Məhkəmə qərarları › İş №3(001)-7362/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7362/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7362/2025 03.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkibini yaradır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X1 müraciəti ilə əlaqədar Şəxs MMC-nin hüquqi və faktiki fəaliyyət ünvanlarına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64713/2025 nömrəli məktub ünvanlanaraq Səxavət Tağıyevə aid olan sənədlərin tam, düzgün, vaxtında təqdim olunması xahiş olunmuş, xx.xx.2025-ci il tarixində müəssisə tərəfindən sənədlər natamam təqdim olunmuş və bu günədək qeyd olunan sənədlərin tam təqdim olunması təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64713/2025 nömrəli məktubunda tələb olunan sənədlərin siyahısında əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər, məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu göstərilmişdir. Lakin protokolda qeyd olunan sənədlərin natamam təqdim edilməsi qeyd edilsə də, konkret olaraq hansı sənədin təqdim edilməməsi göstərilmişdir. Digər bir məsələ ondan ibarətdir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxsə həmin məktubdan sonra göndərilməsi istinad edilən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-82102/2025 saylı məktubda da sənədlərin tam təqdim edilməyi qeyd edilsə də, konkret olaraq hansı sənədin tələb edildiyi göstərilməmiş, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-77616/2025 saylı məktubda isə hər hansı sənəd tələb edilməmişdir. Bundan başqa həmin məktubların hüquqi şəxsə çatdırılmasını təsdiq edən hərr hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin nədə təqsirləndirilməsini bilməsi zəruridir, lakin səlahiyyətli orqan hüquqi şəxsə təqdim edilməmiş sənəd barədə heç bir məlumat verməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 100.5.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları” göstərilməlidir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Beləliklə, qüvvədə olan inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli orqanın vəzifəli şəxsin üzərinə qanunvericiliyin tələblərinə ciddi riayət etmək, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin qanunvericilikdə təsbit olunmuş hüquqlarını təmin etmək vəzifəsini qoyur. Əks yanaşma şəxsin hüquqlarının xüsusilə də müdafiə hüququnun məhkəməyədək icraat dövründə kobud şəkildə pozulması ilə nəticələnə bilər. Hazırki iş üzrə İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatının göstərilməli olduğunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməli olduğunu nəzərdə tutan bölmələr mövcuddur. Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərilməmiş, bununla bağlı xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. Göründüyü kimi, İXM-nin müvafiq normalarından irəli gələn tələblərin nəzərə alınmalı olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin tərtib etdiyi protokolun özündə belə təsbit edilmişdir. Odur ki, material üzrə məhkəməyədək icraat dövründə Şəxs MMC-nin inzibati xətalar qanunvericiliyinin yuxarıda istinad edilən və s. aidiyyəti normalarından irəli gələn hüquqları təmin edilməmişdir.Bununla yanaşı Azərbaycan Respublikası İXM-nin tələblərinə zidd olaraq inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat kobud prosessual pozuntularla aparılmış, həmin icraat dövründə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanunvericilikdə təsbit edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilən səbəblərdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. İXM-nin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar