Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-732/2023 17.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Dəmirçi Ərazi Dairəsi, Dəmirçi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfərləri xidmətdə olarkən Azadlıq prospekti 189 ünvanının yaxınlığında bir nəfər şəxsin qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu görüb həmin şəxsə yaxınlaşaraq, iradlarını bildirdikdə vətəndaş polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis nəfərləri həmin şəxsi nizam-intizama dəvət etsələr də, şəxs buna məhəl qoymayaraq, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, ətrafda olan vətəndaşlara da mane olmaqla ictimai asayişi pozmuşdur. Bundan sonra həmin şəxs bölməyə dəvət olunmuş və bölmədə onun Şəxs olması müəyyən edilmişdir. Bundan sonra onun barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, xx.xx.2023-cü il tarixdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq uca səslə qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu bildirmişlər. O, isə polis əməkdaşlarına tabesizlik və ya hər hansı müqavimət göstərməmişdir. Həmin vaxt əsəbi olduğu üçün söyüş söysə də, polis əməkdaşlarına müqavimət göstərməmiş, hətta barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdən öncə polis əməkdaşlarının çağırışı ilə Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə özü könüllü olaraq getmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, əməlində İXM-nin 535.1 və 510-cu maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 çıxış edərək, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Azadlıq prospekti 189 ünvanının yaxınlığında bir nəfər şəxsin qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğunu görüb həmin şəxsə yaxınlaşaraq, irad bildirdikdə vətəndaş onlarla mübahisə etməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, şəxs buna məhəl qoymayaraq, onların ünvanına nalayiq ifadələr işlədərək, ətrafda olan vətəndaşlara da mane olmaqla ictimai asayişi pozmuşdur. Bundan sonra həmin şəxs şöbəyə aparılmış və şöbədə onun Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 digər şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisinə müraciət edərək Şəxs polis əməkdaşlarına nalayiq ifadələr işlətməsi barədə məlumat vermiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. xx.xx.2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün həmin gün saat 12:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfərləri X5 və X2 ifadələrindən, həmçinin onlar tərəfindən Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin rəisinə ünvanlanmış raportdan, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərilməmişdir. Beləliklə məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirsizliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.1-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və İXMin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. X1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş 5 (beş) saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-732/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-732/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver