Məhkəmə qərarları › İş №3(001)-749/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-749/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-749/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən vəzifəli şəxs X8 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarından vəzifəli şəxs X8 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən vəzifəli şəxs X14 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət verən vəzifəli şəxs X14 məhkəmədə şikayətini onunla əsaslandırmışdır ki, o, X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4800 manat miqdarında cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, inzibati təhbeh vermə haqqında qərara əsasən o, X5 əmək hüquqlarını pozmuş, onu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Halbuki, o, X6 heç bir işə cəlb etməmişdir, onu işə cəlb edən şəxs oğlu Vüsal Təhməzovdur. Vüsal Təhməzov bunu ona məlumat vermədən etmişdir. Bu barədə məlumatlı olan kimi X2nu rəsmi qaydada kran xidməti işinə götürmüş, buna dair əmək müqaviləsi bildirişini elektron sistemə daxil etmişdir. X6 işə cəlb etməsə də, oğlu Vüsalın qanunu bilməməkdən irəli gələn qanun pozuntusuna görə səmimi peşmançılıq keçirir. Məhz buna görə X1, onunla əmək müqaviləsi bağlamaqla vəziyyəti düzətmişdir. Əmək Müfəttişliyinin ilk dəfə yol verdiyi qanun pozuntusuna görə onu sərt şəkildə tənbeh etməsini anlamır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, vaxtı-vaxtında vergiləri ödəyir. Kifayət qədər yüksək məbləğdə təyin edilmiş cərimə sahibkarlıq fəaliyyətində ciddi maliyyə çətinlikləri yaradacaqdır. Qeyd olunanlara əsasən, şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin ilk iclasında qərarından şikayət verilən orqanın - X12 Xidmətinin nümayəndəsi X9 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibələrinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanının 2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tikinti obyektlərində monitorinqlər aparılmışdır. Monitorinq zamanı 05 dekabr 2023-cü ildə saat 11:04-də ünvan 1 ünvanda tikilməkdə olan çoxmənzilli yaşayış binasında X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bu barədə 05 dekabr 2023-cü il tarixli yoxlama aktı tərtib edilmiş və inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə göndərilmişdir. Təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən hüquqi şəxs yaranmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X14 barəsində 22 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4800 manat miqdarında cərimə edilmişdir. Həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş vəzifəli şəxsin şikayətini və çıxışını, habelə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materialları ilə əlaqəli şəkildə öyrənərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 00299 saylı 05 dekabr 2023cü il tarixli yoxlama aktından və əmək müqaviləsi olmadan işə cəlb edilmiş şəxslərin siyahısından görünür ki, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibələrinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanının 2.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tikinti obyektlərində monitorinqlər aparılmış, monitorinq zamanı ünvan 1 ünvanda tikilməkdə olan çoxmənzilli yaşayış binasının tikinti sahəsində 05 dekabr 2023-cü ildə saat 11:04-də X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bu barədə yoxlama aktı tərtib edilmiş və inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə göndərilmişdir. X12 Xidmətinin əmək müfəttişi X15 tərəfindən vəzifəli şəxs X14 barəsində tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X13 X3 tərəfindən keçirilmiş motitorinq zamanı ünvan 1 ünvanda tikilməkdə olan çoxmənzilli yaşayış binasının tikinti sahəsində X2nun 05 dekabr 2023-cü ildə saat 11:04-də vəzifəli şəxs X14 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Buna görə vəzifəli şəxs X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarından görünür ki, vəzifəli şəxs X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 4800 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə şikayət verən vəzifəli şəxs X10 istinad edilən inzibati xətaya inzibatixətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, X12 Xidməti tərəfindən vəzifəli şəxs X10 tətbiq edilmiş tənbehin miqdarı İnzibati Xətalar Məcəlləsinin 31- 34-cü maddələrinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 31.1-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.1.7-ci maddəsinə görə törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hallardır. 32.2-ci maddəsinə görə inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 05 dekabr 2023-cü ildə X2 ilə işəgötürən X14 arasında əmək müqaviləsi bağlanmış və X2 kran xidməti işinə götürülmüşdür. İşin hallarından həmçinin görünür ki, X14 X2nun oğlu Vüsal Təhməzov tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edildiyini bildirərək, X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsindən səmimi peşmançılıq keçirdiyini ifadə etmişdir. X2 verdiyi izahatında onu əmək müqaviləsi olmadan işə cəlb edən şəxsin Vüsal Təhməzov olduğunu bildirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində şəxsin digər işləri ilə bağlı məlumatlardan görünür ki, X14 əvvəllər inzibati xəta törətməmiş, inzibati məsuliyyətə cəlb olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemində vergi ödəyiciləri ilə bağlı məlumatdan görünür ki, X14 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir ona ********** nömrəli VÖEN verilmişdir. Belə olan halda aydın olur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması, 32.2-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergi ödəyicisi olması X8 məsuliyyətini yüngülləşdirən hallardır. X8 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Belə olan halda X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasının (3000-5000) yuxarı həddində tənbeh edilməsi həddindən artıq ağır olmaqla yanaşı İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinin tələblərinə uyğun deyil. Ona görə də ona təyin edilmiş tənbehin miqdarı sanksiya həddində endirilməklə yüngülləşdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. 134.1.2. bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında;. 135.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:.. 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması;. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarından X14 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilməklə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təyin edilmiş 4800 manat cərimə tənbehinin miqdarı sanksiya həddində endirilməklə yüngülləşdirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 29 dekabr 2023-cü il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilsin. X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təyin edilmiş 4800 manat cərimə tənbehinin miqdarı 3000 (üç min) manata endirilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar