Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7242/2025 01.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Masallı rayonunun Məmmədoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 4 yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Tüklə ərazi dairəsi, Məmmədoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimali qres, A.İldırım küçəsi, 827 nömrəli bağ evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş 01 oktyabr 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə “inzibati xəta haqqında” 01 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, protokol baxılması üçün əlavə sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 30 sentyabr 2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi yolu, DSK yaxınlığında yol patrul xidməti əməkdaşlarının tələblərinə tabe olmamış, nəqliyyat vasitəsinin açarlarını təqdim etməmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 30 sentyabr 2025-ci il tarixdə yol-patrul xidməti əməkdaşları Şəxs idarə etdiyi avtomobildəki nasazlıqlar səbəbi ilə onu saxlamış, nasazlıqların aradan qaldırılması üçün avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirəndə, həmin avtomobilin sərnişin oturacağında oturan şəxs uca səslə etirazını bildirmiş, avtomobilin açarını götürərək polisə verməkdən imtina etmişdir. Əraziyə post-patrul xidməti bölüyü əməkdaşları çağırılmış və hər iki şəxs 5-ci PByə gətirilmişdir. Tabesizlik hərəkətləri əsasən Şəxs yanındakı sərnişin tərəfindən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, məlum hadisə zamanı o, avtomobildə olan dostunu sakitləşməyə çalışsa da, dostu avtomobilin açarını özü ilə götürüb polisə verməkdən imtina etmişdir. Hazırda baş vermiş hadisəyə görə çox peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 30 sentyabr 2025-ci il tarixdə, saat 17:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, inzibiat xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən isə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə üzrə məsuliyyət yaradır. Məhkəməyə təqdim edilmiş sənədlərlə, habelə protokolu tərtib etmiş şəxsin öz izahatı ilə Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı sübut olunmur. İXM-nin: - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 53.1.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs təqsiri sübuta yetirilmədiyindən, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 01 oktyabr 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-7242/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7242/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver