Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7592/2025 16.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx xxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gecəzur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şahbuz rayonunun Ağbulaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş 16 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 10 oktyabr 2025-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində küçədə narkotik vasitə olan heroindən istifadə etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 40-cı PB-nin əməliyyat müvəkkili Vüsal Qurbanov 15 oktyabr 2025-ci il tarixdə, saat 11 radələrində inzibati ərazidə xidmətdə olarkən yolun kənarında bir nəfər şəxsin özünü qeyri-adekvat apardığını görüb, həmin şəxsə yaxınlaşmış, onunla söhbət apararkən həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğundan şübhələnib onu Bölməyə dəvət etmiş, Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş, Şəxs ifadəsində 5 gün əvvəl Sulutəpə qəsəbəsində narkotik vasitə olan heroin qəbul etdiyini etiraf etmişdir. Bu fakt tibbi rəylə də öz təsdiqini tapdığından, barəsində hazırkı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs ifadəsində göstərdi ki, o, həqiqətən də 10 oktyabr 2025-ci il tarixdə Sulutəpə qəsəbəsində küçədə narkotik vasitə olan heroin istifadə etmişdir. Lakin, narkotik vasitələrin aludəçisi deyil. Hazırda əməlindən peşmandır və məhkəmədən barəsində inzibati həbslə bağlı olmayan tənbeh tətbiq olunmasını xahiş edir. Tədqiq edilən sübutlar: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 oktyabr 2025-ci il tarixli, 6418 nömrəli rəyində göstərilmişdir ki, yoxlama zamanı ekspert-test üsulu ilə müayinə nəticəsində Şəxsdan götürülmüş sidik nümunəsində AMP(+), MET (+), MOP (+), MTD (+) aşkar olundu. Deməsinə görə, 1 ildir ki, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə edir. Müayinə zamanı Şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “İnzibati qaydada tutma haqqında” 15 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 11:25-də tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də şəxsin öz etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Şəxs törətmiş olduğu əməli səmimi etiraf etməklə, əməlindən peşmanlıq hissə çəkməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 15 oktyabr 2025-ci il tarixdən saat 11:25-dən hesablanmalı, habelə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 oktyabr 2025-ci il tarixdən, saat 11:25-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası inzibati həbsə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-7592/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7592/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver