Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7446/2025 03.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs İXM-in 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 bildirmişdir ki, X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə 3 saylı Bakı DOST Mərkəzinə müraciət ünvanlamışdır. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliynə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, yəni xidmət fəaliyyət sistemlerinə uyğun olaraq işə götürənlərdən zəruri olan sənədləri tam düzgün və vaxtında təqdim edilməsini tələb edə bilər. Bu məzmunda Şəxs MMC-yə məktub ünvanlanmışdır. Lakin MMC tərəfindən məktuba əsasən sənədlər tam təqdim edilməmişdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xəta Məcəlləsinin 539.3-cü maddəsinin tərkibi yaratmış və protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Ona görə də, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, sənədlərin tam təqdim edilməməsi dedikdə məktubla tələb edilən sənədlərin siyahısında 6-cı bənd üzrə sənədlərin tam təqdim edilməməsi nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən son 12 ay üzrə iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti tələb edilsə də, iş vaxtının uçotu sənədləri son 12 ay üzrə təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, X8 Xidmətinin nümayəndəsinin çıxışında bildirdiyi MMC tərəfindən məlumatların tam təqdim edilməməsi ilə bağlı fikrinə münasibət bildirmək istəyər. Belə ki, X8 Xidməti tərəfindən X2 ilə bağlı tələb edilmiş bütün sənədlərin surəti tam şəkildə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məktubun 6-cı bəndində iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti tələb edilmiş, yalnız əmək haqqı hesablanması cədvəllərinin surəti söz birləşməsindən sonra mötərizədə son 12 ay üzrə ifadəsi qeyd edilmişdir. Son 12 üzrə ifadəsi yalnız mötərizədən əvvəl olan söz birləşməsinə aid olduğu üçün son 12 ay üzrə əmək haqqın hesablanması cədvəllərinin surəti, həmçinin sonucu ay üzrə iş vaxtının uçotunun surəti X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərimişdir. Göründüyü kimi tələb edilən bütün sənədlərin surəti təqdim edildiyi halda iş vaxtının uçotunun son 12 ayla bağlı təqdim edilməməsi, həmin sənədin qeyri-dəqiq şəkildə tələb edilməsi ilə bağlı olmuşdur. Belə olan halda sənədlərin X8 Xidmətinin Bakı şəhər İdarəsinə tam təqdim edilməməsindən söhbət gedə bilməz. Odur ki, qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 539.3-cümaddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş işdə olan: xx.xx.2025-ci il tarixli, 3-17-5/2-55872/2025 nömrəli məktubun surətindən görünür ki, və X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxsnə müraciət olunaraq X1 müraciətinə münasibət bildirilməsi və şəxsə aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmişdir. Həmin məktubda tələb edilən sənədlərin siyahısı göstərilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, AL MARKET” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X8 Xidmətinin Bakı şəhər İdarəsinə cavab məktubu göndərilmiş və müvafiq sənədlərin surəti göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 55872/2025 nömrəli məktubda qeyd edilən sənədlər X8 Xidmətinin Bakı şəhər İdarəsinə tam təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-55872/2025 nömrəli məktubla Şəxsnə müraciət olunaraq X1 müraciətinə münasibət bildirilməsi və şəxsə aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmiş, Şəxs MMC tərəfindən həmin məktuba cavab verilərək tələb edilən məlumatlar təqdim edilmişdir. Qeyd edilən məlumatların X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edildiyi baxılması üçün məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Lakin qeyd edilən məlumatlar X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-58788/2025 nömrəli məktubla tələb edilən sənədlərin siyahısında 6-cı bəndində qeyd edilmiş “iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə)” sənədlərin tam təqdim edilməməsi əsası ilə həmin xidmət tərəfindən Şəxs MMC barəsində İXM-in 539.3-maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X8 Xidmətinin nümayəndəsi məhkəmə iclasında həmin bənddə qeyd edilmiş “son on iki ay üzrə” müddətinin 6-cə bənddə qeyd edilmiş hər iki sənədə aid edildiyini bildirmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi ilə “son on iki ay üzrə” müddətinin 6-cı bənddə qeyd edilən hər iki sənədə deyil, mötərizədən əvvəl gələn sənədə aid olduğunu qeyd edərək həmin sənədin 12 ay üzrə, digər sənədin 1 ay üzrə təqdim edildiyini bildirmişdir. Qeyd edilən anlaşılmazlıqla bağlı məhkəmə qeyd edir ki, İş vaxtının uçotu” anlayışı texniki və kadr uçotu sənədi olub, adətən aylıq və ya gündəlik şəkildə tərtib edilir. Ona görə də iş vaxtının uçotu üzrə “son on iki ay” kimi məhdudlaşdırma verməyə ehtiyac olmur, istənilən dövr üzrə istənilən ayın cədvəli təqdim edilə bilər. Əksinə, “əmək haqqı hesablanması cədvəlləri” adətən hesabat dövrlərinə görə (aylıq, rüblük, illik) aparıldığı üçün, “(son on iki ay üzrə)” məhz onun dövrünü göstərmək məqsədilə əlavə edilə bilər. X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş siyahıda göstərilən “İş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə)” ifadəsində mötərizədə göstərilən “(son on iki ay üzrə)” əlavəsi yalnız “əmək haqqı hesablanması cədvəllərinin surəti” hissəsinə aiddir. Belə ki, Azərbaycan dilinin sintaktik qaydalarına görə, mötərizədə göstərilən ifadəsi yalnız özündən dərhal əvvəlki söz birləşməsinə aid edilir. Mötərizədəki “(son on iki ay üzrə)” ifadəsi “əmək haqqı hesablanması cədvəllərinin surəti” söz birləşməsindən dərhal sonra yerləşdiyindən, onun “iş vaxtının uçotu” ifadəsinə aid edilməsi qrammatik cəhətdən mümkün deyil. İkincisi, məzmun baxımından “iş vaxtının uçotu” sənədləri əməkdaşların faktiki iş saatlarını əks etdirən gündəlik və ya aylıq daxili uçot cədvəlləridir və bu sənədlərin təqdim olunması müəyyən dövrlə (məsələn, son 12 ayla) məhdudlaşdırılmır. Əksinə, “əmək haqqı hesablanması cədvəlləri” isə əmək haqqının hesablanması və ödənilməsi üzrə dövri maliyyə sənədləri olduğundan, onların təqdim olunmasının “son on iki ay üzrə” dövrlə məhdudlaşdırılması məntiqə və sənədin təyinatına uyğundur. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan Şəxs barəsində əsassız halda İXM-in 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə Şəxs İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cümaddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-7446/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7446/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver