Məhkəmə qərarları › İş №3(001)-731/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-731/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-731/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektrou, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Novxanı kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs 16 fevral 2023-cü il tarixdə saat 11:10-da BBAK-nin yaxınlığında olarkən polis əməkdaşlarına qarşı tabesizlik edərək İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektrou, polis leytenantı X3 bildirmişdir ki, 16 fevral 2023-cü il tarixdə bölmə əməkdaşları Binəqədi rayonu, BBAK yaxınlığında dörd nəfər şəxs polisin qanuni tələblərinə tabe olmayaraq onları təhqir etmiş və vətəndaşları polisin və nəqliyyatın üzərinə qaldırmışlar. Həmin əraziyə patrul xidməti əməkdaşları dəvət edilmiş və əməkdaşlar tərəfindən həmin şəxslər bölməyə gətirilmişlər. Sonra isə tərəfindən adını sonradan bildiyi Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, Binəqədi rayonu ərazisində tanışları ilə toplaşan zaman onlara nəqliyyatın işçiləri yaxınlaşmış və həmin ərazidə dayanmamalarını bildirmişlər. Onlar isə tələblərini dilə gətirdiklərini söyləmişlər. Bundan sonra patrul xidməti çağırılmış və polis əməkdaşları onları bölməyə dəvət etmişdir. O və tanışları polisin tələblərinə tabe olaraq özlərini təqdim etmiş və bölməyə getməyə razılıq vermişlər. Polis əməkdaşları onları Binəqədi RPİ-nin 40-cı PB-nə aparmışlar. Bölmədə anket məlumatlarını bildirmiş, lakin barəsində qanunsuz olaraq protokol tərtib edilmişdir. Bir daha qeyd edir ki, o, heç bir dövlət işçisinə qarşı kobudluq etməmiş, nalayiq ifadələr işlətməmiş, polisin tələblərinə tae olaraq özünü təqdim etmiş və bölməyə öz razılığı ilə gəlmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri X2 izahat verərək bildirmişdir ki, 16 fevral 2023-cü il tarixdə səhər saatlarında nəqliyyatın işçiləri tərəfindən dəstək qüvvəyə ehtiyac olması barədə idarəyə məlumatın gəlməsindən xəbəri olmuş və onunla yanaşı idarədən bir neçə əməkdaş Binəqədi rayonu BBAK-ın yaxınlığındakə əraziyə yollanmışlar. Həmin əraziyə gəldikdə bir neçə şəxsin toplaşdırğını və nəqliyyatın işçiləri ilə söhbət etdiklərini görmüşdür. Bundan sonra o, həmin şəxslərə yaxınlaşmış və özünü təqdim edərək onlardan sənəd istəmişdir. Həmin şəxslər özlərini təqdim etmişlər. Daha sonra baş vermiş hadisənin araşdırılması və izahatların alınması məqsədi ilə onları və nəqliyyatın işçilərini polis bölməsinə getməyi təklif etmişdir. Həminşəxslər bölməyə getməyə razılaşmışlar. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində olarkən onlardan birinin adının Şəxs olduğundan məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 006186 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə saat 19:31-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və 17 fevral 2023-cü il tarixdə saat 17:30-da saxlanılma yerindən azad edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. Çünki Şəxs izahatında heç bir dövlət işçisinə qarşı kobudluq etmədiyini, nalayiq ifadələr işlətmədiyini, polisin tələblərinə tabe olaraq özünü təqdim etdiyini və bölməyə öz razılığı ilə getdiyini, qeyd etmişdir. Digər tərəfdən Şəxs polisə qarşı kobud cavablar verməsinə dair məhkəmədə alınmış izahatlar və onun polisin qanuni tələblərinə tabe olmamasına dair xüsusatlar tutarlı olmadığından məhkəmədə öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, şəxsin polis bölməsinə dəvət edilməsi ictimai qaydanın mühafizə vəzifəsi kimi qiymətləndirildiyi halda belə şəxsin polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmalıdır. Lakin nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar