə” adlandırılan sənədin məzmunu və faktiki icra qaydası onu mülki deyil, əmək münasibətlərinin predmeti kimi xarakterizə edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən, əgər tərəflər arasında bağlanmış müqavilənin məzmunu və forması Əmək Məcəlləsinin 43 və 44-cü maddələrində nəzərdə tutulan əmək müqaviləsinin tələblərinə uyğun gəlirsə, həmin münasibətlər əmək münasibətləri hesab olunur və onların mülki-hüquqi (podrat və ya xidmət) müqaviləsi formasında rəsmiləşdirilməsinə yol verilmir. Təqdim edilən sənəddən göründüyü kimi, Ülviyyə Şeydayeva ilə "xxxx" Elmi- İstehsalat Müəssisəsi arasında bağlanmış müqavilə ad baxımından “Mülki-hüquqi (Podrat) müqavilə” adlansa da, onun məzmunu və faktiki icrası əmək müqaviləsinin bütün hüquqi əlamətlərini daşıyır. Birincisi, təqdim olunan müqavilədə tərəflərin birbaşa “işəgötürən” və “işçi” kimi göstərilməsi özü-özlüyündə sübut edir ki, münasibətlərin mahiyyəti başlanğıcdan əmək münasibəti kimi qurulmuşdur, çünki bu terminlər yalnız Əmək Məcəlləsində nəzərdə tutulan hüquqi münasibətlərdə istifadə olunur. Müqavilə üzrə işçi "xxxx" Elmi-İstehsalat Müəssisəsində “X6 / PİOD operatoru” vəzifəsinə qəbul edilmişdir ki, bu vəzifə müəssisənin əsas istehsal fəaliyyətinin bir hissəsini təşkil edir. Beləliklə, işçi müəssisənin istehsal prosesinə bilavasitə cəlb olunmuş, onun funksional tapşırıqlarını yerinə yetirmiş və müəssisənin əsas məqsədinə xidmət edən işləri icra etmişdir. Bu isə həm işin predmeti və funksional xarakteri baxımından, həm də vəzifənin müəssisənin daimi strukturunda yer alması baxımından əmək münasibətinə xas əlamətdir və mülki-hüquqi (podrat) münasibət kimi qiymətləndirilə bilməz. İkincisi, müqavilədə işçiyə müəyyən edilmiş aylıq sabit ödəniş (678,12 manat) nəzərdə tutulmuşdur. Halbuki, Mülki Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsində işin nəticəsinə görə razılaşdırılmış müddətli muzd ödənilməli, ödəniş işin başa çatması ilə şərtlənməlidir. Burada isə icraçıya işin nəticəsinə görə deyil, aylıq qaydada ödəniş edilir ki, bu da əmək münasibətinin tipik əlamətidir. Üçüncüsü, müqavilənin 4-cü və 5-ci bölmələrində “əmək haqqı”, “iş və istirahət vaxtı”, “iş günü 8 saat, həftəlik 40 saat” və “istirahət günləri şənbə və bazar” kimi müddəalar yer alır. Bu göstəricilər əmək hüququnun spesifik institutlarıdır və Mülki Məcəllədə belə normativ tənzimləmə mövcud deyil. Əgər tərəflər arasında iş vaxtı, istirahət günləri və əmək məzuniyyəti müəyyən edilirsə, deməli, həmin münasibətlər Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən əmək münasibətləri hesab olunur. Dördüncüsü, müqavilədə işəgötürənlə işçi arasında tabeçilik münasibəti mövcuddur. İşçi öz işini müəssisənin struktur bölməsində, onun istehsalat cədvəlinə uyğun şəkildə, rəhbərliyin nəzarəti altında yerinə yetirir. Halbuki podrat müqaviləsində podratçı işin yerinə yetirilmə üsulunu və vaxtını müstəqil qaydada müəyyən edir. Burada isə işin təşkili, iş vaxtı və tapşırıqların yerinə yetirilmə qaydası müəssisə tərəfindən müəyyən olunub ki, bu da əmək müqaviləsinə xas tabelik əlamətidir. Beşincisi, müqavilə müddətli bağlansa da, əmək müqavilələri də Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müddətli bağlana bilər. Bu səbəbdən müqavilənin 3 aylıq müddətə bağlanması onun mülki xarakter daşımasına dəlalət etmir. Əksinə, 2-3.6-cı maddəyə əsasən, müvəqqəti xarakterli işlərin də əmək müqaviləsi formasında tənzimlənməsi tələb olunur. Nəhayət, müəssisədə eyni vəzifədə çalışan digər işçi X7 ilə əmək müqaviləsinin bağlanması faktı göstərir ki, bu fəaliyyət növü müəssisədə əmək münasibətləri əsasında tənzimlənir və yalnız bir işçinin həmin vəzifəni mülki müqavilə ilə icra etməsi qanunvericiliyə ziddir. Beləliklə, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.1, 2-3.3, 2-3.4 və 2-3.7-ci hissələrinə əsasən qeyd olunan hallarda bağlanmış müqavilə əmək münasibətini gizlətmək məqsədi daşıdığından, faktiki olaraq əmək müqaviləsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, müəssisə tərəfindən fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun inzibati xəta tərkibi yaradır. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X9 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar