Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7388/2025 03.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X3 izahat verərək bildirmişdir ki, X9 İdarəsinə bilavasitə tabe olan X4 Xüsusi tağımının yol patrul xidməti əməkdaşı tərəfindən, həmçinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tərtib edilmiş raportlar onun icraatına daxil olmuşdur. Həmin raportlar üzrə tərəfindən araşdırılma aparılaraq müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X9 İdarəsinə bilavasitə tabe olan X4 Xüsusi tağımının yol patrul xidməti əməkdaşları xidmət aparan zaman Şəxs idarə etdiyi “Kamaz” markalı nəqliyyat vasitəsini saxlamışlar. YPX əməkdaşları özlərini təqdim etmiş, daha sonra Şəxs nəqliyyat vasitəsinin sənədlərini təqdim etməsini xahiş etmişlər, lakin sonuncu polisin qanuni tələbini yerinə yetirməyərək sənədlərini təqdim etməmişdir. Bununla bağlı YPX əməkdaşları inzibati ərazidə xidmət aparan PPX naryadlarını çağıraraq Şəxs Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirmişlər. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs bir gündür bölmədə saxlanılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Binəqədi Rayonu Binəqədi şossesində YPX əməkdaşları tərəfindən saxlanılmış, YPX əməkdaşları nəqliyyat vasitəsinin yüklü ya boş olduğunu soruşmuş və təkərlərin vəziyyətinə irad tutmuşlar. O, avtomobilinin boş olduğunu, nəqliyyat vasitəsinin təkərlərinin isə yararlı olduğunu söyləmiş, bundan sonra YPX əməkdaşları nəqliyyat vasitəsinin sənədlərini tələb etmiş və təhqiredici sözlərdən istifadə etmişlər. O, nəqliyyat vasitəsinin sənədlərini təqdim etməmiş, portal sistemində yoxlanılması ilə bəlli olacağını bildirmişdir. Sənəd verməməyinin səbəbi isə YPX əməkdaşlarının nəqliyyat vasitəsini duracağa yerləşdirmək istəməyi olmuşdur. Sonunda sənədlərini təqdim etmiş və YPX əməkdaşları tərəfindən çağırılmış PPX əməkdaşları ilə birlikdə könüllü olaraq 6-cı Polis Bölməsinə gəlmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1 gündür bölmədə saxlanılır. Məhkəmə iclasında şahid Baş X9 İdarəsinə bilavasitə tabe olan X4 Xüsusi tağımının yol patrul xidməti baş inspektoru, polis baş-leytenantı X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 16:00-17:00 radələrində xidmət aparan zaman “Kamaz” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dönmə işığından istifadə etmədiyi üçün saxlamışdır. Həmin nəqliyyat vasitəsinin şinlərinə irad tutaraq nasaz vəziyyətində olduğunu bildirmiş və sürücüdən nəqliyyat vasitəsinin sənədlərini təqdim etməsini xahiş etmişdir. Lakin sürücü tələbi yerinə yetirməyərək sənədlərini təqdim etməmişdir. Bu səbəbdən inzibati ərazidə xidmət aparan PPX naryadlarını çağırmış və Qasımov X2 RPİ-nin 6-cı Polis Bölməsinə təmin edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raportlar, şahid izahatı və özünün izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2.1-ci maddəsinə uyğun olaraq Şəxs səmimi ifadə verməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, tutma protokolu məhkəməyə təqdim edilməsə belə, tərəflərin izahatına əsasən Şəxs faktiki olaraq inzibati qaydada tutulması öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-7388/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7388/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver