Məhkəmə qərarları › İş №3(001)-7543/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7543/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7543/2025 03.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol 2023-cü il üzrə maliyyət hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə tərtib edilmişdir. Hüquqi şəxs tərəfindən müddət məsələsi qaldırılmış, həmçinin hüquqi şəxsin nümayəndəsi tərəfindən maliyyə hesabatları ilə auditin aparılması məsələsi qarışdırılır. Səlahiyyətli orqan təşkilata bildiriş göndərilmiş və bildirişdə audit rəyinin təqdim edilməsi tələb edilmişdir. İnzibatə xəta haqqında protokol auditin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmişdir. Maliyyə hesabatlarını təşkilat özü hazırlayır, amma audit rəyi zamanı auditor dəvət dəvət edilir və auditor tərəfindən rəy verilir. İXM-də 2 maddə, yəni 462.1 və 464-cü maddələr vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi maliyyə hesabatlarının təqdim olunmaması və dərc olunmaması ilə bağlı xəta tərkibi müəyyən edir, lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi isə auditin aparılmamasına görə nəzərdə tutulmuş xətanı ehtiva edir. Hüquqi şəxs 2023-cü ilin auditini 2024-cü il ərzində aparmalı olduğu halda bunu etməmişdir. Ona görə də deyilənlərin nəzərə alınaraq Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı mülahizə təqdim edərək göstərmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət nəzərdə tutur. "Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatbalarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. (Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilatihüquqi forma baxımından məhdud məsuliyyətli cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Həmin normaya əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Maddənin məzmunundan göründüyü kimi mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Beləliklə aydın olur ki, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir ki, MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən belə aydın olur ki, məhdud məsuliyyətli cəmiyyət tərəfindən (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir və əgər bu edilməyibsə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xətanın törədilməsi müvafiq olaraq 2024- cü ilin yanvar ayının 1 -nə təsadüf edir ki, Məcəllənin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaları əhatə edən 36-cı fəslinə daxil olan qeyd olunan inzibati xəta üzrə qanunverici tərəfindən inzibati məsuliyyətə cəlb edilmə müddəti inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcəyi müəyyən edilmişdir. Belə olan halda qeyd edirik ki, xx.xx.2025-cü il tarixdə törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti müvafiq olaraq xx.xx.2026-ci il tarixdə bitməli olsa da, iş materiallarından göründüyü kimi qeyd olunan inzibati xəta haqqında protokol 09 oktyabr 2025-ci il tarixdə tərtib olunmuşdur. Şəxs adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2-462/2025 nömrəli məktubu ilə Maliyyə Nazirliyinə təqdim edilmiş 2023-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hal-hazırda fəaliyyət göstərən açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə 31 dekabr 2023ci il tarixə olan məlumatlara (siyahıya) daxil edilmişdir. Məktubun surəti və məktubdan çıxarış iş matreallarına əlavə edilmişdir. Göründüyü kimi, Şəxs illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə öhdəliyi mövcuddur. Şəxs 2023- ci il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə baxəlması üçün 09 oktyabr 2025-ci il tarixdə, saat 11-25 də Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə 17 sentyabr 2025-ci il tarixli 3-23/2-6098//2025 nömrəli bildiriş Cəmiyyətə göndərilmişdir; Qeyd olunan qanunvericilik aktlarının tələblərini yerinə yetirmədiklərinə görə Şəxs barədə “09” oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında Protokol” tərtib edilmişdir.” Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs 2023-cü ilin yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla hesabat dövrü üzrə illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə 2024-cü ilin aprel ayının 30-dan gec olmayaraq aidiyyəti üzrə təqdim etməli idi. Belə olan halda, Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi gün qanunvericilikdə nəzərdə tutulan müddətin bitdiyi gün hesab olunur və inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi (Məcburi auditdən yayınma) Məcəllənin 36-cı fəsilində (Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar) yer aldığına görə, həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 30 aprel 2025-ci il tarixində başa çatdığına görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "09" oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli "İnzibati xəta haqqında Protokol"un tərtib edilməsi qanuna ziddir, bu səbəbdən başlanmış icraata xitam verilməlidir. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, auditin aparılmamasını təsdiq edir. Şəxs direktoru Məhəmməd Neymətli tərəfindən təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, “X1" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “09” oktyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol” tərtib edilmişdir. Hesab edir ki, müddətin keçməsi ilə bağlı hüquqi şəxs barəsində başlanmış icraata xitam verilməlidir. İnzibati xəta haqqında Protokolda göstərilib ki, Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparıİmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xətanın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin (mikro və kiçik sahibkarlıq subyektləri istisna otmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün hər il müstəqil auditor cəlb etmək vəzifəsi (kənar audit) və “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq bu kimi hallarda həyata keçirilməli olan auditin məcburi olması çıxış edir. Məhkəmənin-diqqətinə çatdırıram ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən: 11.0. Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir; 11.0.1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 11.0.2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr aymın 31-i də daxil olmaqla; 11.0.3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1dən dekabr ayının 31-i də daxil olmaqla. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, kommersiya təşkilatlan illik maliyyə hesabatlarım və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən Şəxs 2023-cü ilin yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla hesabat dövrü üzrə illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə 2024-cü ilin aprel ayının 30-dan gec olmayaraq aidiyyəti üzrə təqdim etməli idi. Belə olan halda, “X1" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi gün qanunvericilikdə nəzərdə tutulan müddətin bitdiyi gün hesab olunur və inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi (Məcburi auditdən yayınma) Məcəllənin 36-cı fəsilində (Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar) yer aldığına görə, həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 30 apral 2025-ci il tarixində başa çatdığına görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “09” oktyabr 2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati xəta haqqında Protokol”un tərtib edilməsi qanuna ziddir, bu səbəbdən başlanmış icraata xitam verilməlidir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.” İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3- 21-2-1/2-462/2025 nömrəli məktubundan görünür ki, məktuba əlavə edilmiş orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn siyahı barədə çıxarışda Şəxs adı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, 3-23/2-6098/2025 saylı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bildirişindən görünür ki, Şəxs 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində xx.xx.2025-ci il tarixdə, saat 11:25-də Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində “Audit Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidməti tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2-462/2025 nömrəli “Məlumatların Maliyyə Nazirliynə təqdim edilməsi haqqında” məktuba əlavədən görünür ki, Şəxs MMC məcburi auditdən yayınmaya görə Azərbaycan Respublikası İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab olunur. Hüquqi şəxsin nümayəndəsi də auditin aparılmamasını mübahisələndirməmiş, xətanın törədildiyini təsdiq etmiş, sadəcə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə-vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun; 2-ci maddəsinə əsasən Audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyətəsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları- mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:- il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;- oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;- digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti ilin sonunadək olan dövrü əhatə etməsi kimi başa düşülür. Belə olduqda MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Hüquqi şəxs inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi məsələsini mübahisələndirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun etirazda qeyd etdiyi, həmçinin cəmiyyətin nümayəndəsinin məhkəmə baxışı zamanı irəli sürdüyü hüquqi şəxsin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olmasına münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə Şəxs MMC tərəfindən AR İXM-in 464-cü maddəsi ilə inzibati xətanın törədilməsi müvafiq olaraq 2025-ci ilin yanvar ayının 1-nə təsadüf edir ki, İXM-in Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaları əhatə edən 36-cı fəslinə daxil olan qeyd olunan inzibati xəta üzrə qanunverici tərəfindən inzibati məsuliyyətə cəlb edilmə müddəti inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcəyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti müvafiq olaraq xx.xx.2026-cı il tarixdə bitməli olsa da, iş materiallarından göründüyü kimi qeyd olunan inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində icraat aparılan hüquqi şəxsin direktorunun və eyni zamanda məhkəmə iclasında iştirak etən nümayndəsinin irəli sürdüyü hüquqi şəxsin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olmasına dair dəlilləri əsassızdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 464-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar