Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-757/2025 26.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirak ilə X3 barəsində tərtib edilmiş 27 yanvar 2025-ci il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 rayon X10 Şöbəsi (DYPŞ) tərəfindən barəsində qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş qərardan şikayət verərək, Binəqədi rayon DYPŞ tərəfindən məhkəmə qərarının icra edilməməsi, işin yenidən və obyektiv formada araşdırılmaması faktına hüquqi qiymət veriməsi; DYPŞ-nin əməkdaşı X4 qanunsuz əməllərinə görə qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilməsi; inzibati tənbeh qərarının, müvafiq cərimə ballarının ləğv edilməsi; sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarın dərhal ləğv edilməsi və sürücülük hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında R.Ə.Abduləliyev izahatında göstərdi ki, onun barəsində 20 sentyabr 2024-cü il tarixdə Binəqədi rayon DYPŞ-nin əməkdaşı tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə protokol və qərar qəbul edilmişdir. Guya o, avtomobili idarə edərkən həm təhlükəsizlik kəmərindən istifadə etməmiş, həm də avtomobili spirtli içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyətində idarə etmişdir. Halbuki, tibbi sənədlərdə onun sərxoş vəziyyətdə olmadığı öz əksinin tapmışdır. O, sözügedən qərardan şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin 19 dekabr 2024-cü il tarixli, 3(001)-6726/2024 saylı qərarına əsasən, 20 sentyabr 2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi rayon DYPŞ-yə göndərilmişdir. Lakin, DYPŞ tərəfindən işin halları obyektiv surətdə araşdırılmamış, işin yenidən araşdırılması və nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. O, mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra 27 yanvar 2025-ci il tarixdə, yəni məhkəmə qərarından 39 gün sonra cərimə sistemdən silinmiş və həmin gün İXP6566468 nömrəli protokolla eyni iş üzrə yenidən 400 manat cərimə tətbiq edilmişdir. Həmin gün onunla telefon vasitəsilə əlaqə saxlayan DİN əməkdaşı məsələyə Binəqədi rayon DYPŞ tərəfindən yenidən baxıldığını və qərarın dəyişməyəcəyini bildirmişdir. Halbuki, inzibati xəta törətməsinə dair heç bir sübut ona təqdim edilməmişdir. Bu fakt onu göstərir ki, məhkəmə qərarında qoyulan tələb formal olaraq icra edilmiş və işə mahiyyəti üzrə baxılmamışdır. Nəticədə İXP6566468 nömrəli protokol üzrə tətbiq edilən 5 cərimə balı ilə birlikdə ümumi bal sayı 21-ə çatdığı üçün sürücülük hüququ məhdudlaşdırılmışdır. Sonda R.Ə.Abduləliyev məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 00:32-də Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində “Hyundai İX-35” markalı 99- RB-869 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, 2/51421 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X1 halının müəyyən edilməsi ilə bağlı 20 sentyabr 2024-cü il tarixdə saat 03:00-da müayinə olunmuş və müayinə nəticəsində şəxsin ayıq olması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 3(001)- 6726/2024 saylı qərarına əsasən, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında işin yenidən baxılması üçün Binəqədi rayon DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Elektron portaldan çıxarışlardan görünür ki, X3 barəsində 03 yanvar 2025-ci il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə (yol hərəkəri qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) İXP ******* saylı protokol tərtib edilmişdir. Həmçinin, 20 sentyabr 2024-cü il tarixdə, saat 00:32-də qeydə alınmış inzibati xəta hadisəsi ilə bağlı 27 yanvar 2025-ci il tarixlə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin tarixli qərarla X5 400 manat inzibati cərimə tətbiq edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 3(001)-6726/2024 saylı qanuni qüvvəyə minmiş qərarı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi X10 Şöbəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə şikayətdən və şikayət vermiş şəxsin izahatından müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X6 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması X3 hüquqlarının pozulmasına və qanunvericiliyin tələblərinə riayət olunmadan araşdırma aparılmasına dəlalət edir. Çünki, şəxs tərəfindən həmin tarixdə sərxoşluq halının müəyyən edilməsi ilə bağlı müvafiq orqana müraciət edilərək səlahiyyətli orqanın gəldiyi nəticənin əksinə rəy alınmış olsa da, sonuncuya sərxoş vəziyyətdə olmasını sübut edə biləcək heç bir dəlil göstərilməmişdir. Halbuki müvafiq qaydalara əsasən eyni qəbildən olan inzibati xəta hadisəsi üzrə şəxsin sərxoşluğu xüsusi texniki vasitədən istifadə etməklə müəyyən edildikdə, səlahiyyətli şəxs tərəfindən həmin xüsusi texniki vasitədən əldə edilmiş müvafiq qəbz çıxarılır və şəxs həmin çıxarışla birməlı olaraq tanış edilir. Beləliklə, iş materiallarında olan 20 sentyabr 2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolunda X3 ayıq vəziyyətdə olduğu göstərildiyi və bu halın məhkəmənin qanuni qüvvəyə minmiş yuxarıda göstərilən qərarında da öz əksini tapdığı halda, DYPŞ tərəfindən şəxs barəsində yenidən eyni, yəni İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilmiş, protokol qərar qüvvəli hesab edilərək, şəxsə 400 manat inzibati cərimə təyin edilmişdir. Məhkəmə qərarında göstərilən xüsusatların yenidən araşdırılması, araşdırma mərhələsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin edilməsi ilə bağlı isə Binəqədi rayon DYPŞ tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, münasibət bildirilməmişdir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə hesab edir ki, X3 20 sentyabr 2024-cü il tarixdə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsində təqsiri sübuta yetirilmədiyindən, İXP ******* saylı “inzibati xəta haqqında protokol” üzrə başlanmış icraata xitam verilməli, həmin protokol əsasında qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli qərar ləğv edilməlidir. Şikayətin digər hissələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, Binəqədi rayon DYPŞ tərəfindən məhkəmə qərarının icra edilməməsi, işin yenidən və obyektiv formada araşdırılmaması faktına hazırki qərarla hüquqi qiymət verilmiş, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. Bu qərar qanuni qüvvəyə mindikdən sonra şikayətçiyə İXP6566468 saylı prorokol üzrə cərimə balları tətbiq edilə bilməz, çünki həmin protokol əsasında qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarın dərhal ləğv edilməsi və sürücülük hüququnun bərpa edilməsinə münasibətdə isə qeyd olunur ki, İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxmaq səlahiyyəti məhkəmələrə aiddir. İş materiallarından görünür ki, R.Ə.Abduləliyev barəsində İXM-nin həmin maddəsi ilə tərtib edilmiş protokol qərarsızdır və belə olan halda R.Ə.Abduləliyevin həmin protokola baxılması ilə bağlı keçiriləcək məhkəmə iclasında iştirak edib, sübutlarını təqdim etmək və məhkəmə qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda həmin qərardan şikayət vermək hüquqları mövcuddur. Hazırki halda belə bir qərar mövcud olmadığından, şikayət bu hissədə də təmin edilməməlidir. DYPŞ-nin əməkdaşı X4 qanunsuz əməllərinə görə qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, polis əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun və ya qəbul edilmiş qərarın əsaslı olub-olmaması ondan istər müvafiq icra hakimiyyəti orqanında (DİN), istərsə də məhkəmədə şikayət verilməsi yolu ilə araşdırılır. Əgər qərar və ya protokol əsaslıdırsa, qüvvədə saxlanılır, əks halda ləğv edilir. Aşkar etdiyi inzibati xəta hadisəsi ilə bağlı protokol tərtib etmək və ya qərar qəbul etmək səlahiyyəti yol polisi əməkdaşına həm Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, həm də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə verilmişdir. Bu səlahiyyətini icra etdiyinə görə, gəldiyi nəticənin əsassız olması halında belə, polis əməkdaşı barəsində əlavə məsuliyyət tədbirinin tətbiq edilməsini məhkəmə əsaslı hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində tərtib edilmiş 27 yanvar 2025-ci il tarixli, İXP ******* saylı “inzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş qərardan şikayəti qismən təmin edilsin, həmin protokol və qərar ləğv edilsin, iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-757/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-757/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver