Məhkəmə qərarları › İş №3(001)-7488/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7488/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7488/2025 13.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs Hacıyeva (Yüzbəyova) Nailə Yunis qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nadir oğlunun iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qusar rayonu, Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "X7" şirkətinin Azərbaycan Respublikasındakı Filialında operator vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3184/87 Zahid Qəmbərov küçəsi A/Yataqxana ev 144 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Nadir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Nadir oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Nadir oğlu xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü övladları X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimenti və hər ay əlavə olaraq 50 manat vəsaiti uşaq 3 yaşına çatanadək X1 ödəməlidir. Həmin icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə qərardadı ilə aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunmuşdur. xx.xx.2025-ci il tarixdə şəxsin əmək haqqından 70 faiz miqdarında tutulma aparılması üçün müvafiq məktub Şəxs Nadir oğlunun iş yeri "X7" şirkətinin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. İcra sənədi üzrə hazırda 2156 manat aliment borcu vardır. Tələbkarın müraciətlərinə görə borclu barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Hacıyeva (Yüzbəyova) Nailə Yunis qızı bildirmişdir ki, Şəxs Nadir oğlu ona hər ay artıq ödənişlər edərək sentyabr ayına kimi borcu bağlayacağını bildirmişdir. Lakin hələ də borcu ödəməmişdir. Odur ki, alimentin tam şəkildə ödənilməsini tələb edir. Şəxs Nadir oğlu həmin məbləği ödəmədiyi üçün sonuncunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sentyabr ayında borclu tərəfindən ona 500 manat ödəniş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nadir oğlu bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə aliment kəsilmiş və o mütəmadi olaraq ödəniş etmişdir. Onun tək gəliri "X7" şirkətinin Azərbaycan Respublikasındakı Filialından aldığı maaşıdır. Həmin maaşın da 70 faizinə yönləndirmə olmuşdur. Yığılmış borcun ödənilməsi üçün vaxt istəmiş, əlinə pul düşdükcə ödəyəcəyini bildirmişdir. Sentyabr ayında da 500 AZN ödəniş etmişdir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 13432/2017 saylı icra vərəqəsindən görünür ki, 16 iyul 2017-ci il təvəllüdlü X3 21 avqust 2017-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində 136 manat aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Şəxs 16 iyul 2017-ci il təvəllüdlü X5 3 yaşına çatanadək 21 avqust 2017-ci il tarixindən başlayaraq hər ay əlavə olaraq 50 manat aliment tutularaq iddiaçı X1 ödənilməlidir. xx.xx.2017-ci il təvəllüdlü “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13432/2017 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-101/2025 və xx.xx.2025-ci il tarixli, 8(001)-101/2025 saylı qərardadlarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(001)-13432/2017 saylı qətnaməsi ilə 16 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs əmək haqqından hər ay 70 faiz miqdarında tutulma aparılaraq Hacıyeva (Yüzbəyova) Nailə Yunis qızına ödənilməsi barədə məktub X7" şirkətinin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nadir oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərəçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Nadir oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Hazırkı iş üzrə qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13432/2017 saylı icra vərəqəsinə əsasən Şəxs tutularaq Hacıyeva (Yüzbəyova) Nailə Yunis qızına ödənilməli olan 136 aliment məbləği indeksasiya olunaraq 468 manat olmuş və həmin icra sənədi üzrə hazırda ödənilməmiş aliment məbləği 2156 AZN təşkil edir. Buna görə də, icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Nadir oğlu "X7" şirkətinin Azərbaycan Respublikasındakı Filialında operator vəzifəsində işləyir və icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar onun əmək haqqının 70 faizinin tutularaq tələbkara ödənilməsi barədə məktub borclunun iş yerinə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İndiki halda borclunun əmək haqqının 70 faizi alimentin ödənilməsi ilə bağlı tutulduğundan və onun digər hər hansı bir gəlirinin olması müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Nadir oğlu tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi istisna olunur. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə əsaslarından biri olan inzibati xətanın sübuta yetirilməsi yükü inzibati icraat orqanının üzərinə düşür və şəxsin təqsiri şübhə doğurmadan müəyyən edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Mövcud iş üzrə isə, inzibati xəta tərkibinin mövcudluğu barəsində əsaslı və şübhəsiz sübutlar təqdim edilmədiyindən, yaranmış hüquqi və faktiki qeyri-müəyyənliklər barəsində icraat aparılan şəxsin xeyrinə qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs Nadir oğlunun məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs Nadir oğlunun əmək haqqının 70 faizi alimentin ödənilməsi ilə bağlı tutulduğundan və onun digər hər hansı bir gəlirinin olması müəyyən edilmədiyindən, bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Şəxs Nadir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Nadir oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar