Məhkəmə qərarları › İş №3(001)-7267/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7267/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7267/2025 02.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşqul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, Çıraqqala küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis mayoru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis mayoru X4 tərəfindən Şəxs barəsində İXM-in 388-1.1.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “İnstagram” sosial şəbəkəsində açılmış “Sancaq” adlı səhifədə edilmiş paylaşımın rəy bölməsinə nalayiq ifadələr yazmaqla internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanı yerləşdirmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsində açılmış “Sancaq” adlı səhifədə paylaşılmış videoya qadın polislər barəsində nalayiq ifadə yazmışdır. Törətdiyi əməldən peşmandır, hazırda törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “terl.anusuboff” adlı instaqram profili ona məxsusdur və qeyd edilən profildən edilən paylaşımları o etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin gün saat 11:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İnstagram” sosial şəbəkəsindən edilmiş çıxarışdan görünür ki, “terl.anusuboff” istifadəçi tərəfindən təhqir məzmunlu rəy yazılmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qanunun: 2-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatıdır. 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar. 13-4-cü maddəsinə əsasən bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs istifadə etdiyi “terl.anusuboff” adlı hesabla “İnstagram” Sosial Şəbəkəsində “Sancaq” adlı sosial şəbəkədə edilmiş paylaşımlardan birinin rəy hissəsində təhqir və ya böhtan xarakteri daşıyan məlumatlar yerləşdirməklə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinin tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində yalnız normanın sankiyasında nəzərdə tutulmuş ağır tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunmasını mümkün hesab edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməli və onun məsuliyyətini yüngülləşdirən hal nəzərə alınmaqla barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, inzibati həbs müddətinin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 01 oktyabr 2025-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi ifadə verməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 72, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 01 oktyabr 2025-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar