Məhkəmə qərarları › İş №3(001)-755/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-755/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-755/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri X6, X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli 16 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına şikayətçi X5 tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli, 16 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Kafarov Emil onun həmkəndlisi olmuş, eyni zananda əmisi oğlu onun yanında işlədiyindən o, onun yanına bir neçə dəfə gəlib getmişdir. X13 Federasiyası vətəndaşıdır, Rusiya Federasiyasında müharibə başlayandan sonra Azərbaycana gəlmişdir və 3 aydan çox Azərbaycanda qalmışdır. 15 dekabr 2023-cü ildə X11 rayon, Miqrasiya İdarəsinin inspektoru X7 tərəfindən saxlanılmışdır və ondan hansı səbəbə Azərbaycanda 3 aydan artıq müddətə qaldığı soruşulmuşdur. Ona, həmin anda deportasiya olunacağı bildirilmiş, o da qorxduğu üçün yalandan guya Bakıda ona məxsus mebel sexində işlədiyini bildirmişdir. Lakin, Kafarov Emil onun yanında 1 gün də olsun işləməmiş və onunla arasında hər hansı bir əmək müqaviləsi imzalanmamış və yaxud hər hansı bir razılaşma olmamışdır. Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi isə Rusiya Federasiysının vətəndaşına tez-tələsik tərcüməçi olmadan çoxlu sayda sənədləri imzalatmışdır. Kafarov Emil isə sənədləri nə üçün imzalamasını soruşduqda ona aid heç bir problemin olmadığını bildirmişlər. Kafarov Emil hazırda Rusiya Federasiyasındadır. Kafarov Emil ilə videokonfrans vasitəsi ilə məhkəmə iclasında əlaqə saxlanıla bilər. O, özü etiraf edəcək ki, ona məxsus mebel sexində işləməmiş, heç mebel sexinin harda yerləşməsindən məlumatı olmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qanunsuz olaraq barəsində İXM-in 578.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokola əsasən guya o, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi almadan əcnəbi vətəndaşı haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmişdir. Halbuki, belə bir şey baş verməmişdir. Sadəcə olaraq miqrasiya xidmətinin işçiləri Kafarov Emilə hədə-qorxu gələrək onu 3 il departasiya edəcəklərini bildirdiyindən Kafarov Emil qorxaraq guya burada işlədiyini bildirmişdir. Bunun əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qanunsuz olaraq barəsində İXM-in 578.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolun əsasında isə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmaqla 3000 manat miqdarında cərimə edilmişdir. Qanunsuz yazılmış 3000 manat pulu ödəməyə maddi imkanı çatmır. Günahı olmayaolmaya ona cərimə yazılması qanunsuzdur. Ona görə də, tərtib edilmiş protokol və onun əsasında çıxarılmış qərar qanunsuzdur və əsassızdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Rusiya Federasiysının vətəndaşı Kafarov Emil Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müvafiq icazə almadan 90 gündən artıq qaldığı və müvafiq iş icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul olduğu üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə cərimə edilmiş və şəxs tərəfindən həmin cərimə məbləği ödənilmişdir. X5 barəsində inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədləri məhkməyə təqdim edərək bildirmişdir ki, Emil Kafarov 15 dekab 2023-cü il tarixdə vermiş olduğu izahatında X3 məxsus mebel sexində mühasib işlədiyini və 3 ay işlədiyi üçün ona ümumilikdə 1350 manat əmək haqqı ödənildiyini bildirmişdir, eyi zamanda həmin izahat şəxsən onun özü tərəfindən əl ilə yazılmış və izahatında tərcümçiyə ehtiyacının olmadığını, Azərbaycan dilində başa düşdüyünü bildirmişdir. Emil Kafarov Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş müddətdən artıq qaldığına və iş icazəsi tələb olunduğu halda bu icazə olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan onun barəsində 15 dekabr 2023-cü il tarixdə İXM-nin 575.1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixdə inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Emil Kafarov tərəfindən onunbarəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarda müəyyən edilmiş cərimə məbləği tam olaraq ödənilmişdir. O və yaxud Dövlət Miqrasiya Xidmətinin əməkdaşı şikayətçi X4 tanımır, bu səbəbdən onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi mümkün deyil. Kafarov Emilin izahatı alındıqdan, onun barəsində inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul olunduqdan sonra X5 barəsində İXM-nin 578.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi tərəfindən şikayət ərizəsində göstərilən dəlillər əsassızdır. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: MN seriyalı ******* nömrəli 16 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən İXM-in 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə vəzifəli şəxs qismində 3000 manat cərimə edilmişdir. 15 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən İXM-in 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Vergi ödəyicisinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Kafarov Emil tərəfindən İXM-in 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Kafarov Emil tərəfindən İXM-in 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 20.1. Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. 20.2. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Sadalanan normalardan aydın olur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 90 gün nəzərdə tutulmuşdur. 90 gündən artıq qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə almalıdırlar. Həmçinin, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi də almalıdırlar. Buna baxmayaraq, Rusiya vətəndaşı Kafarov Emil müvəqqəti yaşamaq üçün və iş icazəsi olmadan Azrbaycan Respublikasının ərazisində 90 gündən artıq qaldığı və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğu üçün onun barəsində İXM-in 575.1.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 400 manat cərimə edilmiş və həmin cərimə məbləğini ödəmişdir. Kafarov Emil öz yazdığı izahatında X3 məxsus mebel sexində mühasib kimi işlədiyini və ümumilikdə ona bu müddət ərzində 1350 manat əmək haqqı ödənildiyini bildirmişdir. Bundan əlavə məhkəmə şikayətin Kafarov Emilə tərcüməçi təyin etmədən, teztələsik xidmət işçiləri tərəfindən çoxlu sayda sənədləri imzalatmalarına dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş 15 dekabr 2023-cü il tarixli izahatdan görünür ki, Emil Kafarov həmin izahatda Azərbaycan dilində başa düşdüyünü və tərcüməçiyə ehtiyacının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla X5 tərəfindən İXM-in 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunmuşdur. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli, 16 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN seriyalı ******* nömrəli, 16 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar