Məhkəmə qərarları › İş №3(001)-7447/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7447/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7447/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, şikayət vermiş şəxs X1 və onun nümayəndəsi (qardaşı) X2 iştirakları ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli, EQ 30926098 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli, EQ 30926098 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini, hadisə yerindəki yol xətlərinin və nişanlarının düzgünlüyünün Azərbaycan Yerüsta Nəqliyyat Agentliyi tərəfindən yoxlanmasını, nəqliyyat vasitəsini faktiki idarə edən şəxs kimi X2 izahatının alınmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta hadisəsi qeydə alınan vaxt avtomobil Rövşən Quliyevin deyil, qardaşı Elşən Quliyevin istifadəsində olmuş, avtomobil Elşən Quliyevin ünvan 1 ünvanındakı fərdi evin qarşısında dayanmışdır. Digər tərəfdən, avtomobil evin giriş darvazasının qarşısında, evə daxil olmaq üçün qısa müddətlik dayanmışdır, ərazidə “Dayanmaq qadağandır” nişanlı yoxdur, yol xətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən düzgün çəkilməmişdir. Məhkəmə iclasında R.V.Quliyev şikayətdə göstərilənləri təsdiq, şikayəti müdafiə etdiyini bildirərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi E.V.Quliyev də şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Belə ki, iş materiallarından görünür ki, - X1 İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinməsinə dair 26 sentyabr 2025-ci il tarixli, EQ 30926098 nömrəli elektron qərarın qəbul edilməsinə əsas olan inzibati xəta hadisəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınmışdır. - “Toyota Prius (hibrid)” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmaqla, Rövşən Quliyevə həmin avtomobili idarə etmək hüququ etibarnamə ilə tanınmışdır. - Rövşən Quliyevin yaşayış ünvanı ünvan 2v 25, mənzil 19 olduğu halda, X4 rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 6 ünvanında yaşayır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta hadisəsinin X3 tərəfindən törədilməsi ilə bağlı əsaslı şübhələr mövcud olduğundan, qərar ləğv olunmalı və iş üzrə Baş X7 İdarəsində bu istiqamətdə yenidən araşdırma aparılmalı, şikayət qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli, EQ 30926098 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xətanı hadisəsinin kim tərəfindən törədilməsi istiqamətində yenidən araşdırma aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar