Məhkəmə qərarları › İş №3(001)-7465/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7465/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7465/2025 10.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Masallı rayonunda rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, Şəxs “Facebook” sosial şəbəkəsində dövlət məmurlarını təhqir etdiyinə gərə Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2025-ci il tarixdə polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində Şəxs ilə söhbət aparılarkən yenidən dövlət məmurlarını, həmçinin polis əməkdaşlarını təhqir etmiş, səs-küy salmağa başlamışdır. Şəxs polis bölməsinin normal iş rejimini pozduğu üçün ona sakit olması ilə bağlı xəbərdarlıq edilmiş, lakin o, xəbərdarlıqlara məhəl qoymayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs xırda xuliqanlıq etdiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə onun tərəfindən sonuncu barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qohumu saxta ittihamla xuliqanlıq əməlinə görə məhkum olunmuşdur. Buna görə qohumu barəsində hökm çıxarmış hakimlər barəsində “Facebook” sosial şəbəkəsində etiraz olaraq təhqiramiz ifadələr yazmışdır. Bununla bağlı polis əməkdaşları onu Binəqədi RPİ-nin 40-ci polis bölməsinə dəvət etmişdir. Polis bölməsində onun bölmənin rəisi qəbul etmiş, sosial şəbəkədə yazdığı fikirlərlə bağlı sorğu sual etmişdir. O, qohumunun şərlənib həbs edildiyinə və əsassız yerə cəza almağına görə hakimlərə qarşı nalayiq ifadələr yazıdığını bildirmişdir. Buna görə barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, polis bölməsində səs-küy salmamış, tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Facebook” sosial şəbəkəsində Şəxs məhkəmə hakimlərinə qarşı təhqiramiz, nalayiq rəylər yazdığını aşkar edib, polis bölməsinə dəvət etmişdir. Polis bölməsində Şəxs söhbət edərkən sonuncu “Facebook” sosial şəbəkəsində məhkəmə hakimlərinə qarşı təhqir xarakterli ifadələr yazdığını etiraf etmiş, həmin ifadələri qohumu barəsində çıxarılmış hökmə etiraz olaraq yazdığını bildirmişdir. Şəxs etdiyi hərəkətin səhv olduğunu bildirdikdə sonuncu özündən çıxaraq səs-küy salmağa başlamış, dövlət məmurlarını, həmçinin polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Şəxs dəfələrlə sakit olmasını bildirsələr də öz hərəkətlərini davam etdirmiş, bölmənin normal iş rejimini pozmuşdur. Şəxs polis bölməsində söyüş söyərək xırda xuliqanlıq etdiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə inzibati qaydada tutulmuş, barəsində İXM-510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X3 digər şahid X5 ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs məhkəmədə verdiyi izahatından da görünür ki, sonuncu polis bölməsində xırda xuliqanlıq etməmiş, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə saat 19:10 radələrində Binəqədi RPİ-nin 40-cı polis bölməsində dövlət məmurlarını və polis əməkdaşlarını uca səslə təhqir etmiş, nizam-intizama dəvət edilməsinə baxmayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. xx.xx.2025-ci il tarixli 228001 nömrəli protokoldan görünür ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı polis bölməsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi və əkdaşlarına tabesizlik göstərərək qanuni tələblərinə tabe olmadığı üçün barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və şahidlərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi alınmış izahatlar və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 30 (otuz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar