Məhkəmə qərarları › İş №3(001)-7232/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7232/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7232/2025 30.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4893/2024 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq övladları yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 225 (iki yüz iyirmi beş) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) sabit pul məbləğində alimenti X3 ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin icra sənədi üzrə hazırda 1870 manat ödənilməmiş aliment borcu vardır. Həmin borcun ödənilməməsinə görə inzibati xəta haqqında protokol tərtib etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin şikayətlərinə görə protokol tərtib etmişdir. Borclu mütəmadi olaraq aliment öhdəliyini icra etmiş, son 3 ayda problem yaranmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, məhkəmə qərarına əsasən Şəxs hər ayın 10-na qədər ona 450 (dörd yüz əlli) sabit pul məbləğində aliment ödəməlidir. Hazırda ona ödənilməmiş aliment borcu 1870 AZN təşkil edir. O, aliment öhdəliyinin tam şəkildə ödənilməsini tələb edir. İki uşaq da onun himayəsindədir, uşaqların xərclərini təkbaşına qarşılaya bilmir. Ona aliment ödənişini borclu hər ay mütəmadi şəkildə ödəmiş, son ayın ikisini ümumiyyətlə ödəməmiş, sonuncu ayı isə tam şəkildə ödəməmişdir. Borclunun pulunun olub-olmaması ona maraqlı deyildir, əgər borclu istəyərsə aliment öhdəliyini icra edə bilər. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs işdən çıxmasından xəbəri vardır. Borcun 900 manatı qətnamə çıxmamışdan əvvəlki dövrə aiddir. Sentyabrın 20-sinədək ona 380 manat ödəniş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, aliment öhdəliyinin icrasının zəruri olduğunu dərk edir. Hazırda 1870 AZN ödənilməmiş aliment borcu vardır. Həmin pulun 900 manatı məhkəmə qətnaməsi çıxarılmamışdan əvvəlki dövrə aiddir, geri qalan 970 manat borc isə son 3 ayda yaranmışdır. Son 3 ayadək bankda işləyirdi, əmək haqqı 900 manat təşkil edirdi. İşlədiyi dövrdə hər ay mütəmadi şəkildə 450 manat aliment ödənişi icra edirdi. Cari ilin iyul ayında işdən çıxmış, buna görə iyul və avqust aylarının ödənişini icra edə bilməmişdir. Artıq işləməyə başlamış, sentyabr ayının ödənişinin böyük hissəsini ödəmişdir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 4893/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq övladları yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 225 (iki yüz iyirmi beş) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) sabit pul məbləğində alimenti X3 ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024 -ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4893/2024 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Hazırkı iş üzrə qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-4893/2024 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq övladları yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 225 (iki yüz iyirmi beş) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) sabit pul məbləğində alimenti X3 ödəməlidir. Həmin icra sənədi üzrə xx.xx.2024 -ci il tarixdə icraata başlanmışdır. Hazırda icra sənədi üzrə 1870 manat məbləğində aliment Şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 1870 manat aliment borcunun 900 manatı əvvəlki dövrdə yığılmış borclardır. Daha sonra Şəxs mütəmadi şəkildə hər ay aliment öhdəliyini icra etmiş, 2025-ci ilin iyul ayında işdən çıxdığı və 2 ay işsiz olduğu üçün həmin aylar öhdəliyini icra edə bilməmiş və 900 manat borc da həmin aylara görə yaranmışdır. Borclu yenidən işə düzəldikdən sonra isə 380 manat aliment ödəmiş, 70 manat borc isə həmin ayda ödənilməmiş alimentə görə yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs işlədiyi dövrdə hər ay mütəmadi şəkildə aliment ödənişini icra etməsi, yalnız işləmədiyi iki ay ərzində aliment ödənişini icra edə bilməməsi, son ayda isə işə düzəldikdən sonra 380 manat ödəniş etməsi onun icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yalnız işləmədiyi dövrdə aliment ödənişini icra etməməsi müəyyən edildiyindən və onun işlədiyi müddət ərzində mütəmadi şəkildə aliment öhdəliyini icra etməsi təsdiqini tapdığınından, bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar