Məhkəmə qərarları › İş №3(001)-7386/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7386/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7386/2025 03.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin və Post-Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən tərtib olunmuş raportlar onun icraatına daxil olmuşdur. Tərəfindən araşdırılma aparılaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, sürücünün saxlanılmasına səbəb onun idarə etdiyi avtomobilin duman işıqlarının “Wrangler” markalı avtomobilə məxsus olan duman işıqlarından olması və arxa şüşə silən fırçasının olmaması olmuşdur. Avtomobildə olan çatışmazlığı sürücü yerində aradan qaldırmadığından bölməyə təmin edilməli olduğu bildirilmiş, lakin Şəxs YPX əməkdaşlarının sözügedən tələbi ilə razılaşmayaraq qanuni tələbə tabe olmamışdır. Özü hadisənin şahidi olmamış, sadəcə müvafiq raportlar əsasından protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs verdiyi izahatında bildirmişdir ki, onun avtomobilində heç bir konstruksiya dəyişikliyi yoxdur. Bütün detallar, o cümlədən faraları da zavod istehsalı avtomobilin özünə məxsusdurlar. YPX əməkdaşları tərəfindən saxlanıldıqdan sonra qeyd edilənləri bildirmişdir. O, mütəmadi Sumqayıt şəhərində avtomobili belə idarə edir, heç vaxt da yol polisi tərəfindən saxlanılmamışdır. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X2 bildirmişdir ki, Şəxs idarə etdiyi **- ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin duman işıqları “Wrangler” markalı avtomobil məxsus duman işıqları olduğu və arxa şüşəni silən fırça olmadığı üçün sürücü saxlanılmışdır. Sürücüyə qeyd olunan nöqsanlar izah edilmiş, yerində aradan qaldırıldığı halda protokol tərtib edilməklə yoluna davam edəcəyi bildirilmiş, əks təqdirdə isə avtomobilin duracağa təmin ediləcəyi bildirilmişdir. Sürücü qeyd edilən nöqsanları aradan qaldırmadığı üçün avtomobilin duracağa təmin edilməli olduğu bildirilmiş, bundan sonra Şəxs həmin tələbə tabe olmamış, post patrul xidməti bölüyü əməkdaşlarını köməyə çağıraraq sonuncu bölməyə təmin edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin duman işıqlarının müxtəlif olmasını adi gözlə müşahidə edərək aşkar etmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, AZA 009610 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi **- ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, sonuncuya idarə etdiyi nəqliyyat vasitəsinin duman işıqlarının “Wrangler” markalı avtomobilə məxsus duman işıqları olması və arxa şüşəni silən fırça olmadığı bildirilmiş, qeyd edilənləri aradan qaldırmadığı halda avtomobilin duracağa təmin edilməli olduğu izah edilmiş, Şəxs avtomobilində hər hansı bir konstruksiya dəyişikliyinin olmadığını bildirmiş, lakin buna görə onun qanuni tələbə tabe olmaması qənaətinə gəlinərək ərazi PPX əməkdaşları çağırılmış və Şəxs polis bölməsinə aparılmış, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmə qarşısına çıxarılmışdır. Halbuki, məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Hazırda Şəxs yönələn tələb onun nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi ilə bağlı olmuş, buna səbəb isə avtomobilin duman işıqlarının “Wrangler” markalı avtomobilə məxsus duman işıqları olması və arxa şüşəni silən fırça olmadığı göstərilmişdir. Məhkəmə həmin tələblərin qanuniliyini yoxlamaq üçün İXM-nin aşağıdakı normalarını tədqiq etməyi zəruri hesab edir: 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi İXM-nin 98-ci maddəsində yalnız qabaq şüşənin şüşə silgəclərinə münasibətdə nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinin mümkünlüyü göstərilmiş, bu tələb arxa şüşəyə aid edilməmişdir. Odur ki, arxa şüşənin silgəcinin olmamasına münasibətdə avtomobilin duracağa yerləşdirilməsi barədə Şəxs yönələn tələb qanunsuz olmuş, buna görə də, həmin tələbə tabe olmama İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyət yarada bilməz. Bununla yanaşı, məhkəmə duman işıqlarının dəyişdirilməsinə münasibətdə qeyd edir ki, avtomobilin duman işıqlarının həmin avtomobilə məxsus olmayan digər duman işıqları ilə əvəz edilməsi özlüyündə normativ tələblər pozulmaqla avadanlıq dəyişdirilməsi hesab edilir və sürücünün həmin avtomobilin idarə olunmasından kənarlaşdırılması üçün əsasdır. Lakin hazırki iş üzrə Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duman işıqlarının iddia edildiyi kimi “Wrangler” markalı avtomobil məxsus duman işıqları ilə əvəz edilməsi öz təsdiqini tapmamış, Şəxs nəqliyyat vasitəsinin duman işıqlarının həmin avtomobilinin istehsalçısı tərəfindən istehsal olunduğunu və həmin avtomobilə aid olduğunu bildirmişdir. Protokol tərtib etmiş əməkdaş isə bunun əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, sadəcə ümumi sözlərlə işıqların dəyişdirildiyini bildirmişdir. Odur ki, həmin tələbə münasibətdə isə Şəxs təqsirliliyi sübuta yetirilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin idarə etdiyi “Priora” markalı, 2016-cı il buraxılış avtomobillər zavod buraxılış şəkilləri tədqiq edilmiş həmin avtomobillərin duman işıqları ilə Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duman işıqları arasında şahidin məhkəmə iclasında bildirdiyinin əksinə gözlə müşahidə ediləcək fərq müəyyən edilməmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar