Məhkəmə qərarları › İş №3(001)-749/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-749/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-749/2022 02.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati bina, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01.02.2022-ci il tarixdə X9 məxsus avtomobildən 4 ədəd təkər kolpakı oğurlayaraq 100 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 01.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 11.02.2022-ci il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs 08.02.2022-ci il tarixdə X4 məxsus həyətdən 4 ədəd dəmir boru oğurlayaraq 200 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 01.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs 23.02.2022-ci il tarixdə X3 məxsus həyətdən 5 ədəd dəmir boru oğurlayaraq 100 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 01.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs 09.02.2022-ci il tarixdə X7 məxsus avtomobildən maqnitafonu oğurlayaraq 100 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 22.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs 10.02.2022-ci il tarixdə X5 məxsus həyətdən bir neçə ədəd dəmir boru və 1 ədəd kustar üsulla hazırlanmış dəmir peçi oğurlayaraq 100 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 01.03.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs 18.02.2022-ci il tarixdə X6 məxsus həyətdən 1 ədəd dəmir çəni oğurlayaraq 90 manat maddi ziyan vurmuşdur. Onun barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 01.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokollardakı əməlin törədilməsi müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, vətəndaşlara maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməllərin törədilməsi müəyyən edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarındakı 01.03.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs 01.03.2022-ci il tarixdə saat 13:00 radələrində tutulmuşdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Vahid Məhkəmə Portalından çıxarışdan görünürki, Şəxs əvvəllər məhkumluğu olmuş, həmçinin 19.10.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin 3(006)-3175/2021 saylı, 19.10.2021-ci il tarixli qərarı ilə AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. AR İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Göründüyü kimi Şəxs tərəfindən eyni inzibati xəta bir il ərzində təkrar törədilmişdir. Məhkəmə bu halı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlini ağırlaşdıran hal kimi qəbul edir. Aparılan məhkəmə araşdırmasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə şəxsə barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, o cümlədən ona təyin ediləcək inzibati tənbehin islah üçün kifayət edib-etməyəcəyini mütləq şəkildə müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də 02 ay müddətində inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 02 (ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 01.03.2022-ci il tarixindən, saat 13:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə həvalə edilsin. Vəkil məhkəmə baxışı zamanı 2 saat əmək haqqının məbləği 12 (on iki) manat ("xxxx" ASC-nin Binəqədi filialına kod-200156, VÖEN-**********, m/h AZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K: AİİBAZ2X, hesab № AZ48AİİB********************, VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar