Məhkəmə qərarları › İş №3(001)-7460/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7460/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7460/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 25000 Avro məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 25000 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 sentyabr 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə3 bildirmişdir ki, inzibati orqanın iki hüquqi şəxs arasında bağlanan müqavilənin hər hansı bir normasında istinad edərək hüquqi şəxs barəsində tənbeh tətbiq edilməsi barədə qərar qəbul etməsi tamamilə absurddur. İnzibati tənbeh yalnız müvafiq qanunvericiliyin tələblərinin pozulması nəticəsində törənən xətaya görə tətbiq edilə bilər. İXM-nin 430.4-cü maddəsi ölkədən lüzumsuz pul çıxarılmasının qarşısını almaq məqsədi daşıyır. Hazırki iş üzrə hüquqi şəxsin ölkədən valyuta çıxarmaq niyyəti və məqsədi olmamışdır. Köçürülən pul əvəzinə mallar ölkəyə idxal edilməsə də, əvəzinə köçürülən puldan daha artıq məbləğdə pul vəsaiti ölkəyə qaytarılmışdır. Belə ki, həmin mallar daha baha qiymətə Rusiya şirkətinə satılmışdır. Yəni iki müstəqil alqı-satqı həyata keçirilmişdir. 3 tərəfli müqavilə isə bank tərəfindən tələb edildiyi üçün bağlanmışdır. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və elektron sistemə ərizə yerləşdirərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 23 oktyabr 2025-ci il elektron məhkəmə informasiya sistemində əlavə etdiyi ərizədə göstərmişdir ki, "xxxx" MMC-nin hazırkı inzibati xəta haqqında iş üzrə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmaqla yanaşı, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlara əsasən həmin hüquqi şəxs tərəfindən onun inzibati məsuliyyətini istisna edən hər hansı sübut təqdim edilməmişdir. İşdə olan və ödənişin həyata keçirildiyi xx.xx.2022-ci il tarixli 1/28-09-22 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında müvafiq mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməlidir. Belə olan halda, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əsasən həmin malların ölkə ərazisinə daxil olmasını təsdiq edən müvafiq gömrük bəyannaməsi mövcud olmalıdır. Lakin hazırda belə bir bəyannamə məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, inzibati xətanın predmeti olan pul vəsaitini ölkə xaricinə köçürmüş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli təkrar məlumatına əsasən sözügedən avans ödənişi açıq olmaqla, müvafiq malların ölkəyə daxil olması, yaxud pul vəsaitinin ölkəyə qaytarılması müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə inzibati tənbeh tətbiq olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan və əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2023cü il tarixində 25000 Avro vəsaiti xarici köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə daxil olduğunu təstiqləyən sənədləri banka təqdim etməmişdir. 6-2-30/2-39728/2025 qeydiyyat nömrəli “Debit haqqında” bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində 25000 Avro vəsaiti ******* nömrəli, xx.xx.2023-cü il tarixli invoysa və 1/28-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Apfel GmbH” şirkətinin hesabına köçürülmüşdür. 23LV**********35B6 nömrəli ixrac gömrük bəyannaməsindən görünür ki, 19 ədəd bağlamada, çəkisi 7883 kiloqram olan, invoys dəyəri 35668 avro təşkil edən mallar alıcı "xxxx" MMC-yə göndərilmişdir. Təyinat ölkəsi olaraq “RU” (Rusiya Federasiyası) qeyd edilmişdir. 1/28-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə görünür ki, satıcı “Apfel GmbH” şirkəti və alıcı Şəxs arasında alqı-satqaı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən alcı tərəfindən alınan mallar Almaniyadan Azərbaycan gömrük ərazisinə gətirilmək üçün nəzərdə tutulmuşdur. 2301364 nömrəli, xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, “Apfel GmbH” şirkətinin Şəxsnə göndərilməli olan malların dəyəri 35668 Avro təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, 24 nömrəli köçürmədən görünür ki, Rusiyada fəaliyyət göstərən "xxxx" şirkəti Şəxs 17 nömrəli, xx.xx.2023-cü il tarixli köçürməyə və 01/22-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə yə əsasən 7000 avro köçürmə etmişdir. xx.xx.2025-ci il tarixli, 01 nömrəli məktubdan görünür ki, Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək “Apfel GmbH” şirkətinə avans ödənişləri edilmiş 25000 avro və 10668 avro vəsait ödənişlərin təyinatında vasitəçilik xidməti əvəzinə texniki yanlışlıq nəticəsində mal alışıolaraq qeyd edilməsi və həmin vəsaitlərin Rusiyada fəaliyyət göstərən "xxxx" MMC şirkətinə çatdırılması və ödənişlərin xx.xx.2023-cü il tarixdə 7000 avro və 31794,80 avro olaraq ölkəyə qaytarılması göstərilmişdir. 10228010/261223/2246766 nömrəli gömrük bəyannaməsindən görünür ki, 38794,80 avro dəyərində malları “Apfel GmbH” Şəxs sifarişi əsasında göndərmiş və mallar Rusiyada fəaliyyət göstərən “Ottimo-tulz” şirkəti tərəfindən idxal olunmuşdur. xx.xx.2023-cü il tarixli, 17 nömrəli invoysdan görünür ki, Şəxs tərəfindən Rusiyada fəaliyyət göstərən "xxxx" MMC şirkətinə göndərilmə olan malların dəyəri 38794,80 avro təşkil etmişdir. 01/22-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Rusiyada fəaliyyət göstərən "xxxx" MMC şirkəti və Şəxs arasında müqavilə bağlanmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə hesab edir ki, Şəxs İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, Şəxs MMCnin 25000 Avro məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, bunun müqabilində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə riayət edilməsi müəyyən edilməmişdir. Başqa sözlə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs aralarında bağlanmış 1/28-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə, bundan başqa ******* nömrəli, xx.xx.2023-cü il tarixli invoysa əsasən “Apfel GmbH” şirkətinin hesabına xx.xx.2023-cü il tarixində 25000 Avro vəsait köçürmüş, lakin Şəxs tərəfindən ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 25000 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi həmin vəsait hesabına alınan malların Rusiyada fəaliyyət göstərən hüquqi şəxsin ünvanına göndərilməsi və həmin şirkət tərəfindən köçürülən vəsaitdən artıq pulun ölkəyə qaytarılmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC vasitəsi ilə Şəxs tərəfindən “Apfel GmbH” şirkətinin hesabına 25000 Avro məbləğində vəsaitin köçürülməsinə səbəb 1/28- 09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Həmin müqavilədə "xxxx" MMC alıcı, “Apfel GmbH” şirkəti isə satıcı qismində çıxış etmiş,həmin müqavilənin 1.2-ci bəndinə əsasən alcı tərəfindən alınan mallar Almaniyadan Azərbaycan gömrük ərazisinə gətirilmək üçün nəzərdə tutulmuş, lakin pulun köçürülməsindən iki il müddət keçməsinə baxmayaraq, mallar Azərbaycan Respublikasına idxal olunmamış, habelə qabaqcadan ödəniş edilməklə köçürülmüş pullar geri qaytarılmamışdır. "xxxx" MMC-nın vasitəçi kimi fəaliyyət göstərməsi və müəyyən sənədlərə istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki "xxxx" MMC vasitəçi fəaliyyətini əks etdirən sənədləri pul köçürməmişdən əvvəl müvəkkil olan "xxxx" ASC təqdim etməli və köçürülmə həmin sənədlərə əsasən aparılmalı idi. Lakin "xxxx" MMC vasitəçilik xidməti göstərməsi barədə pul köçürərkən müvəkkil edilmiş banka hər hansı sənəd təqdim etməmiş, yalnız barəsində inzibati icraat başlanıldıqdan sonra məsuliyyətdən yayınmaq üçün vasitəçilik xitməti göstərməsi barədə sənədləri təqdim etmişdir. "xxxx" MMC ilə “Apfel GmbH” şirkəti arasında imzalanmış 1/28-09-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin 1.2-ci bəndində də alınan malların Azərbaycan gömrük ərazisinə gətirilməsi nəzərdə tutulduğundan, hazırda həmin müqavilə üzrə alınmış malların Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 25000 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin 21 sentyabr 2025-ci il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq etmək məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs 25000 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin 25000 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyindən, valyuta vəsaitini geri qaytarmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avro olduğundan cərimənin məbləği Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 25000 (iyirmi beş min) Avro valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 5000 (beş min) Avro (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar