Məhkəmə qərarları › İş №3(001)-7396/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7396/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7396/2025 20.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs direktoru Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 448-ci maddəsi ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXMin 448-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs ünvanına X3 34HKV757/34GHL493 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsində 186486 saylı, xx.xx.2025-ci il tarixli invoysla idxal edilmiş Bakı Baş Gömrük İdarəsində **********6658 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsinin 1-ci mal mövqeyində şəkər və ya digər sərinləşdirici, yaxud dad-aromatik maddələr əlavə edilən energetik içki “3D Energy Drink” 473 ml 12 cans/ 100 (yüz) qutu bəyan olunsa da, bəyan olunmayan 44 (qırx dörd) qutu 528 (beş yüz iyirmi səkkiz) ədəd 249.77 litr “3D Energy Drink” 473 ml yük aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 448-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 bildirmişdir ki, bəyan olunmamış mallar anbarda saxlanılarkən müəyyən edilmişdir ki, bu malların gətirilməsi ilə bağlı əvvəlcədən hər hansı razılıq əldə edilməmiş, müqavilə bağlanmamışdır. Digər bəyan olunmuşlarla bağlı isə X1 tərəfindən yoxlama aparılarkən bu malların standarta uyğun olmadığı müəyyən edilmiş, tərəfimizdən müvafiq ekspertizaların aparılması zamanı müəyyən edilmişdir ki, mallar müəyyən edilmiş keyfiyyət standartlarına uyğun deyildir. Məhz bu səbəbdən də İXM-in 448-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirik.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs direktoru Nümayəndə bildirmişdir ki, dünyanın hər bir yerində enerji içkilərində kofeinin miqdarı 42 faiz olduğu halda yalnız bizdə bu 32 faiz müəyyən edilmiş, biz də malları ölkəyə gətirdikdən sonra bu barədə məlumat əldə etdiyimizdən həmin malların hamısını Gürcüstan Respublikasına ixrac etmişik. Təbii ki, standartlara uyğunsuzluq müəyyən edilmişdir yerli tələblərə uyğun deyil içkilər. Bu içkilərdə kofein miqdarı artıqdı. Lakin əvvəlcədən bu barədə məlumatlı olmamağımızı və hal –hazırda o içkilərin ölkə xaricinə ixrac olunmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. xx.xx.2024-cü il tarixli, **********6658 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən **********6658 sorğu nömrəli gömrük bəyannaməsi ilə ünvanına “3D Energy Drink” 473 ml 12 cans/ 100 (yüz) qutu malın gələcəyi bəyan edilmişdir.

5. xx.xx.2024-cü il tarixli, 3-33-1100/029/033223 nömrəli raportdan görünür ki, Şəxs ünvanına X3 34HKV757/34GHL493 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsində 186486 saylı, xx.xx.2025-ci il tarixli invoysla idxal edilmiş Bakı Baş Gömrük İdarəsində **********6658 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsinin 1-ci mal mövqeyində şəkər və ya digər sərinləşdirici, yaxud dad-aromatik maddələr əlavə edilən energetik içki “3D Energy Drink” 473 ml 12 cans/ 100 (yüz) qutu bəyan olunsa da, bəyan olunmayan 44 (qırx dörd) qutu 528 (beş yüz iyirmi səkkiz) ədəd 249.77 litr “3D Energy Drink” 473 ml yük aşkar edilmişdir.

6. “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 54 nömrəli ekspert rəyindən görünür ki, 528 (beş yüz iyirmi səkkiz) ədəd “3D Energy Drink” 473 ml əmtəə nişanlı energetik içkinin 1 (bir) ədədinin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 8.10 (səkkiz manat on qəpik), 528 (beş yüz iyirmi səkkiz) ədədinin isə 4276.80 (dörd min iki yüz yetmiş altı manat səksən qəpik) təşkil edir.

7. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs ünvanına 34HKV757/34GHL493dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə idxal olunaraq Bakı Baş Gömrük İdarəsində **********6658 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş mallara keçirilmiş gömrük yoxlaması zamanı aşkar olunaraq götürülmüş 528 (beş yüz iyirmi səkkiz) ədəd “3D Energy Drink” yazılı energetik içkinin araşdırma müddətində saxlanılması üçün 22 aprel 2025-ci il tarixdə “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir.

8. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli 3- 44-1/2-3-3911/25 nömrəli məktubundan görünür ki, Şəxs ünvanına idxal olunmuş içkidən laborator tədqiqatları məqsədi ilə nümunələr götürülərək laboratoriyaya təqdim edilmiş və nəticədə həmin məhsulların tərkibində kofeinin aşkar edilən miqdarı müvafiq qanunvericilik tələbləri ilə uyğunsuzluq təşkil etmişdir.

9. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəxs təmsilçisi və təsisçisi Nümayəndə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, hüquqi şəxs Şəxs İXM-in 448-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə material Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

10. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 448-ci maddəsi ilə tövsif edilmişdir.

11. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

12. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs ünvanına 34HKV757/34GHL493 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə idxal edilmiş Bakı Baş Gömrük İdarəsində **********6658 sorğu nömrəli gömrük bəyannaməsi ilə energetik içki “3D Energy Drink” 473 ml 12 cans/ 100 (yüz) qutu energetik içkinin idxalı bəyan olunsa da, gömrük yoxlaması zamanı bəyan olunmayan 44 (qırx dörd) qutu 528 (beş yüz iyirmi səkkiz) ədəd 249.77 litr “3D Energy Drink” 473 ml yük aşkar edilmişdir. Şəxs ünvanına idxal olunmuş həmin içkilər laborator tədqiqatı məqsədi ilə nümunələr götürülərək laboratoriyaya təqdim edilmiş və nəticədə həmin məhsulların tərkibində kofeinin aşkar edilən miqdarı müvafiq qanunvericilik tələbləri ilə uyğunsuzluq təşkil etmişdir. Daha sonra, həmin məhsulların qiymətləndirilməsi aparılmış və əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilsə də, Şəxs əməlində İXM-in 448-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən hüuqi şəxs barəsində əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il Qanunun 3-cü maddəsinə görə istehlakçıların istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını tələb hüququ vardır. Qanunun 5-ci maddəsinə görə istehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. İstehlakçılarının hüquqlarının qorunması istiqamətində dövlətin əsas siyasəti onunla bağlıdır ki, istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini həyata keçirsin. Bundan başqa malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) versin; məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini; insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını həyata keçirsin. Qanunun 21-ci maddəsinə görə bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

14. İXM-in 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

15. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

16. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir.

17. Məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

18. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

19. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

20. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.

21. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.

22. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

23. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

24. İXM-in 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir.

25. İXM-in 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir.

26. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

27. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

28. Göstərilənlərə əsasən və İXM-in 18, 26, 40, 43, 48-50, 110, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunsun. İş üzrə maddi sübut olan və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 528 (beş yüz iyirmi səkkiz) ədəd 0,473 litrlik “3D Energy drink” yazılı energetik içki məhsulu dövlət hesabına müsadirə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar