Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7438/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş 03 oktyabr 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 19 sentyabr 2023-cü il tarixdə 26284,69 ABŞ dolları məbləğində olan vəsaiti avans olaraq bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 20 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (işçisi) X1 izahatında göstərdi ki, həmin pul vəsaiti Belarus Respublikasında fəaliyyət göstərən “Munix LLC” şirkətinə göndərilmiş, həmin şirkətdən alınan mallar da 19 sentyabr 2023-cü il tarixli gömrük bəyannaməsi ilə ölkəyə gətirilmişdir. Lakin, bəyannamədə çatdırılma şərti kimi 110 kodu göstərilməli olduğu halda, 120 göstərilmişdir. Bu, broker şirkətin səhvidir. Məhkəmədən vaxt verilərsə, həmin yanlışlıq aradan qaldırılacaqdır. N.R.Həbibovanın şifahi vəsatətinə əsasən məhkəmə iclası təxirə salınsa da, növbəti məhkəmə iclasınadək sözügedən dəyişikliklə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, göstərmişdir ki, hüquqi şəxs tərəfindən inzibati xəta predmeti ödənişlə əlaqəli olduğu iddia edilən **********7327 sorğu nömrəli yük gömrük bəyannaməsi avans ödənişinin təyinayına uyğun gəlmir, yəni malın dəyərinin əvvəlcədən öədnilməsi ilə əlaqədar müvafiq malların ölkəyə daxil olmasını özündə əks etdirmir. Belə ki, bəyannamə “120” kodu ilə ifadə olunur ki, bu da malın dəyərinin idxaldan sonra ödəniləəcyi anlamına gəlir. Bununla yanaşı, həmin bəyannamənin “8001” qrafasında əks olunmuş invoys da işdəki ödənişin həyata keçirildiyi invoysla eynilik təşkil etmir... İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 19 sentyabr 2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 26284,69 ABŞ dolları məbləğində pul vəsaiti «MUNİX LLC» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 24 sentyabr 2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs tərəfindən 26284,69 ABŞ dolları məbləğində olan vəsait bank hesabından 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara avans olaraq köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan 09 mart 2022-ci il tarixli müqavilədən görünür ki, «MUNİX LLC» şirkəti ilə Şəxs arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 26284,69 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 19 sentyabr 2023-cü il tarixdə bank vasitəsilə avans olaraq Azərbaycan Respublikasından kənara köçürmüş və 26284,69 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 26284,69 (iyirmi altı min iki yüz səksən dörd dollar, altmış doqquz sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 5256,94 (beş min iki yüz əlli altı dollar, doxsan dörd sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 8936,8 (səkkiz min doqquz yüz otuz altı manat, səksən qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-7438/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7438/2025
22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver