Məhkəmə qərarları › İş №3(001)-7434/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7434/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7434/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Böyük Qarakilsə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şabran rayonu, Kilvar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7958/2018 nömrəli icra vərəqəsinə əsasən 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 sentyabr 2018-ci tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment və Nigar Ələkbərovanın üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X2 xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(031)-404/2020 nömrəli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(031)-56/2021 nömrəli hökmü ilə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tututlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İcra işi ərazi adiyyəti üzrə Binəqədi rayon İcra şöbəsinə göndərildikdən sonra Şəxs çağırışlara gəlməmiş, barəsində axtarış qərarı qəbul edilmiş, polis tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Şəxs aliment borcu üzrə cəmin 250 manat ödəmiş, icra sənədi üzrə borcunu icra etmədiyindən 13536 manat borcu yığılmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən qızı Nigar Ələkbərovanın yetkinlik yaşına çatanadək ondan alimentin tutularaq Nəzakət Nəzərovaya ödənilməsi qət edilmişdir. Onun daimi işi omadığına görə alimenti ödəyə bilməmiş, borcu yığılmışdır. Alementi ödəmədiyinə görə Şabran Rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Hal-hazırda aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən qızı Nigar Ələkbərovanın yetkinlik yaşına çatanadək Şəxs tərəfindən ona aliment ödənilməsi qət edilmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınmışdır. Şəxs ona cəmi 250 manat ödəniş etmiş, 13536 manat borcu yığılmışdır. O, Şəxs borcunu tələb edir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7958/2018 nömrəli icra vərəqəsindən görünür ki, 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 sentyabr 2018-ci tarixdən başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment və 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üç yaşı tamam olana qədər 50 (əlli) manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X2 xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(031)-404/2020 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(031)-56/2021 nömrəli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 7958/2018 nömrəli icra vərəqəsinə əsasən X4 cəmi 13563 manat aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7958/2018 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və borcunu maddi imkanı aşağı olduğuna görə ödəmədiyini bildirmişdir. Məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar