Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-746/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs MMC, AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra ev 12, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 15 fevral 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 46676,40 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 28 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 46676,40 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi Vəkil inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında bildirmişdir ki, Şəxs MMC ilə Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD” arasında xx.xx.2013cü ildə distryubütorluq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Replek Farm LTD”-in istehsal etdiyi dərman vasitələrinin Azərbaycan Respublikasında satışının təşkili nəzərdə tutulmuşdur. Qeyd edilən şirkətin məhsullarının alışı Gürcüstan Respublikasında qeydiyyatdan keçən və fəaliyyət göstərən "xxxx" MMC-dən alınmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə Şəxs MMC ilə "xxxx" MMC arasında 200000 ABŞ dolları həcmində müqavilə bağlanmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə uyğun olaraq dərman vasitələrinin alınmasına görə ödəniləcək məbləğin Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD”-in hesabına köçürülməsi qərara alınmışdır. Müqaviləyə əsasən 2021-ci il tarixdə müxtəlif vaxtlarda 10 dəfə olmaqla vəsait Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD”-in hesabına köçürülmüş və həmin vəsaitlər hesabına Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən alınmış dərman preparatları respublika ərazisinə idxal olunmuş və gömrük bəyannamələri ilə Şəxs MMC-in adına rəsmiləşdirilmişdir. 28 yanvar 2021-ci il tarixdə Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD”-in hesabına köçürülmüş 46676,40 Avro məbləğində xarici valyutada olan vəsait hesabına alınan dərman vasitələri də Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən alınmış və bu Şəxs MMC ilə “Replek Farm LTD” arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuşdur. Dərman vasitələri qanunla müəyyən edilmiş müddət ötmədən ölkəyə idxal edildiyindən inzibati xəta hadisəsi baş verməmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəfin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 46676,40 Avro məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. İşdə olan "xxxx" ASC-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən 46676,40 Avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 46676,40 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən xarici şirkətinin hesabına köçürülmüş 46676,40 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi müəyyən edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, işdə olan Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD” ilə Şəxs MMC arasında 02 noyabr 2013-cü il tarixdə bağlanmış 6611/1 nömrəli müqavilədən görünür ki, “Replek Farm LTD” Şəxs MMC-yə məhsulları öz ərazisinə idxal etmək və satmaq hüququ verir. Şəxs MMC “Replek Farm LTD”-in məhsullarını müstəsna olaraq “Replek Farm LTD”-dən və ya “Replek Farm LTD”-in bu müqavilənin şərtlərinə əsasən müstəsna olaraq yazılı şəkildə səlahiyyət verdiyi şəxslər və ya qurumlardan satın almalıdır (1.1-ci bənd). İşdə olan Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC ilə Şəxs MMC arasında 15 sentyabr 2020-ci il tarixdə bağlanmış 01/2020 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında 200000 ABŞ dolları həcmində müqavilə bağlanmışdır. İşdə olan Şəxs MMC, Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC və Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD” arasında imzalanmış 15 sentyabr 2020-ci il tarixli 01/2020 nömrəli müqavilənin 1 saylı Əlavəsindən görünür ki, “Replek Farm LTD” ilə Şəxs MMC arasında 02 noyabr 2013-cü il tarixdə bağlanmış 6611/1 nömrəli müqavilənin 4.4-cü bəndinə müvafiq olaraq "xxxx" MMC-dən alınmış mallara görə pul vəsaiti Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD”-in hesabına köçürülməlidir. Belə olan halda aydın olur ki, hüquqi şəxs Şəxs MMC ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC və Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD” arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, Şəxs MMC-in mal almaq niyyəti olmuş və malları almaq üçün tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Makedoniya Respublikasında fəaliyyət göstərən “Replek Farm LTD”-in hesabına 46676,40 Avro məbləğində vəsait köçürmüş, ödənilən həmin pulun müqabilində isə mallar yenə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmiş və işdə olan gömrük bəyannamələrinə əsasən Şəxs MMC-in adına rəsmiləşdirilmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 15 fevral 2023-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-746/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-746/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver