Məhkəmə qərarları › İş №3(001)-7445/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7445/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7445/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi – Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Hüquqi şəxs "ZƏFƏR-S HOSPİTAL” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanovun qərarı əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜ Ə Y Y Ə N E T D İ : Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən qəbul edilmiş 02 oktyabr 2025-ci il tarixli qərarla hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmış, qərar və toplanmış material hüquqi şəxsi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – direktor X6 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən “Etalon” klinikasında X3 2025-ci ilin may ayında X7 və X4 üzərilərində “rinoplastika” cərrahi əməliyyatların icra edilməsi kimi işlərin görülməsinə cəlb etmiş, bununla da MMC İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın nümayəndəsi – Yasamal rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Nigar Abbasova qərarda göstərilənləri müdafiə etdiyini bildirib, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X8 Şəxs MMC ilə bağlanmış 10 yanvar 2025-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən hospitalda həkim kimi fəaliyyət göstərmişdir. Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası həyata keçirilir. Sertifikasiyadan keçmiş şəxslər 5 (beş) il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər. X8 da qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmişdir. Lakin, A.Əbilzadəyə verilmiş sertifikasiyanın müddəti 2025-ci ilin aprel ayında bitdiyindən, MMC tərəfindən A.Əbilzadə ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli 045 nömrəli əmrlə əsassız olaraq xitam verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə sertifikasiya şəhadətnaməsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməli hallar sırasında nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Həmin maddənin 5-ci hissəsinə görə sertifikasiya imtahanından “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. X8 11 iyun 2025-ci il tarixdə həkimlərin sertifikasiyasından müvəffəqiyyətlə keçmiş və ona Azərbaycan Respublikasının ərazisində otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Bundan sonra X8 ilə Şəxs MMC arasında yeni əmək müqaviləsi bağlanmış və o, MMC-nin 18 iyun 2025-ci il tarixli 65 nömrəli əmrinə əsasən yenidən işə qəbul edilmişdir. Bütün bu hadisələrdən sonra X8 Şəxs MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi” tələbi ilə müvafiq mediasiya təşkilatına müraciət etmişdir. A.Əbilzadənin müraciəti ilə bağlı Şəxs MMC tərəfindən hüquqi xidmət göstərilməsi üçün ona müraciət olunmuş, o, isə A.Əbilzadənin işdən çıxarılmasının əmək qanunvericiliyinə uyğun olmadığını Şəxs-ın diqqətinə çatdırdıqdan sonra tərəflər barışıq sazişi bağlamağa dair razılıq əldə etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq, Azər Əbilzadə ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verməkləri ilə bağlı xx.xx.2025-ci il tarixli əmrin etibarsız olduğu üçün ləğv edilməsi və Azər Əbilzadənin əsassız olaraq xx.xx.2025-ci il tarixli, 65 nömrəli əmrlə yenidən işə qəbul edilməsi haqqında əmrin hüquqi qüvvəsi olmayan hesab edilərək ləğv edilməsi haqqında əmrlər verilmişdir. Habelə, A.Əbilzadəyə məcburi iş buraxma müddəti üçün əmək haqqı və dövlət sosial sığorta ödənişləri hesablanaraq, ödənilmiş, X2 MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fasiləsiz işləməsi ilə bağlı ƏMAS sistemində düzəliş edilməsi üçün xx.xx.2025-ci il tarixli, 23 nömrəli məktubla Əmək Müfəttişliyinə müraciət edilmişdir. Yəni, Azər Əbilzadə sözügedən əməliyyatların icra edildiyi dövrdə qanuni olaraq işə cəlb edilmişdir. Buna görə də, MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - “Elektron prokurorluq informasiya sistemi”ndən əldə edilmiş əmək müqaviləsi məlumatlarından görünür ki, X8 ilə Şəxs MMC arasında 10 yanvar 2025-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır; - AH seriyalı, 063358 nömrəli “Sertifikasiya şəhadətnaməsi”ndən görünür ki, X5 11 iyun 2025-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində otorinoqarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. - X8 ilə Şəxs MMC arasında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış 14 oktyabr 2025-ci il tarixli barışıq sazişində göstərilmişdir ki, 1. X8 və Şəxs MMC xx.xx.2025-ci il tarixli, 044 nömrəli əmrin etibarsız hesab edilərək, X2 işə bərpa edilməsi barədə razılığa gəldilər. 2. X8 və Şəxs MMC razılığa gəldilər ki, X5 MMC tərəfindən xx.xx.2025-ci il tarixindən etibarən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəniləcək. 3. Hazırki saziş imzalandığı gündən qüvvəyə minir, tərəflər arasında hazırki mübahisə üzrə əvvəllər olmuş və gələcəkdə yarana biləcək bütün mübahisələri həll edir. X8 dövlət orqanlarına, eləcə də idarə və təşkilatlara MMC barəsində etdiyi bütün şikayət ərizələrini geri götürməyi öhdəsinə götürür. - Şəxs MMC-nin icraçı direktoru X9 17 oktyabr 2025-ci il tarixli, 152 nömrəli əmrinə əsasən, X2 ümumi cərrah vəzifəsindən azad edilməsi barədə xx.xx.2025-ci il tarixli əmr etibarsız sayılmış, onun xx.xx.2025-ci il tarixdən etibarən yenidən əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi qərara alınmışdır; - Şəxs MMC-nin icraçı direktoru X9 17 oktyabr 2025-ci il tarixli, 153 nömrəli əmrinə əsasən, 18 iyun 2025-ci il tarixli, 65 nömrəli “işə qəbul haqqında” əmrin qüvvəsi ləğv edilmiş, işçinin faktiki olaraq 10 yanvar 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək müddət ərzində aralıqsız fəaliyyət göstərdiyinin nəzərə alınması qərara alınmışdır; - Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış 17 oktyabr 2025-ci il tarixli, 23 nömrəli məktubda göstərilmişdir ki, “MMC-nin X1 vəzifəsində çalışan həkim X8 ilə bağlanmış əmək müqaviləsinə 22 aprel 2025-ci il tarixdə 044 nömrəli, 18 iyun 2025-ci il tarixdə 065 nömrəli xitam və işə qəbul əmrləri verilmişdir. xx.xx.2025-ci il tarixli mediasiya sazişinə əsasən 22 aprel 2025-ci il tarixli 044 nömrəli, 18 iyun 2025-ci il tarixli 065 nömrəli əmrlər ləğv edilərək X2 10 yanvar 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək fasiləsiz işləməsi nəzərə alınmışdır. Xahiş edirik sistemdə bununla bağlı düzəliş üçün şərait yaradasınız”; - Şəxs MMC tərəfindən təqdim edilmiş “Muzdlu işə dair məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə cəlb edilən gəlirlər və hesablamalar”a dair cədvəldən görünür ki, X2 məcburi iş buraxma dövrü üçün əmək haqqı, dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə ödənişlər aparılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin çıxışını dinləyib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən inzibati xətadır və həmin xətanın tərkibinin yaranması üçün şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməli, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 ilə Şəxs MMC arasında 10 yanvar 2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə bağlanan zaman A.Əbilzadənin sertifikasiya şəhadətnaməsi qüvvədə olmuş, A.Əbilzadənin sertifikasiya şəhadətnaməsinin qüvvədə olma müddəti bitdiyindən onunla bağlanmış əmək müqaviləsinə 22 aprel 2025-ci il tarixli 044 nömrəli əmrlə xitam verimiş, A.Əbilzadə təkrar sertifikasiyadan keçdikdən sonra onunla MMC arasında yeni əmək müqaviləsi bağlanmışdır. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü hissəsinin tələbinə görə sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Həmin maddənin 5-ci hissəsinə əsasən sertifikasiya imtahanından “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, Şəxs MMC A.Əbilzadəni təkrar sertifikasiya imtahanından keçənə qədər iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, praktik tibb fəaliyyətinə buraxmamalı olduğu halda, onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə zidd olaraq xitam verilməsi barədə əmr qəbul etmiş, tərəflər arasında olan mediasiya prosesinin nəticələrinə uyğun olaraq həmin əmr etibarsız sayılaraq, A.Əbilzadənin xx.xx.2025-ci il tarixdən etibarən yenidən əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və onun 10 yanvar 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək fasiləsiz işləməsinin nəzərə alınması qərara alınmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, İXM-nin 192.1-ci maddəsinin ictimai təhlükəliliyi əsasən 2 aspektdə özünü biruzə verir. Birincisi, əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilən işçilər üzrə məcburi dövlət ödənişləri ödənilmir ki, bununla da işçilərin gələcəkdə dövlətin sosial təminatından məhrum olunması riski yaranır, ikinci isə işəgötürənlər vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınırlar. Hazırki işdə yuxarıda qeyd olunan hər 2 ictimai təhlükəli nəticə Şəxs MMC tərəfindən aradan qaldırılmışdır. Belə ki, əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmiş A.Əbilzadəyə məcburi iş buraxma dövrü üçün əmək haqqı, bununla bağlı bütün vergilər və digər sosial ödənişlər həyata keçirilmişdir. Təsadüfi deyildir ki, İXM-nin 192.1-ci maddəsi ilə eyni faktiki əsaslara söykənən Azərbaycan Respublikasının Cinayət Məcələsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci hissəsində həmin Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərər alaraq məhkəmə hesab edir ki, Şəxs MMC barəsində İXMnin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin hərəkətlərində həmin maddənin tərkib əlamətləri olmadığından xitam verilməlidir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 53.1.2, 105, 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "ZƏFƏR-S HOSPİTAL” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar