Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7458/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31047166 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X5 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 31047166 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 10:22 radələrində Xırdalan dairəsi yaxınlığında avtomobilini 1-2 dəqiqəlik yol kənarında saxlamış, yük yerinə yükü təhvil verib, hərəkətinə davam etmişdir. xx.xx.2025ci il tarixdə saat 15:20 radələrində ona cərimə haqqında bildiriş gəlmişdir. Belə ki, o, avtomobili 1-ci zolaqda saxlamağına baxmayaraq ona 2-ci zolaqda saxlamağa görə cərimə tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Baş X7 İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31047166 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Baş X7 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31047166 nömrəliinzibati tənbeh vermə haqqında qərarından görünür ki, “FAW B 30” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X5 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Qərara əlavə edilmiş foto görütü - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. X1 tərəfindən təqdim edilmiş mübahisəli yolun ön və arxa hissədən çəkilmiş görüntüləri isə aşağıdakı kimidir. Fotoşəkillərdən göründüyü kimi, “FAW B 30” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarında, parklanma nişanının (“P”) olduğu sahədən dərhal sonrakı cərgədə dayanmışdır. Həmin “P” nişanı bu hissənin avtomobillərin saxlanması üçün ayrılmış xüsusi parklanma zolağı olduğunu təsdiqləyir. Park zolağından dərhal sonra başlayan hissə isə yolun hərəkət hissəsinin sağ kənarıdır, yəni bu avtomobilin dayandığı yer birinci cərgə sayılır. İkinci cərgə yalnız o halda yarana bilər ki, avtomobil artıq bu kənardan bir addım irəli gedərək yolun özündə, hərəkət zolağında, digər avtomobillərin paralelində dayansın. Hazırki halda isə belə vəziyyət yoxdur – çünki avtomobilin sağ tərəfində yol deyil, parklanma yerləri yerləşir. Belə olan halda, avtomobilin sağında hərəkət zolağı yox, park sahəsi olduğu üçün burada “ikinci cərgə” anlayışından danışmaq mümkün deyil. Buna görə də sürücünün hərəkətinə İXM-in 346.4-cü maddəsinin tətbiqi əsassızdır, çünki həmin maddə yalnız ikinci və sonrakı cərgələrdə, yəni yolun hərəkət hissəsində dayanma hallarına aiddir. Əgər sürücü parklanma zolağına nisbətdə düzgün bucaqda saxlamayıbsa, bu, dayanma qaydalarının pozulması sayılır və İXM-in 346.1-ci maddəsi ilə qiymətləndirilməlidir. Nəticə etibarilə, bu vəziyyətdə pozuntu “ikinci cərgədə dayanma” deyil, sadəcə dayanma qaydasının pozulmasıdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Baş X7 İdarəsinin xx.xx.2025ci il tarixli EQ 31047166 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən hadisə yerini müşahidə edərək inzibati xətanı düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 31047166 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Baş X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-7458/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7458/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver