Məhkəmə qərarları › İş №3(001)-7486/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7486/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7486/2025 13.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, X1 oğlunun inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30120732 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermişdir. Lakin həmin şikayət Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)- 2496/2025 nömrəli qərardadı ilə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində Sumqayıt Şəhər Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, xx.xx.2025-ci il tarixli, EQ 30120732 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X1 oğlu xx.xx.2025-ci il tarixdə Ziya Bünyadov prospekti ilə A.Gəraybəyli küçəsinin kəsişməsində “Hyundai County avtobus” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsi hesab etmişdir ki, inzibati xətanın baş vermə yeri Ziya Bünyadov prospekti ilə A.Gəraybəyli küçəsinin kəsişməsi olduğundan şikayətə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin110.1-ci maddəsinə əsasən aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin qərardadındakı həmin mövqeylə aşağıdakılara əsasən fikir ayrılığı yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən həmin məcəllənin 327-1.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə həmin xəta ilə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X1 oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsi üzrə müəyyən edilir. Yuxarıda qeyd edilən hallara Sumqayıt Şəhər Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmə qərardaddakı həmin mövqe ilə razılaşa bilinməz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, X1 oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30120732 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət üzrə işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün şikayət və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 118, 129-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 30120732 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar