Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7433/2025 10.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahatında bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1478/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Nəcəfli (Dadaşova) Solmaz Əsəd qızına ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanmış və xx.xx.2023-cü il tarixdə borclu qərar və bildirişlə tanış edilmişdir. İcra sənədi üzrə 1120 manat alliment borcu olduğu üçün və zərərçəkmiş şəxs şikayət etdiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir. Aliment kəsildiyi vaxtdan hər zaman mütəmadi olaraq ödəniş etmişdir. Lakin bir müddət işsiz olduğu üçün gəliri olmamış və buna görə də aliment öhdəliyini icra edə bilməmişdir. Həmin müddət ərzində də aliment borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə yenidən işləməyə başlamış, 100 manat və 200 manat olmaqla ödəniş etmişdir. Bundan sonra da hər ay mütəmadi olaraq aliment ödənişini icra edəcəkdir. Göstərilənlərin nəzərə alınmaqla barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1478/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Nəcəfli (Dadaşova) Solmaz Əsəd qızına ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1478/2023 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində soyadı “Dadaşova” olaraq göstərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs X5 məxsus 523915******0698 nömrəli kart hesabına 100 manat ödəniş etmişdir. “Leobank” İnternet Bankçılıq tətbiqindən olan çıxarışdan görünür ki, 523915******0698 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə 200 AZN vəsait köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Hazırkı iş üzrə qeyd edilməlidir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1478/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Nəcəfli (Dadaşova) Solmaz Əsəd qızına ödənilməlidir. Həmin icra sənədi üzrə 1120 manat ödənilməmiş aliment məbləği olduğu üçün icra məmuru tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdən etibarən hər ay 220 manat aliment ödəməlidir. Cari ilin sentyabr ayının 13-də borclu artıq 27-ci ay üzrə aliment öhdəliyini icra etməli idi. Bütün aylar üzrə ödənişlər tam icra olunduğu halda ödənilmiş aliment məbləği 5940 AZN təşkil etməli idi. Lakin protokol tərtib edildiyi zaman borc məbləği cəmi 1120 manat olmuş, yəni həmin vaxtadək 4820 manat aliment məbləği Şəxs tərəfindən ödənilmişdir. Bundan başqa borclu tərəfindən xx.xx.2025-ci il tarixdə əlavə olaraq da 200 manat aliment ödənişi edilmişdir. Həmçinin Şəxs mütəmadi şəkildə aliment ödənişini ödəmiş, bir müddət işsiz olduğu üçün faktiki imkanı olmadığından aliment öhdəliyini icra edə bilməmiş və 1120 manat borc yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yenidən işə düzəldikdən sonra isə ümumilikdə 300 manat aliment ödəmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs aliment öhdəliyi yaranandan ödənilməli olan aliment ödənişinin böyük hissəsini ödəməsi, yaranmış aliment borcunun şəxsin işləmədiyi müddət ərzində yaranması, borclunun işə düzəldikdən sonra, yəni oktyabr ayında ümumilikdə 300 manat ödəniş etməsi onun icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yalnız işləmədiyi dövrdə aliment ödənişini icra etməməsi müəyyən edildiyindən və onun işlədiyi müddət ərzində mütəmadi şəkildə aliment öhdəliyini icra etməsi təsdiqini tapdığınından, bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-7433/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7433/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver