Məhkəmə qərarları › İş №3(001)-7239/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7239/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7239/2025 02.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə xx xxx 1982-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MTK-nın direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 16(001)-482/2025 saylı icra sənədi üzrə borclu "xxxx" MTK-nın direktoru (vəzifəli şəxs) Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 01 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Həmin icra sənədinə əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən tikilmiş binanın (bina 1) altında, zirzəmi sahəsində yerləşən qaraj sahəsindən Zərərçəkmiş şəxs istifadəsinə - avtomobilin saxlanılmasına maneçilik törədilməsinə, buna dair hər hansı hərəkətlərin edilməsinə qadağa qoyulması və istifadəyə artıq edilmiş məhdudiyyətin (açarın bloklanması və s.) aradan qaldırılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, yuxarıda göstərilən icra sənədi MTK tərəfindən qərəzli olaraq icra edilməmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru çıxışında göstərdi ki, icra sənədi İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş və 1 gün sonra, yəni 18 sentyabr 2025-ci il tarixdə MTK-nın yerləşdiyi ünvana gedərək, məhkəmə qərarı barədə MTK rəhbərliyinə məlumat verilmiş, Zərərçəkmiş şəxs yaradılmış maneə aradan qaldırılmışdır. Lakin, sonradan məhdudiyyətlər yenidən tətbiq olunmuş, tələbkarın müraciəti əsasında onlar yenidən MTK-nın yerləşdiyi yerə gedib məhkəmə qərarını icrasını tələb etsələr də, MTK rəhbərliyi qərarın icrasından qərəzli olaraq yayınmışdır. Buna görə də, MTK-nın vəzifəli şəxsi kimi direktor Şəxs barəsində hazırki protokol tərtib olunmuşdur. Məhkəmə iclasında vəzifəli şəxs Şəxs nümayəndəsi Nümayəndə çıxışında göstərdi ki, sözügedən qaraj sahəsi MTK-ya deyil, başqa bir fiziki şəxsə məxsusdur. Həmin şəxslə də Zərərçəkmiş şəxs arasında olan mənfi münasibətə görə qaraj sahibi Zərərçəkmiş şəxs həmin qarajdan istifadəyə icazə vermir, yəni öz yerini Zərərçəkmiş şəxs icarəyə vermir. MTK-nın Zərərçəkmiş şəxs ilə heç bir problemi yoxdur, MTK tərəfindən ona heç bir məhdudiyyət tətbiq olunmur. Zərərçəkmiş şəxs avtomobili hazırda da həmin qarajdadır. Verilən suallara cavab olaraq Nümayəndə bildirdi ki, qarajın şlaqbaumu MTK tərəfindən idarə olunur. Lakin qaraj başqa fiziki şəxsə məxsus olduğundan, həmin şəxsin göstərişi ilə G.Orucadənin qarajdan istifadəsi məhdudlaşdırılmışdır. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, həmin qarajda avtomobil saxlamaq üçün müqaviləni MTK ilə bağlamışdır. Lakin, üzərindən xeyli müddət keçdiyindən, indi müqaviləni tapa bilmir. Buna baxmayaraq, qaraj sahəsinə görə aylıq ödənişləri də nağd şəkildə MTK-nın ofisinə etmişdir. Hazırda avtomobili qarajdadır, lakin, avtomobilin qaraja girib-çıxması üçün özündən əvvəl hansısa avtomobili gözləyir, onun arxasıyca girib-çıxır. Bəzən başqa avtomobilin hərəkətini yarım saat gözləməli olur. Sonda Zərərçəkmiş şəxs məhkəmə qərarının icrasını tələb etdiyini bildirdi. Tədqiq edilən sübutlar: -17 sentyabr 2025-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanmış, qərar həmin tarixli “tələbin könüllü icrası haqqında” bildirişlə birlikdə "xxxx" MTK-ya göndərilmişdir. - 18 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə icra sənədində göstərilən ünvana gedilmiş, Zərərçəkmiş şəxs qaraj sahəsindən dərhal maneələrin və məhdudiyyətlərin aradan qaldırılması MTK-ya rəsmi bildirilmişdir. - 29 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, həmin gün icra sənədinin icrası ilə əlaqədar qeyd olunan ünvana gedilmiş, ünvanda olan zaman binanın zirzəmi sahəsində yerləşən qarajdan Zərərçəkmiş şəxs istifadəsinə, avtomobilin həmin qarajda saxlanmasına MTk tərəfindən maneələr müəyyən edilmişdir. İcra məmuru tərəfindən MTK-nın rəhbərliyinə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrasına mane olmuşlar. MTK rəhbəri Şəxs izahatı alınması üçün İcra Şöbəsinə dəvət olunsa da, gəlməkdən yayınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə qeyd edir ki, işdə sözügedən qaraj sahəsinin kimin mülkiyyətində olmasından asılı olmayaraq, qüvvədə olan məhkəmə qərarı mövcuddur, həmin qərarla müəyyən hərəkətlərin edilməsi və müəyyən hərəkətləri etməmək başqa şəxsə deyil, məhz "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Həmin qərar mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən dərhal icra edilməlidir. Qərarın MTK və ya digər şəxs tərəfindən mübahisələndirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, bundan başqa, müəyyən edilmişdir ki, tələbkara yaradılan əsas maneə kimi qarajın şlaqbaumunun idarəetməsi başqa şəxsin deyil, məhz "xxxx" MTK-nın səlahiyyətindədir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MTK-nın direktoru, vəzifəli şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Buna görə də, əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə vəzifəli şəxs kimi Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs qismində Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MTK-nın direktoru (vəzifəli şəxs) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar