Məhkəmə qərarları › İş №3(001)-7450/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7450/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7450/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 525-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 525-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli protokol tərtib edilmiş, İXM-in 43 maddəsinə əsasən inzibati işə baxılması səlahiyyəti məhkəməyə aid olduğundan protokol tərtib etmiş, MN ******* nömrəli qərardadla inzibati işi qurumun yerləşdiyi yer üzrə Nərimanov Rayon Məhkəməsinə göndərmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi inzibati işi aidiyyat qaydasında, özünün 3(005)-3949/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir.

3. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi inzibati işi Nərimanov Rayon Məhkəməsinə göndərərkən qurumun yerləşdiyi yer amilini əsas götürmüş, Nərimanov Rayon Məhkəməsi isə barəsində icraat aparılan şəxsin məhkəmədə verdiyi ifadəsinə əsasən inzibati işi xətanın baş verdiyi yer üzrə Binəqədi Rayon Məhkəməsinə göndərmişdir.

4. İşin faktiki halı ondan ibarətdir ki, Azəbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən əldə edilmiş əməliyyat məlumatları əsasında müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş Şəxs internet informasiya ehtiyatlarından və ya informasiya-telekominikasiya şəbəkələrindən istifadə etməklə öz mobil telefonuna “Mostbet” və “Pin-up” qumar oyunlarını yükləyərək onlayn qumar oyunu oynamışdır. Barəsində protokol tərtib edilmiş Şəxs öz izahatında bildirmişdir ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixində Xudat qəsəbəsində olarkən“Pin-up” qumar oyunu oynamış, oynadığı müddət ərzində isə 1000 manata yaxın oyuna pul qoysa da cəmi 40 manat məbləğində uduş əldə etmişdir. Əşyanı könüllü təqdim etmə və həmin əşyaya baxış keçirilməsindən isə müəyyən edilmişdir ki, Şəxs “Honor” markalı “200 Pro” modelli telefonuna həqiqətən də “Mostbet” və “Pin-up” adlı onlayn qumar oyunları yüklənmişdir. Şəxs barəsində tərtib edilmiş ******* nömrəli protokoldan müəyyən edilmişdir ki, sonuncu iyul ayından bugünədək onlayn qaydada müxtəlif qumar oyunları oynamışdır. Azəbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən tərtib edilmiş ******* nömrəli protokol üzrə inzibat işə xx.xx.2025-ci il tarixində Nərimanov Rayon Məhkəməsində baxılarkən barəsində protokol tərtib etmiş şəxs onlayn qumar oyununu sonuncu dəfə 25 avqust 2025-ci il tarixində Xudat qəsəbəsindən gələndən sonra Binəqədi rayonu ərazisində oynadığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında işi İXM-in 110.1, 112.4 və 114.3-cü maddəsinə istinad edərək inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərmişdir.

5. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, internet informasiya ehtiyatlarından və ya informasiya-telekominikasiya şəbəkələrindən istifadə edilməklə törədilən inzibati xətalarda ərazi aidiyyatının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, qeyd edilən inzibati işlə bağlı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclasında protokolu tərtib edən Azəbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi polis mayoru Nümayəndə bildirmişdir ki, son zamanlar onlayn qumar oyunları cəmiyyətdə maraq doğuran hala çevrilmişdir. Hətta son zamanlar bu oyunlara aludə olanlar narkomiyadan əziyyət çəkənləri ötmüş, bununla bağlı bir sıra reabilitasiya mərkəzləri də fəaliyyətə başlamışdır. Bu səbəbdən də tərəfimizdən qeyd edilən qumar oyunlarına qarşı ciddi şəkildə mübarizə aparılmaqdadır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs online qumar oynaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şəxsi idarəyə dəvət edib izahatını alarkən şəxs özü onlayn kazino oyunları oynadığını etiraf etmişdir. Buna görə də şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Daha sonra nümayəndə ona verilən suala cavab olaraq bildirmişdir ki, Şəxs izahatında kazino oyunlarını Xudat qəsəbəsində oynadığını etiraf etmişdir. Nümayəndə onu da bildirmişdir ki, onlayn qumar oyunlarını sonuncu dəfə harada oynaması ilə bağlı məlumatı şəxsin öz ifadəsinə görə müəyyən etmişlər və bu oyunların informasiya və komunikasiya şəbəkələrindən istifadə etməklə yükləndiyindən qanun pozuntusunu daxili texniki imkanlar hesabına müəyyən etmək qeyri-mümkündür. Daha sonra ifadəsini davam etdirərək əlavə etmişdir ki, şəxsin qumar oyunlarında nə qədər udmasını və ya uduzmasını şübhəli əməliyyatlarla bağlı kart məlumatlarının tarixçəsindən bilmək mümkündür. Lakin bu da şübhədir dəqiq deyil. Əgər şəxs özü etiraf etsə ki bu qədər uduş olub, o zaman protokol həmin məbləğə münasibətdə tərtib edilir. Nümayəndə sonda onu da bildirmişdir, son zamanlar onlayn qumar oyunları ilə bağlı icraatlarında işlər çoxalmış, lakin qeyd edilən hallar, yəni xətanın törədildiyi yerin texniki imkanlar hesabına müəyyən edilə bilməməsi icraatın uzanmasına səbəb olmaqdadır. Belə ki, onlar protokolu ifadə əsasında tərtib etsələr də barəsində icraat aparılan şəxs sonradan məhkəmədə ifadəsini dəyişərsə məhkəmələr inzibati işi aidiyyat üzrə göndərirlər. Bu isə əsassız vaxt itikisinə səbəb olur.

6. Məhkəmə iclasında dindirilmiş barəsində protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, onlayn qumar oyununu 3-4 ay olar ki, oynayır. Sonuncu dəfə qumar oyununu konkret harda oynamasını xatırlamasa da, faktiki yaşadığı evdən kənarda müxtəlif yerlərdə, Xudatda olarkən, yolda gələrkən də oyun oynamış, lakin daha çox Binəqədi rayonunda Varovskidə çayxanada oynadığı üçün ifadəsini bu formada vermişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

7. İXM-in 106.0.1-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin həll etməli olduğu məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını yoxlamasıdır. İXM-in 110.1-ci maddəsinə görə İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

8. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar).

9. Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur.

10. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur.

11. Qeyd edilməlidir ki, İXM-in 43, 44 və 110-cu maddələrində inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur.

12. Eyni zamanda İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir.

13. İXM-in 134.1.5-ci maddəsi aidiyyət məsələsinə dair məhkəmə səhvinin aradan qaldırılması üçün əlavə vasitə kimi şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul etmək imkanını nəzərdə tutmuşdur.

14. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə İXM-in 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi).

15. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun Qərarında göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Məhkəmənin hazırlıq iclasında Azəbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsnin etibarnamə üzrə nümayəndəsi polis mayoru Nümayəndə bildirmişdir ki, onlayn qumar oyunlarını özlərində olan texniki imkanlarla aşkarlamaq qeyri-mümkün olduğundan onların harada baş verməsini də əvvəlcədən müəyyən etmək olmur. Qanunsuz əməl barədə məlumat əsasən əməliyyat yolu ilə əldə edilməklə, daha sonra şəxsin öz ifadəsi və telefonuna baxış keçirilməklə təsdiqlənir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd edilən Plenum qərarı ilə mövcud mübahisəni həll etmək mümkün deyildir.

16. Bundan başqa inzibati xətanın törədildiyi yer ilə bağlı konkretlik mövcud olmadığından, belə ki, xətanın törədildiyi yerin dəqiqləşdirilməsi barəsində icraat aparılan şəxsin ifadəsindən asılı olduğundan, həmin şəxsin sonradan ifadəsini dəyişməsi ilə (hazırki inzibati iş kimi) aidiyyat məsələsində çaşqınlıq yaratmaqla, ədalətli məhkəmə araşdırmasına da imkan verməməkdədir. İşin ədalətli həlli üçün isə aidiyyat məsələsi konkret olmalı və çaşqınlığa səbəb olmamlıdır.

17. Nəzərə almaq lazımdır ki, hər bir şəxs asanlıqla öz telefonuna, kompüter və ya planşetinə bu oyunları internet üzərindən yükləyə bilir və qeyd edilən əşyalar isə daşınar olduğundan onları istənilən yerə daşımaq mümkündür və hüquq mühafizə orqanlarının bu əməllərin konkret harada törədilməsini aşkar etmək üçün texniki imkanları mövcud deyildir. Bu səbəbdən də internet informasiya ehtiyatlarından və ya informasiyatelekominikasiya şəbəkələrindən istifadə etməklə törədilən inzibati xətalarda aidiyyatın müəyyən edilməsinə zərurət yaranır.

18. Məhkəmə hesab edir ki, mövcud məsələyə münasibətdə, Xüsusi ittiham qaydasında baxılan işlər üzrə internet informasiya ehtiyatlarından və ya informasiyatelekominikasiya şəbəkələrindən istifadə etməklə törədilən cinayətlərdə aidiyyatla bağlı təcrübənin götürülməsi (cinayəti törədənin qeydiyyat yeri üzrə) hüquqi-müəyyənlik üçün effektiv olacaqdır.

19. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli 3 nömrəli qərarının 12-ci bəndinin 4-cü abzasında nəzərdə tutulmuş müddəaya görə “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır”. Bu kateqoriyadan olan cinayət işlərinə baxarkən aidiyyatın müəyyənləşdirilməsində mövcud ziddiyyətli halları aradan qaldırmaq üçün Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1-8/1-500/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 1- 8/1-1647/2024 nömrəli 3 ulduzlu qərarında belə izah verilmişdir ki, CPM-də nəzərdə tutulmuş məhkəmə qərarının qanuniliyinə və əsaslılığına dair tələblər həm də onu ehtiva edir ki, qərarda ifadə olunmuş məhkəmə qənaəti aydın və birmənalı olmalıdır. Bu tələblərə məhkəmə aidiyyəti ilə bağlı məsələni həll edən hazırlıq iclasının qərarı da cavab verməli, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə başqa məhkəməyə göndərilirsə, qərarın təsviri-əsaslandırıcı hissəsində hansı faktiki və hüquqi əsaslara görə şikayətin bu məhkəməyə deyil, başqa (konkret) məhkəməyə aid olduğu əsaslandırılmalı və məhkəmənin qənaətinə görə şikayətə baxmaq səlahiyyətində olan məhkəmə dəqiqliyi ilə müəyyən olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində “şəxsin yaşayış yeri” anlayışına aid edilən yerlər özü-özlüyündə, yəni şəxsiyyət vəsiqəsində yaşayış yeri qismində göstərilibgöstərilməməsindən (şəxsin həmin yaşayış yeri üzrə qeydiyyata alınıb-alınmamasından) asılı olmayaraq deyil, yalnız bu qisimdə şəxsiyyət vəsiqəsində göstərilmiş yer olduğu halda sözügedən qanunun məqsədləri baxımından şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Yəni bu və ya digər yerin həmin müddəada “şəxsin yaşayış yeri” anlayışı ilə ehtiva olunanlara sadəcə aid edilməsi deyil, məhz şəxsiyyət vəsiqəsində yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan) olaraq göstərilməsi həmin yerin şəxsin yaşayış yeri olaraq qiymətləndirilməsini şərtləndirir.

20. Müvafiq olaraq da şəxsin şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi göstərilməyən yerlər, hətta onun özünə məxsus yaşayış binası, mənzil belə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində bəyan edilmiş məqsədlər (o cümlədən məhkəmə icraatlarının həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə şəxs arasında kommunikasiyanın qurulması) baxımından onun yaşayış yeri hesab edilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində göstərilən (yuxarıda təsvir edilmiş) digər müddəaya, habelə həmin Qanunun 10-cu maddəsinə görə şəxsin müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər ictimai yerlər, qohumunun, tanışının, özünün yaşayış binası (şəxsin həmin yerlərdə olması yaşayış yeri üzrə qeydiyyatın aparılmasını və yeni şəxsiyyət vəsiqəsinin verilməsini deyil, yaşayış yeri üzrə qeydiyyat ləğv edilmədən şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını tələb edən hal olduğu üçün) “şəxsin yaşayış yeri” sayılmır və “şəxsin olduğu yer” anlayışı ilə əhatə olunur.

21. Beləliklə, hüquqi ünvanı məlum olmayan və qeydiyyat ünvanı Azərbaycan Respublikası ərazisi olmayan informasiya və komunikasiya şəbəkələri vasitəsilə törədilən cinayətlərə münasibətdə Ali Məhkəmənin Plenum qərarı və xüsusi ittihamla bağlı aidiyyatın müəyyən edilməsi məqsədilə qəbul etdilən 3 ulduzlu qərarları cinayəti törədənin qeydiyyatda olduğu yer üzrə məhkəməni səlahiyyətli hesab etmişdir.

22. Hazırkı inzibati işdə də eyni halla rastlaşdığımızdan (qumarın internet üzərindən yüklənərək oynanılması, yüklənmiş oyunun hüquqi ünvanının bəlli olmaması) məhkəmə hesab edir ki, internet informasiya ehtiyatlarından və ya informasiyatelekominikasiya şəbəkələrindən istifadə etməklə törədilən və hüquqi ünvanı bəlli olmayan inzibati xətalarda aidiyyat inzibati xətanı törədənin qeydiyyat ünvanı üzrə yerləşən məhkəmə olmalıdır.

23. Beləliklə, məhkəmə hüquqi müəyyənlik baxımından gələcəkdə anoloji mübahisələrin həlli üçün ərazi aidiyyatının müəyyən edilməsinin vacibliyini nəzərə alaraq hesab edir ki, aidiyyat məsələsinin həlli üçün 3(001)-7450/2025 nömrəli inzibati iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 118, 129-cu maddəsini rəhbər tutaraq, məhkəmə

qərara aldım:

İnzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə MN ******* nömrəli qərardad üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar