Məhkəmə qərarları › İş №3(001)-7406/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7406/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7406/2025 06.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin sahə inspektoru, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mövsüm oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonu, Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Uzundərə Ərazi Dairəsi, Uzuntəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Mövsüm oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs Mövsüm oğlu barəsində İXM-in 510, 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Sulutəpə qəsəbəsində polis əməkdaşları xidmətdə olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncunun şəxsiyyətini müəyyən etmək, törətdiyi inzibati xətanı araşdırmaq və hüquqi qiymət vermək üçün PB-yə dəvət etmişlər. Lakin həmin şəxs qanunsuz hərəkətlərini davam etdirmiş, mübahisə edərək polisin qanuni tələblərinə məhəl qoymamışdır. Həmin şəxsin özünü qeyri-adekvat aparması polis əməkdaşlarında onun narkotik vasitədən istifadə etməsi şübhəsi yaratmışdır. Bundan sonra, sonuncu Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmişdir. Bölmədə həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü Şəxs Mövsüm oğlu olduğu məlum olmuşdur. Bundan sonra bölmənin inzibati binasında şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs Mövsüm oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mövsüm oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, 19:30 radələrində Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində ona borclu olan qohumu ilə telefonla danışarkən ucadan nalayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, irad bildirmiş və sakitçiliyə riayət olunmasını tələb etmişlər, lakin sonuncu həmin vaxt əsəbi olduğu üçün bu tələblərə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən, polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmişdir. Həmçinin, o, xx.xx.2025-ci il tarixdə, tanımadığı şəxsdən metamfetamin alaraq təxminən 21:00 radələrində Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində istifadə etmişdir. O, bunu cəmi bir dəfə maraqlı gəldiyi üçün etdiyini bildirmişdir. Əməlindən peşman olduğunun, bir daha bu kimi əməllər törətməyəcəyinin, həmçinin himayəsində iki azyaşlı övladının olduğunun nəzərə alınaraq, barəsində daha yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Mövsüm oğlu həmin gün, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 6166 nömrəli rəyindən görünür ki, Şəxs Mövsüm oğlunda psixostimulyatorlardan istifadə halları olub. Lakin, onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mövsüm oğlu tərəfindən İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mövsüm oğlu tərəfindən İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Mövsüm oğlu barəsində Binəqədi RPİ-nin 40-cı PB tərəfindən İXM-in 206, 510, 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mövsüm oğlunun məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə onun İXM-in 206, 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Azemis” elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 Taleh Mövsüm oğlunun övladlarıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs Mövsüm oğlunun səmimi peşmançılığını və himayəsində iki azyaşlı uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Şəxs Mövsüm oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs Mövsüm oğlunun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, Şəxs Mövsüm oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, narkomaniya xəstəliyindən əzab çəkmədiyini nəzərə alaraq hesab edir ki, nəzərə alaraq hesab edir ki, Şəxs Mövsüm oğlu təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Bundan başqa Şəxs Mövsüm oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Mövsüm oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətində həbs edilsin. Şəxs Mövsüm oğlu məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 oktyabr 2025-ci il, saat 19:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Şəxs Mövsüm oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar