Məhkəmə qərarları › İş №3(001)-7490/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7490/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7490/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ 30 oktyabr 2025-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Şirkəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Şirkəti barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Şirkəti barəsində tərtib olunmuş 06 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, vətəndaş X1 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" Şirkətinə müvafiq olaraq göndərilən 3-17-5/2-55833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuş, məktubun xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq tələb olunan sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, "xxxx" Şirkəti barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, 3-17-5/2-55833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub şirkətin hüquqi ünvanına göndərilmişdir, rəhbərlik isə həmin hüquqi ünvanda olmur. Bu səbəbdən daxil olan sənədlərə cavablar bəzən gecikdirilir. Bəzi hallarda isə poçtda yubanma baş verdiyindən sənədlər şirkətin ünvanına gec çatır. Bundan başqa, inzibati xəta hadisəsi baş verdikdən 3 aya yaxın müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edilməsi düzgün deyildir. Göstərilənləri nəzərə alaraq, şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" Şirkəti İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" Şirkətinə müvafiq olaraq göndərilən 3-17-5/2-55833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX BŞİ-nə təqdim edilməsi tələb olunmuş, məktubun xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq tələb olunan sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X3 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-55833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X1 "xxxx" Şirkətində əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 3 saylı DOST Mərkəzinə ünvanladığı müraciətinə baxıldığı üçün AR ƏM-nin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X4 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, 3-17-5/2-55833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub SS929311065 az kodu ilə, xx.xx.2025-ci il tarixdə saat 13:27-də "xxxx" Şirkətinə çatdırılmışdır. Elektron-sistemdən olan çıxarışlardan görünür ki, xx.xx.2025-ci il tarixli məktub "xxxx" Şirkətinin elektron kabinetinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilmiş 3-17-5/2-85825/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" Şirkəti və şirkətin direktoru X2 inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmələri məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:30-da 5 saylı DOST Mərkəzinə dəvət olunmuş və bildiriş xx.xx.2025-ci il saat 08:27-də hüquqi şəxsin və direktorunun ünvanına çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Şirkəti tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Şirkəti tərəfindən vətəndaş X1 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən 3-17- 5/2-55833/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub əsasında tələb olunan sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə göndərilməmişdir. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsi” sistemindən və elektron kabinetdən olan çıxarışlardan da görünür ki, sözügedən məktub "xxxx" şirkətinin hüquqi ünvanına 30 iyun 2025-ci il tarixdə çatdırılmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Şirkəti İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Şirkəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar